ONN İnformasiya Agentliyi

AMEA-da “Azərbaycanlılar” kitabı müzakirə edilib

AMEA-da “Azərbaycanlılar” kitabı müzakirə edilib
05 Aprel 2018 - 17:54

ONN media xəbər verir ki, aprelin 5-də AMEA Rəyasət Heyətinin növbəti iclasında Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatında çap olunmuş “Azərbaycanlılar” kitabı müzakirə edilib.

İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, “Azərbaycanlılar” kitabının rəyçisi, akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə REA Etnoqrafiya və Antropologiya İnstitutunun birgə fəaliyyətinin nəticəsi olan bu nəşri müasir akademik elmin mühüm nailiyyəti kimi qiymətləndirib. Akademik bildirib ki, 708 səhifədən ibarət olan kitabda azərbaycanlı anlayışının formalaşma prosesi, xalqımızın tarixi təşəkkül mərhələləri, ədəbiyyat və incəsənəti, etnoqrafiyası, maddi və mənəvi mədəniyyəti, sosial-ictimai və dini münasibətləri yüksək professional elmi-nəzəri səviyyədə təqdim olunub.

İ.Həbibbəyli qeyd edib ki, nəşrdə Azərbaycan xalqının milli-mənəvi maraqları və azərbaycançılıq dəyərləri əsas kimi qəbul olunub, zəruri hallarda qarşılıqlı inteqrasiya prosesləri haqqında da obyektiv materiallar öz əksini tapıb. AMEA-nın vitse-prezidenti vurğulayıb ki, kitabın xaricdə yaşayan azərbaycanlıların milli tərkibi, mənəvi dəyərləri haqqında xüsusi bölməsi azərbaycanlılar anlayışının müasir şəraitdə geniş təqdimatına imkan yaradır.

Bütün bunları nəzərə alaraq Rəyasət Heyəti “Azərbaycanlılar” kitabını AMEA ilə REA kollektivlərinin qarşılıqlı əlaqələrinin səmərəli elmi nümunəsi kimi dəyərləndirib və kitabın yaradıcı kollektivinin əməyinin qiymətləndirilməsini qərara alıb.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png