ONN İnformasiya Agentliyi

3 may Kamal Xudaverdiyevin doğulduğu gündür

3 may Kamal Xudaverdiyevin doğulduğu gündür
03 May 2023 - 15:17

Unutmayaq, unutdurmayaq!

Bu gün Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri Kamal Xudaverdiyevin doğum gününüdür.

Xudaverdiyev Kamal Ağahüseyn oğlu 1938-ci ildə Bakıda doğulub.

Ali təhsilini başa vurduqdan sonra Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla yalnız Akademik teatrda işləyib. Bu illər ərzində Raul («Orlean qızı», Fridrix Şiller), Fərman («Yalan», Sabit Rəhman), Lətif («Söz yarası» ,Qeybulla Rəsulov), Aslan («Kəndçi qızı» Mirzə İbrahimov), Laert («Hamlet» Uilyam Şekspir) kimi onlarla səhnə obrazı canlandırıb.

Aktyor teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında da hazırlanan tamaşalarda çoxlu obrazlar yaradıb.  İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım),Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy), Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi) kimi rollar bu qəbildəndir.

Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Ən vacib müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (ata), «Otel otağı» (alim), «Dədə Qorqud» (ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.

Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1991-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsü idi.

İstedadlı aktyor 2008-ci ildə ürək çatımazlığından vəfat edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png