Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən -Mirzə Cəlil

“Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur”- Cəlil Məmmədquluzadə

Unutmayaq, unutdurmayaq.

4 yanvar 1932 ci ildə böyük satirik, məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və idea rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq, publisist, yazıçı, jurnalist, ictimai xadim Cəlil Hüseynqulu oğlu Məmmədquluzadənin vəfat etdiyi gündür.

Cəlil Məmmədquluzadə 1869-cu il fevralın 10-da Türkün qədim yurdu, Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət tarixən Türkün dədə torpağı olan İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir (1887-1897).

İlk bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) hekayəsini də bu dövrdə yazmışdır.

Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi
püxtələşməsində «Şərqi – Rus» qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm
rolu olmuşdur. 1903-cü ildə yaratdığı “Poçt qutusu” əsəri 1904-cü ildə elə
“Şərqi-Rus” qəzetində çap olunmuşdur. 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin”
jurnalının ilk nömrəsi işıq üzü görür və müəyyən fasilələrlə nəşr olunan jurnal
1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə,
1922-1931-ci illərdə isə Bakıda nəşr olunur.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu və “Molla Nəsrəddin” adı ilə məşhur oldu. Elə həmin vaxtda onun Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. Cəlil Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, “Qeyrət” mətbəəsində axtarışlar aparır, bəzən də “Molla Nəsrəddin”in nəşrini dayandırırdı.

Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun ” Molla Nəsrəddin ” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.
Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirmişdir. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi ( ” Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verilmişdir.

Cəlil Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) Cəlil Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Şərur rayonunun Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.

4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat etmiş və “Fəxri Xiyaban” dəfn edilib. 

Allah rəhmət eləsin.

Cavid İsmayıl.