ONN İnformasiya Agentliyi

5 iyul Nəsib bəy Yusifbəylinin doğulduğu gündür

5 iyul Nəsib bəy Yusifbəylinin doğulduğu gündür
05 İyul 2020 - 12:49

Unutmayaq, unutdurmayaq!

“Azərbaycan ideyasını siyasi bir tələb maddəsi şəklində formula etmək şərəfi mərhum Nəsib bəyindir” – M.Ə.Rəsulzadə

5 iyul (1881-1920) Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusif bəy oğlu Yusifbəylinin doğulduğu gündür. 

Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulmuşdur. Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar höku universiteti müvəqqəti olaraq ağladıqdan (1907) sonra, Nəsib bəy Bağçasaray şəhərinə (Krım) getmiş, burada İsmayıl bəy Qaspralının nəşr etdiyi “Tərcüman” qəzetində əməkdaşlıq etmişdir. Qaspralının qızı Şəfiqə Soltan xanımla evlənərək, bir müddət orada yaşamışdır. Krım tatarlarının ədəbi-mədəni həyatında fəal iştirak etmiş, Ə.Haqverdiyevin teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuş “Dağılan tifaq” dramında Nəcəf bəy rolunu oynamışdır. Ehtiyac üzündən təhsilini başa çatdıra bilməyən Nəsib bəy çar xəfıyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1908-cu ildə Türkiyəyə mühacirət etmişdir. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışan və tez-tez Bakıya gələn Yusifbəyli burada “Açıq söz” qəzeti redaksiyasında onun redaktoru Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuşdur.

Fevral inqilabından (1917) dərhal sonra Yusifbəyli Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmış (1917, mart), 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak etmişdir. 1917-ci ilin iyununda Türk Ədəmi-Mərkəziyyət partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” partiyası ilə birləşmiş, yeni partiya “Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat” adlanmışdır. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak etmiş, partiya proqramının müəlliflərindən biri olmuş, onun mərkəzi komitəsinin üzvü seçilmiş, Gəncə şöbəsinə rəhbərlik etmişdir.

Rusiya Müəssislər məclisinə nümayəndə seçilən, lakin Oktyabr çevrilişi (1917) baş verdiyi üçün Petroqrada gedə bilməyən Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirak etmiş, 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutmuş, milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifı və dini etiqad naziri vəzifələrini tutmuşdur. Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etdi. Xalq Maarifı Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi. 1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırıldı və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutdu. Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən N.Yusifbəyli bildirmişdi ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanınasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək. əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat. Yığıncaq və s. azadlıqları təmin etməkdir. Yusifbəylinin başçılıq etdiyi hökumət Denikin qüvvələrinin xaricdən, bolşeviklərin isə daxildən törətdikləri təhlükələrlə qarşılaşırdı. İyunun 5-də keçirilən parlament iclasında Denikinin könüllü orduları ilə bağlı məsələ təkrarən müzakirə olundu. Denikin təhlükəsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Dövlət Müdafıə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920 ilin martına kimi fəaliyyət göstərdi. Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması oldu. Bu münasibətlə yanvarın 14-də Yusifbəyli Azərbaycan xalqına müraciət etdi. Müraciətdə deyilirdi: “Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır. Hökumət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maneə və təhlükə yaranarsa belə, azad və müstəqil Vətənin xoşbəxtliyini təmin etmək üçün birləşəcəklər. Yaşasın müstəqil Azərbaycan xalqı!” Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması da Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfındən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. Məmməd Həsən Hacınskinin yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələndi. Aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfındən tanınmış müstəqil Azərbaycan dövləti – Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırıldı və onun ərazisi işğal olundu.

Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli 1920-ci il, may ayının 31-də yolda faciəli surətdə qətlə yetirildi.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png