“91-lər”dən məşhur professor prezidentə dəstək oldu!

Dəyərli həmvətənlərim, əziz qardaşlar və bacılar!

Nəsil-nəsil unudulmayacaq tarix budur ki, qeyrətli ulu
babalarımızdan bizə miras qalmış Vətənimizi işğalçı, qəddar imperiyanın 200
illik odlu zəncirini qıran, milli azadlıq yolunda onlarla şəhid verərək,
Azərbaycanın müstəqilliyini qazanan qüvvə Sizin-xalqımızın birliyində idi.
Unutmayaq ki, XXI əsr bəlalı əsrdir, hansı xalq bu əsrə yuxulu girsə, ölü
çıxacaqdır! Ancaq Azərbaycan xalqı Vətən naminə, torpaq naminə canından keçən,
qanlı düşmənlə göz-gözə dayanan, polad iradəsi, sağlam birliyi olan xalqdır.
Belə bir xalq ölər, ancaq düşmənə sınmaz!

Dünya ictimaiyyətinə də sirr deyildir ki, 30 ilə yaxın
20 faizdən artıq torpaqlarımızı işğal altında saxlayan, dovşandan qorxaq olan
hayların adı ilə bir milyondan artıq vətəndaşımızı öz doğma dədə-baba
torpaqlarından qan-qada içində qaçqın salan, Azərbaycanın müstəqilliyi ilə
barışmayan, Azərbaycanı özündən asılı saxlamağa çalışan qüvvələr hər vəclə
Vətənimizdə stabilliyi pozmağa cəhd edir.

Dəyərli həmvətənlər, torpaqlarımız işğaldadır, Vətən
uğrunda şəhidlərimizin qisasını hələlik ala bilməmişik. Lakin inanıram ki,
inşallah ən qısa zama içində şanlı ordumuz indiyə qədər itirdiyimiz bütün dədə
yurdlarımızı düşməndən azad edəcək və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Dəyərli həmvətənlər, son aylarda bəşəriyyət böyük bir
təhlükə ilə qarşı-qarşıya qalmaqdadır. Dünyada yayılan yeni növ koronavirus
infeksiyasının coğrafiyası dürmadan genişlənməkdədir. Bu beynəlxalq bəla
əfsuslar olsun ki, dünyanın bir parçası olan Vətənimizi də hədələməkdədir.

Dəyərli həmvətənlər, əziz qardaşlar və bacılar!  Bu da tarixi
bir cəngdir və birlik, bərabərlik tələb edən böyük bir sınaqdır! Bu bəladan
xilas olmaq üçün şəxsən öz ailələrimizin, başdan-başa bütün xalqımızın sağlam
xilası naminə mütəxəssislərin məsləhətlərinə sözsüz əməl etməli, hamılıqla
çəkici bir zindana vurmalıyıq.

Bu beynəlxalq bəladən mümkün qədər az zərər çəkmək
üçün dövlət öz üzərinə düşən qabaqlayıcı tədbirləri vaxtında görür və görməkdə
davam edir.

Mən xalqının, vətəninin taleyinə candan bağlı olan,
Vətənin ən ağır və fəlakətli dövrlərində dövlətçiliyini müqəddəs sevgi ilə
qorunmasında fəal iştirak edən və qorumağa hər zaman təmənnasız hazır dayanan
qorxmaz, çəkinməz bir vətəndaş ziyalı kimi dünən də, bu gün də özümü ümummilli
liderimizin məşhur “91-lər” siyasətinin sadiq əskəri hesab etmişəm və
edirəm.  

Elə bu baxımdan da cənab prezident İlham Əliyevin
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus
infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında
imzaladığı Fərmanı mən də Vətənin bir ziyalısı, içtimai-siyasi xadimi, bir alimi
kimi dəsdəkləyir və müvafiq hesaba bir vətəndaş kimi öz pensiyamdan ödəniş
etməyimi özümə Müqəddəs Borc bilirəm.

Bu Vətən bizim hər birimizindir. Unutmayaq ki, bizlər
bir yerdə güclü və yenilməz oluruq.

Tanrının məhəbbəti Azərbaycanımızı qorusun!

   Prof.Dr.  Əjdər Tağıoğlu (İsmayılov) “Turan Araşdırma Mərkəzi”nin sədri.    20.03.2020