Ayıltmadı qələmim, şu türk ilə əcəmi…

Unutmayaq, unutdurmayaq!

24 fevral (1864-1940) Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan – türk içtimai fikrinin ən görkəmli nümayəndələrindən biri, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim,  Turançılıq məfkurəsinin böyük siması, üçrəngli bayrağımızın ideya müəllifi, XX əsr Azərbaycan mətbuatı və publisistikasısı sahəsində müstəsna xidmətləri olan jurnalist – Əli bəy Hüseynzadənin (Əli Hüseyn Turan) doğulduğu gündür.

Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Əli bəy Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür.

Tiflisdə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində altısinifli məktəbdə (1870-1875), birinci şəhər gimnaziyasında (1875-1883) oxuyub, Peterburq Universitetinin Fizika-riyaziyyat (1885-1889), İstanbul Universitetinin Hərbi tibb (1890-1895) fakültələrində ali təhsil alıb.
Əmək fəaliyyətinə 1897-ci ildə İstanbulda Heydərpaşa xəstəxanasında həkim olaraq başlayıb, 1900-cü ildən İstanbul Universitetində Dəri-zöhrəvi xəstəlikləri kafedrasında professor köməkçisi (dosent) vəzifəsində çalışıb.

Əli bəy Hüseynzadə uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.

O, 1903-cü ildə Türkiyədən Bakıya köçməyə məcbur olur. Xarici ölkədə təhsil aldığına görə Rusiya ərazisində həkim işləməsinə icazə verilmədiyindən Əli bəy Hüseynzadə jurnalistika sahəsində çalışır, “Kaspi” və “Bakı” qəzetlərində yazılarla çıxış edir.

Əli bəy Hüseynzadənin çoxşaxəli fəaliyyətinin təməlində turançılıq məfkurəsi dururdu. O, türk xalqlarının milli birliyi, milli dövlətçilik ideyasını ilk dəfə irəli sürüb, onun elmi-nəzəri əsaslarını işləyib hazırlamışdır. 1905-ci il inqilabından sonra türkçülük məramnaməsini “Həyat” qəzetində, “Füyuzat” jurnalında dərc etdiyi “Türkçülük kimdir və kimlərdən ibarətdir?”, “Yazımız, dilimiz”, “Türk dilinin vəzifeyi-mədəniyyəti” və digər məqalələrində geniş surətdə şərh edib.

1907-ci ildə “Füyuzat” jurnalı bağlandıqdan sonra Əli bəy Hüseynzadə pedaqoji fəaliyyət göstərib, Bakıda “Səadət” məktəbinin müdiri olub, “Tərəqqi” və “Həqiqət” qəzetlərində çalışıb, məşhur “Siyasəti-fürusət” əsərini hissə-hissə nəşr etdirib.

Türkiyədə Sultan Əbdülhəmid taxtdan salındıqdan sonra inqilabçı yoldaşları olan gənc türklərin dəvətilə 1910-cu ildə Türkiyəyə gedib, İstanbul Universitetində professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirib. Məhəmməd Əmin Rəsulzadə ilə “Türk ocağı” dərnəyində çalışıb, I Dünya müharibəsi (1914-1918) illərində “Turan” türk birliyinin tərkibində Qərbi Avropa dövlətlərinə gedərək, türkçülük təbliğatı aparıb. Görkəmli türkoloq alim kimi, 1916-cı ildə Berlində “Türk qövmləri konqresi”ndə, 1926-cı ildə Bakıda türkoloji qurultayda iştirak edib.

Türk dünyasının böyük oğlu Əli bəy Hüseynzadə, 1940-cı il martın 17-də İstanbulda vəfat edib.

Allah rəhmət eləsin.