AMEA-da “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” əsərinin müzakirəsi keçirilib

Noyabrın 22-də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda tanınmış filoloq-tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı bir qrup tarixçilər, ziyalılar tərəfindən geniş müzakirə olundu.

Olaylar.az bildirir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Turan Araşdırma Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılan “Vətən namusdur! Vətən şərəfdir!  Vətən qorunacaq tək hədəfdir!” layihəsi çərçivəsində çap edilib. Tarixi sənədlər, xəritə və müxtəlif tarixi fotolarla zəngin olan əsərin elmi redaktorları tarix elmləri doktorları Tofiq Məmmədov və Kamal Əliyev, rəyçiləri professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir.

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günədək “böyük Armeniya” uydurmasına dair qondarma iddiaları alt-üst edir. Müəllif zəngin tarixi faktlar əsasında geniş araşdırma apararaq rusdilli nəşrlərdə coğrafi ərazi adı “Armeniya” olan sözün mənşəyindən danışır. Əjdər Tağıoğlu toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşən, eramızdan əvvəl III minillikdə zəngin mədəniyyətə malik qədim “Şupriya”nın ikinci adı olan “Arme” ilə əlaqələndirir. “Arme” adının “Armeniya” formasında yazılışınadək tarixi əsaslarla izahlar verir və bu şəkildə izləyir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq müəllif və onun yazdığı dissertasiyalar barəsində danışıb. Əjdər İsmayılovun həm fəlsəfə doktorluğu, həm də elmlər doktorluğu dissertasiyalarının Hüseyn Cavid irsinə həsr olunduğunu diqqətə çatdırıb. Eyni zamanda Əjdər İsmayılovun Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olaraq partiya yaranarkən onun Naxçıvandakı özəyinin ilk rəhbəri olduğunu xatırladıb.

Akademik kitabın məziyyətlərini belə ümumiləşdirib: “Bu kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” layihəsi çərçivəsində “Turan Araşdırma Mərkəzi” İctimai Birliyi tərəfindən nəşr edilmişdir. “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı təkmilləşdirilmiş üçüncü nəşrdir və Əjdər İsmayılovun yaradıcılığını küll halında təsəvvür etməyə imkan verir. Müəllif otuz ildir bu işlə məşğuldur və alim bu fundamental kitabla ümumi terminologiyadan ümummilli terminologiyaya getdiyini sübut edə bilmişdir”.

Azərbaycan MEA  Arxeologiya və Etnoqrafiya İnstitutu Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyev çıxışı zamanı bildirdi ki, milli mənəvi dəyəri olan bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var: “Bu cür tədbirlər haqqında insanlar, ictimaiyyət məlumatlanmalıdır. Məhz buna görə də mən Əjdər müəllimin kitabları dərc olunanda onlar haqqında  geniş məqalələr yazıb, dərc etdirirəm. Düşünürəm ki, Azərbaycan tarixinin qədim dövrü yenidən yazılmalıdr. Bu məsuliyyətli və çətin işi dəyərli ziyalımız, araşdırmaçı Əjdər Tağıoğlu öz çiyinlərinə götürüb. Bizdən sonra gələn nəsillər tariximizin qaranlıq yerinə məhz Əjdər müəllimin kitabları sayəsində məlumatlanacaq.”

Vəli Əliyev  bildirdi ki, Asiya və Ön Qafqaz türk tayları etnoqrafiyası, tarixi çoxşaxəli və araşdırmaq üçün uzun zaman tələb edən mürəkkəb mövzudur. Ön Qafqazda yaşamış qədim türk tayfalarının tarixi, mədəniyyəti araşdırılmalıdır.”

Vəli Əliyev dedi  ki, qoy ermənilər muzdlu tarixçilər sayəsində özlərinə saxta tarix yazsınlar: “Əjdər müəllimin kitabları ilə biz bu yalançı tarixi saxtakarlığı sındıra bilərik. Ulu öndər hər zaman deyirdi ki, yazdıqlarınız yazıları, kitabları elmi, obyektiv materiallar əsasında yazın. Bu gün Əjdər müəllim, biz yazdığımız bütün kitabları məhz ulu öndərin məsləhət gördüyü elmi araşdırmalar nəticəsində yazırıq.”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu   bildirdi ki, əsil alim odur ki, özündən sonra cığır açsın: “Əjdər müəllim vətənpərvər, milli ruhda olan ziyalılarımızdandır. O, Azərbaycan məfkurəsinə malik şəxsiyyətdir. Əjdər İsmayılov öz ömrünü Azərbaycan tarixinə, onun gizlin məqamlarının araşdırılmasına həsr edib. Ermənilər tərəfindən məhv edilən tariximizin yenidən yazılması, gənclərimizə tanıdılması naminə Əjdər müəllimə böyük ehtiyacımız var.”

Qafqazşünaslıq İnstitutunun Elmlər doktoru Qasım Hacıyev   qeyd etdi ki, tariximiz üçün böyük əhəmiyyətı malik olan bu kitab tərcümə olunub, dünya kitabxanlarında yerləşdirilməlidir: ” Əjdər Tağıoğlunun yazdıqları bu gün  Azərbaycanın qədim tarixinin araşdırılması, öyrənilməsi üçün dəyərli materiallardır. Ermənilərin yaratdıqları uydurma tarixi biz məhz Əjdər müəllimin kitabları sayəsində məhv edə bilərik. Bu kitablar universitetlərdə gənclərimiz, tələbələrimiz üçün əlçatan olmalıdır.”

Qasım Hacıyev   bildirdi ki, Əjdər müəllimin atası Tağı bəy də zamanında ermənilərə qarşı savaşıb və Əjdər müəllimin bu savaşkar xüsusiyyəti onda genetikdir.

Tədbirdə çıxış edən yazıçı- publisist Yunus Oğuz bildirdi ki, bu gün bu müzakirələrin Azərbaycan Milli Elmlər Akademiyasında aparılması çox sevindirici haldır: “1990 -cı ildə yazdığım “Qədim Anadolu və Azərbaycan türkləri”, “Türkün gizli tarixi” kitabları haqqında o zaman Tarix İnstitutunun direktoru olan İqrar Əliyev bildirdi ki, indiki gənclər yeni türk nəzəriyyəsi yaradırlar. Bu gün isə türklərin tarixindən əsərlər, araşdırmalar yazan şəxslərin kitablarının burada müzakirəsi bizim qələbəmizdir. Məhz Ədəbiyyat İnstitutunda mənim və Əjdər müəllimin iki kitabı geniş müzakirə olunub. Dəyərli ziyalılarımız kitablarımız haqqında öz fikirlərini bildiriblər

Bu gün türk tarixini, onların mədəniyyətini bir insan yox, bir institut araşdırmalıdır. Biz hələ Avrogen nəzəriyyəsini, tarixini, hətta mədəniyyətini də araşdırmalıyıq. Əjdər müəllimin sanballı və tarixi yükü olan araşdırmaları, kitabları bizlər üçün dəyərli mənbədir. Bu əsərlər sayəsində biz kimliyimizi, tariximizi gənc nəsillərə öyrətməliyik. Yaxşı olardı ki, belə dəyərli araşdırmaların davamını gənclər öz üzərlərinə götürsünlər. Əjdər müəllim, İsa (Həbibbəyli) müəllim kimi ziyalılarımızın xəstələnməyə haqqları yoxdur. Biz onların araşdırmalarından ilhamlanıb, həvəslənib yeni əsərlər yazırıq”.

Sonda çıxış edən alim və tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, Turan Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər İsmayılov müzakirədə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi. Araşdırmaçı alim çıxışında ermənilər və gürcülərin Qafqaz albaniyasında necə məskunlaşmaları, bu sahədə apardığı araşdırmalar haqqında qonaqlara məlumat verdi.

Qeyd edək ki, Əjdər Tağıoğlu kitabda çox maraqlı bir məqama toxunur və “Qafqaz Albaniyası” modelinin XIX əsrin əvvələrində “Türksüz Qafqaz” siyasəti aparan rus imperiyasının işğalçı-ideoloji maşını tərəfindən yaradıldığını xüsusi qeyd edir. Müəllifə görə müstəmləkəçi imperiyanın “Qafqaz Albaniyası”nı Kürün sol sahili

ilə Alban dənizi arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə məqsədi özünə etibarlı Şərq dayaqları yaratmaq üçün vaxtilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnmiş “xristian qardaşları”na Qafqazda qədim “erməni evi” və “gürcü evi” tikməkdir. Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilmiş bu qanlı siyasətə tarixi don geyindirmək üçün sovet dövründə “dostluq və qardaşlıq” pərdəsi altında xristian-bolşevik metodu əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının Qərb sərhədləri birmənalı olaraq dəyişdirildi. Bundan sonra Oğuz Albaniyasının Qərb ərazilərində cənubdan Dərəçam Oğuz nekropolundan şimala Qara dənizə tökülən Rion çayının sahillərinədək olan qədim insan məskənlərində aparılan arxeoloji qazıntı zamanı üzə çıxan maddi mədəniyyət abidələri dədə malı kimi ermənilərin və gürcülərin adına yazıldı. Əjdər Tağıoğlu bu kitabla ehkama çevrilmiş çoxsaylı tarixi “faktlar”ı canlı sübutlarla alt-üst edir.

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı-tarixi sənədlər, xəritə və müxtəlif tarixi fotolarla zəngin olan 800 səhifəlik monumental əsər ilk dəfə 2006-cı və 2008-ci illərdə Milli Elmlər Akademiyasının A.A Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib.

Həmçinin Əjdər İsmayılov (Əjdər Tağıoğlu) dünyanın nüfuzlu ABŞ Konqres Kitabxanasının virtual kataloquna azətbaycanlı alim, filoloq- tarixçi və siyasətçi kimi qeydə alınıb. Professor Əjdər ismayılova beynəlxalq İSNI kod verilməklə eyni zamanda dünyada istinad ediləsi mötəbər alim və əsərləri dünyada etibarlı mənbə kimi istinad ediləsi alim kimi göstərilib.

Professor Əjdər İsmayılovun ABŞ Konqres Kitabxanasının elektron kataloquna daxil edilən əsərlərindən 2006-cı ildə nəşr edilmiş “Qədim Ön Asiya və Ön Qafqaz Türk tayfaları” (səh.800) və “Dünya romantizm ənənələri və Hüseyn Cavid” (ilk nəşr 1982-ci ildə “Yazıçı”, təkrar nəşr 2017-ci “Elm və təhsil” nəşriyyatı, səh.220) əsərləri də yer almışdır. Olaylar

Nigar Adil