ONN İnformasiya Agentliyi

3 mart Manaf Süleymanovun doğulduğu gündür

3 mart Manaf Süleymanovun doğulduğu gündür
03 Mart 2024 - 9:29

Unutmayaq, unutdurmayaq!

3 mart (1912 – 2001) yazıçı, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, geologiya-mineralogiya elmləri namizədi, dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi – Manaf Fərəc oğlu Süleymanovun doğulduğu gündür.

Süleymanov Manaf Fərəc oğlu 1912-ci ildə Lahıc qəsəbəsində anadan olub.

O, pedaqoji təmayüllü Bakı şəhər məktəbini müvəffəq qiymətlərlə başa vurub, Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsini birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi, dosent, Əməkdar mədəniyyət işçisi olub.

Əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənində mühəndislikdən başlayıb, neft-qaz geologiyası kafedrasının dosenti olmuş bu alim ədəbiyyatımıza “Yerin sirri” adlı romanla gəlib. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda gözəl publisistik-problematik məqalələr çap etdirib. Oxucular onun tərcüməsində C.London, C.Steynbek, O’Henri, P.Abrahams, S.Moem kimi görkəmli yazıçıların əsərlərilə tanış olublar.

Yazıçını bizə sevdirən isə onun sənədli materiallar, xatirələr əsasında qələmə aldığı Bakının tarixi, xüsusən, Bakı milyonçuları, qoçuları, habelə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simaları haqqında elmi-publisistik yazıları və kitabları oldu. Bu kitabların ara-ərsəyə gəlməsi üçün müəllif 30 il arxivlərdə yorulmadan çalışaraq məlumatları ipə-sapa düzüb. “Fırtına”, “Zirvələrdə”, “Dalğalar qoynunda”, “Şagirdlik illərim” və s. kimi bir çox ədəbi-publisistik və sənədli əsərlər müəllifi olan bu yorulmaz ədib-vətəndaşın “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”, “Son bahara çatdıq”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik Cumhüriyyət” və s. əsərlər bu qəbildəndir.

Özünəməxsus ifadə üslubu, hadisələrə yanaşma tərzi yazıçının bütün əsərlərini daha oxunaqlı və oxucuya yaxın edir. Oxucu sanki həmin dövrün şahidinə və hadisələrin iştirakçısına çevrilir.

Manaf Süleymanov 2001-ci ilin sentyabrın 12-də Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png