ONN İnformasiya Agentliyi

“Bakının dərdi var, Bakı xəstədi”… Züleyxa NADİR yazır

“Bakının dərdi var, Bakı xəstədi”… Züleyxa NADİR yazır
28 Yanvar 2020 - 12:00

Xüsusi olaraq, ONN media üçün.

Hər bir kəndin, şəhərin  səviyyəsi onun yolundan və küçəsindən başlayır. Yollar abad, küçələr  səliqəli olursa həmin ərazidə yaşayış səviyyəsi də yüksək olur. İnsanlar yaşadığı ərazidə səliqə-səhman görəndə, abadlıq-quruculuq işlərinə şahidlik edəndə yaşamaq eşqi güclənir,  dövlətə etibarları artır. Dünyanın inkişaf etmiş ölkələrində bu, belədi. Xüsusilə də paytaxt şəhərlər öz gözəlliyi və təmizliyi ilə diqqət çəkir.

Bəs, Azərbaycanda necədi? Paytaxtımızın küçələrində arzu olunan abadlığı, istənilən təmizliyi görmək mümkünmü? Öncə onu deyim ki, Bakı son 20 ildə inanılmaz dərəcədə  dəyişib, gözəlləşib. Sovetlər dövründən fərqli olaraq indi şəhərdə göz oxşayan  bağlar, parklar, gəzinti meydançaları, bəlkə də  çox ölkələrlə müqayisədə tayı-bərabəri olmayan Bulvar, müasir tikililər, hündür binalar, asfalt küçələr müstəqil Azərbaycanın  xalqa verdiyi böyük nemətdi. Hər il Bakıya gələn turistlər bu gözəlliklərdən zövq alaraq təkrar gəlmək istəyi ilə ölkələrinə dönürlər. Nə gözəl! Amma bütün bunlarla yanaşı paytaxtın heç də hər yeri haqqında bu sözləri söyləmək  mümkün deyil. Yadıma Səməd Vurğunun “Bakının dərdi var, Bakı xəstədi” misrası düşür. Şairin  “26-lar” poemasında yazdığı bu sözlərin alt qatında gizlətdiyi məna o dövrün siyasi-ab havasını əks etdirirdi.  Amma nə yazıq ki, həmin sözləri bu gün üçün də səsləndirmək mümkündü. İndi də Bakı xəstədi, indi də Bakının dərdi var. Bu xəstəliyin, bu dərdin adı “küçə ticarəti”di. Şəhərin həm kənar məhəllələrində, həm də bəzi mərkəz yerlərində  küçə ticarəti fəaliyyət göstərir. Ola bilsin ki, kənar yerlər gözdən uzaq, könüldən iraq düşdüyü üçün əlaqədar qurumların diqqətini  çəkmir. Bəzən də ticarətçini qınamaq olmur. Bir parça  çörək üçün, dolanışığını normal etməkdən ötrü rayondan gələn  kəndli şəxsi avtomobili ilə küçələri gəzərək müştəri cəlb etməyə məcbur olur. Əlbəttə, bunun tərəfdarı deyiləm. Çünki bu, həm də vergidən yayınmaqdı. Amma düşünəndə ki, nəhəng ticarət mərkəzləri belə  bəzən  dövləti aldada bilirlər, vergini az ödəmək üçün qanunsuz yollara əl atırlar, o zaman küçədə alver edənlərə haqq qazandırmaqdan başqa yol qalmır.

Amma mərkəzdə – dövlət qurumlarının gözünün qabağında, əlaqədar təşkilat rəhbərlərinin yolunun üstündə olan  qanunsuz küçə ticarətinə haqq qazandırmaq olmaz. Xoş olmayan fakt odur ki, belə ticarət obyektlərini bəzi qövlət qurumları təşkil edir, ya da nəzarət onların əlində olur. Kənar yerlərdən fərqli olaraq burada qurulan çadırlarda mağaza və marketlərdə  olan istehlak malları satışa çıxarılır. Doğrudu, bayram günlərində Bakının çox yerlərində bu və buna bənzər çadırlar fəaliyyət göstərir. Amma onlar  kənd təsərrüfatı məhsullarının yarmarkasıdı, qanunu fəaliyyət göstərirlər. Bunu dövlət özü  təşkil edir ki, kəndli özü öz malını birbaşa satışa çıxarsın ki, şəhər əhalisi ekoloji təmiz meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullları ilə təmin olunsun. Həm də yarmarkalarda qiymətlər bazar və marketlərdən bir qədər ucuz olur. Bəs, ilin qalan  günlərində insanların sıx olduğu küçələrdə, metro stansiyaların üstündə fəaliyət göstərən  çadırların adı nədi? Halbuki Azərbaycanda  küçə ticarəti  rəsmən altı il əvvəl ləğv edilib. Belə çıxır ki, dövlətin qanunlarını tapdalayan, onun rəsmi göstərişini heçə sayanlara heç kimin gücü  çatmır. Son sözlərimə bəlkə də etiraz edən tapılacaq və deyəcək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir. Xub! Razılaşıram! Amma qazanılan böyük məbləğin yanında həmin 80 manat çox az deyilmi? Ola bilsin ki, onlar vergi qanunvericiliyində nəzərdə tutulmuş maliyyə sanksiyasından çəkinərək vergi ödəyirlər, buna şübhəm yoxdu. Çünki əks halda onları 40 manatdan 1200 manata qədər cərimə gözləyir. Amma bu da əsas vermir ki, şəhərin gözəlliyinə xələl gətirmək hesabına olsa belə, büdcəni doldurmağın xatirinə hər şeyə göz yummaq lazımdı. Əminəm ki, bu hal Azərbaycan qanunvericiliyində əks olunmayıb. Bu cür ticarət  xoş niyyətdən xəbər vermir.

Vaxtilə Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinə rəhbərlik edərkən  küçə ticarəti ilə çox ciddi mübarizə apardı. Bakının küçələrini, binaların arasını, dalanları, keçidləri antisanitariyadan təmizlədi. Hər addımbaşı rast gəlinən ticarət “toçkaları”  aradan qaldırıldı. Şəhər əhalisinin yolu ustə gəliş-gedişə mane olan xırda bazarlar onun sayəsində  mərkəzdən yoxa çıxdı. Amma indi həmin “toçkalar” yenidən peyda olub, özü də möhtəkirlərin əlində fəaliyyət göstərir. Bu “toçkalar” daimi işlək yarmarkaların təşkil olunmasına mane olurlar. Görünən o ki, onların arxasında dayanan məmurlar Bakı şəhər İcra Hakimiyyətini saya salmırlar. Ölkə prezidenti İlham Əliyev hər zaman xalqın xidmətçisi olaraq ona  xidmət etdiyini diqqətə çatdırır. Amma bəzi  məmurlar bunu etmirlər, daha doğrusu, özlərinə sığışdırmırlar. Ölkə rəhbərinin səsinə səs vermək əvəzinə xalqdan  götürdükləri qazancla xalqı aşağılayırlar.

Əslində inkişaf etmiş ölkələrdə də bənzər küçə ticarəti fəaliyyət göstərir. Bu, onlarda şəhər mədəniyyətinin təzahürü kimi təqdim olunur. Həm də onlarda küçə ticarəti yalnız turistlər üçün nəzərdə tutulub. Və həmin ölkənin atributlarını özündə əks etdirən suvenir, gül-çiçək, antik əşyalar, müxtəlif sənət nümumələri, əsasən də rəsm əsərləri satılır. (Doğrudu, bizim İçərişəhərdə də turistlər üçün nəzərdə turulmuş bu cür satış nöqtələri var, o başqa mövzudu. Bu yazının mövzusu isə  Bakının mərkəz  küçələrindəki alver haqqındadı). Həm də bu cür satış çox gözəl formada, göz oxşayan dizayn edilmiş piştaxtalarda olur.  Antisanitariyadan isə söz açmağa dəyməz. Çünki satış zamanı qarşıya  qoyulan əsas tələb gigiyenik normalara əməl etməkdi. Amma bizdə necədi?  İnsanlara limon, balıq, toyuq, kolbasa, meyvə-tərəvəz, bəzən də ucuz pal-paltar  və s. təklif olunur. Özü də bu cür ərzaq məhsulları çox vaxt köhnə, xarab məhsullar olur.

Madam ki, küçə ticarəti qaçılmazdı, olmazmı inkişaf etmiş ölkələrin bu sahədəki təcrübəsinə əsaslanaraq, kimsəni incitmədən, hər kəsin  xoşuna gələcək formada ticarət aparılsın? Olmazmı ki, yazıq, fağır satıcının başının üstünü az qala  hər gün 5-6 qurumun nümayəndəsi kəsdirib pul tələb etməsin?  Olmazmı ki, azərbaycansayağı  bu küçə ticarəti ləğv olunsun? Olmazmı Bakımız gözəlliyinə və ətraf mühitin təmizliyinə görə dünyanın ən təmiz şəhərləri sırasında birinci yerdə dayansın?  Olar… əlbəttə, olar!

Yalnız bu halda Bakı əvvəldə dediyim xəstəlikdən və dərddən xilas olar…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png