ONN İnformasiya Agentliyi

Azərbaycan Laçın yolu ilə bağlı təcili addım ata bilər

Azərbaycan Laçın yolu ilə bağlı təcili addım ata bilər
24 Noyabr 2021 - 15:27

“Paşinyan yenə çərənləyib ki, Ermənistan ərazisi boyunca nəqliyyat dəhlizlərinin açılmasına imkan verməyəcək. O, öz fikrini bununla əsaslandırır ki, üçtərəfli bəyanatda dəhliz ifadəsi yoxdur. Başqa sözlə, üçtərəfli bəyanatın 9-cu bəndində dəhliz ifadəsi işlədilməmişdir. Amma Paşinyan unudur ki, həmin bənddə “maneəsiz hərəkət” ifadəsi yer almışdır ki, bu da nəzarət-buraxılış məntəqəsi olmadan hərəkəti nəzərdə tutur”.

ONN media xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcək:

“Əgər Zəngəzur ərazisindən Naxçıvan MR ilə Azərbaycanın hərb rayonları arasında nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili nəzərdə tutulubsa, deməli, burada söhbət dəhlizdən gedir. Və həmin yolda Ermənistanın heç bir nəzarət imkanı olmayacaq. Ermənistan yalnız həmin dəhliz üzərində təhlükəsizliyə zəmanət verən ölkədir. Necə ki, üçtərəfli bəyanatın 6-cı maddəsində Azərbaycan Laçın dəhlizi üzərində nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir, eləcə də Ermənistan Zəngəzur dəhlizi üzərindən eyni qaydada təhlükəsizlik zəmanətini vermişdir.

N.Paşinyan iddia edir ki, dəhliz ifadəsi Laçın dəhlizinə münasibətdə işlədilmişdir. Amma o bununla yaddan çıxarır ki, Laçın dəhlizi ifadəsinin yanında maneəsiz hərəkət ifadəsi yoxdur. Digər tərəfdən əgər Ermənistan Laçın dəhlizindən istifadə edirsə, bəs onda Azərbaycan niyə Naxçıvanla əlaqə üçün Ermənistan ərazisindən keçən dəhlizdən istifadə etməsin? Əlbəttə, bu cür linqivistik barrikadalar qurmaq son nəticədə regionda kommunikasiyaların açılmasına maneə törədəcək. Ermənistan söz oyunu oynamaqdansa, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Əks halda, proses Ermənistanın ziyanına işləyəcək. Çünki o dəhliz nəyin bahasına olursa-olsun, açılacaq. 
  
Ermənistan hələ başa düşə bilmir ki, regionda Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edəcəkdir. Azərbaycan İran vasitəsilə və hava yolları ilə Naxçıvanın blokadadan çıxmasını hələ uzun müddət bundan əvvəl təmin edib. Eyni zamanda Naxçıvanın Türkiyə və İranla sərhədi vardır.  

Ermənistana artıq ilkin dərs verilib. Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində nəzarət-buraxılış məntəqələri qurulub. Ermənistan qeydiyyatında olan nəqliyyat vasitələrindən Azərbaycan qanunlarına uyğun olaraq rüsum toplanılır. Vəziyyətin bu həddə gətirilməsində günahkar Ermənistan özüdür. 

Ermənistan əgər Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqda davam etsə, Azərbaycan da Laçın yolu ilə bağlı əlavə tədbirlər həyata keçirə bilər”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png