ONN İnformasiya Agentliyi

Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır

Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
01 İyul 2021 - 11:30

Züleyxa NADİR xüsusi olaraq ONN media üçün.

Jurnalist həmkarlarımın dəfələrlə yazdığı  zibillik, natəmizlik mövzusuna  qayıtmağım təkrarçılıq  olsa da,  bu mövzu hələ aktuallığını itirməyib, necə deyərlər, həmişəki  kimi  “təzə” qalıb. Ona görə də bu gün doğma Bakımızın küçələrində yığılıb qalmış qalaq-qalaq zibilləri, çirkab sularını görüb yanından etinasız keçə bilmədiyim üçün və özümün də dəfələrlə əlaqədar təşkilatlara bu barədə tədbir görmələrini xahiş etməyimə baxmayaraq  yenidən yazmaq qərarına gəldim. Ümidvaram ki, əlaqədar səlahiyyət sahibləri  bu yazıya etinasız və layeyd qalmayacaqlar.

Ötən  illərllə müqayisədə Bakı çox gözəlləşib. Məşhur bir mahnıda deyildiyi kimi, Bakı  gözəl şəhər, mehriban diyardır. Ancaq biz bu gözəlliyi qoruya bilirikmi? Onu hiss edə bilirikmi? Əlbəttə, yox. Əks təqdirdə gündən-günə dəyişən, gözəlləşən, böyüyən Bakımızın küçələrini, parklarını  «bəzəyən» zibillərin yanından özümüzü bilərəkdən, yaxud  da biməyərəkdən görməməzliyə vurub laqeyd keçməzdik. Görəsən biz niyə beləyik? Yoxsa Allah belə yaradıb bizi? Təbii ki, yox. Sadəcə olaraq, vərdiş etmişik.  Məşədi İbad demişkən Bakını çirkli və zibilli görməyə  bir növ adətkarda olmuşuq.

 “Hər gözəlin bir eybi olar” deyiblər. Lakin adını çəkdiyim bu eyib  gözəl Bakının deyil, özümüzün xasiyyətimizdəki eybəcərlikdir və biz  onu paytaxtımızın füsunkar yerlərinə hopdurmağa çalışırıq. Bu yazıda əsasən iki parkın adını çəkəcəm: Dədə Qorqud və Koroğlu. Hər iki ad Azərbaycan xalqının qəhrəmanlıq tarixini özündə yaşadanlardı. Məntiqlə insanlar, ən azı, bu adlara hörmətlə yanaşmalı, gəzdikləri, oturduqları, istirahət etdikləri məkanın səliqəsinə diqqət etməlidirlər. Amma bu, belə deyil. İş elə gətirib ki, son vaxtlar bir neçə dəfə həmin parklarda gəzmək fürsətim olub. Və hər dəfə də diqqətimi çəkən natəmizlikdən dolayı çox narahat olmuşam. Kənara qoyulan zibil qutularının əksəriyyəti boşdur, zibillər isə ətrafda, əkilən güllərin, çiçəklərin üzərindədir, daha doğrusu, orada oturub dincələnlər, yoldan keçənlər əllərinə nə keçdi atıblar. Dədə Qorqud parkının ortasında yaradılan süni göl çox gözəldi. İnsanlar qayıq gəzintisinə çıxırlar, amma qayıqda tum çırtlayan, konfet yeyən, digər kağıza bükülü ərzaqlardan isifadə edənlərin bəziləri zibillərini suya atırlar. Bunun adı anormallıqdı. Ağrılı olan odur ki, bu zibillər yığışdırılmır, üfunət iyi verir. Göldəki süyun üzündə qayıqlarla bərabər zibillər də üzür.

Koroğlu parkında isə başqa bir natarazlıq hökm sürür. Parkda əməlli-başlı təhlükə yaradan elektrik xətləri adamın “gözünə girir”. Naqillər ağaclara bağlanıb. Ağacın altındakı oturacaqdan istifadə edən insanlar hər an bu təhlükə ilə qarşılaşa bilərlər. Möhkəm külək həmin naqili insanların üstünə sala bilər. Halbuki  çox gözəl elekitrik dirəyi var. Amma nədən əlaqədar qurumlar elektrik naqillərini o dirəyə deyil, ağaclara bağlayıblar?  Hələ onu demirəm ki, həmin dirəklərin otrtasındakı boşluqdan insanlar zibil qutusu kimi istifadə edirlər. Siqaret kötüyü, tum qabığı, konfet kağızı və s. bu kimi zibillər elektrik dirəklərini “bəzəyir”.

                                                 ***

Danışanda hamı təmizlikdən, gözəllikdən dəm vurur, Bakını sevdiklərindən ağızdolusu söz açır. Sən demə bu sevgi elə-belə, gəlişi gözəl sözlərdən ibarətdir. Bu gün dönüb çox da uzaqda qalmayan sovet dövrünə baxanda içimizdən xoş bir hiss keçir. O zamanlar Bakının parklarında indiki kimi zibil tullantıları qalaq-qalaq yığılıb qalmazdı. Səhər obaşdan – bakılılar yuxudan oyanmamış küçələr yuyulardı, parklar təmizlənərdi. Parka daxil olanda  təkcə ordakı çiçəklərdən, güllərdən deyil, görülən işlərdən də gül qoxusu gəlirdi.  Bir dəfə televiziorda “Gün keçdi” filmi göstərilirdi.  Yeniyetmə oğlum filmdə küçələrin  maşınlarla yuyulduğunu görüb təəccübləndi: “Ana, bura Bakıdı? Bəs, bizim küçəni niyə yumurlar”? “Onda başqa zəmanə idi, oğlum” deməkdən başqa söz tapmadım.  O da başqa sual vermədi. Ya cavabım onu qane etdi, ya da elə  başa düşdü ki,  mən zəmanənin fərqini zibilli küçələrlə ölçürəm. Yaxşı ki, kinolentlər şahid kimi yaşlı və orta nəslin gördükləirini, bildiklərini və eşitdiklərini öz yaddaşında saxlayıb.

Kimdir günahkar? Bakı sakinləri,  yoxsa Bakının təmizliyinə birbaşa cavabdehlik daşıyan əlaqədar qurumlar? Cavab aydındır: hər ikisi. Lakin birincilərin vəzifəsi və məsuliyyəti ikincilərin cavabdehliyindən daha üstündür. Doğrudur, şəhərin bir çox küçələri, xüsusilə də mərkəzi hissəsi  olduqca təmiz və səliqəlidir. Son zamanlar isə demək olar ki, paytaxtın mərkəzi  küçələri tamamilə  dəyişib. Buna nə demək olar? Adamın ağzı əyilər xoşagəlməz söz işlətsə. Amma elə yerlər də var ki, xüsusilə mərkəzdən uzaq küçələr, gediş-gəlişin seyrək olduğu dalan və döngələrdə zibillik “göz oxşayır”.

Zibilliyin və çirkabın baş alıb getdiyi bu küçələrdən birində şahidi olduğum  səhnəni nəzərinizə çatdırmaq istəyirəm. Küləkli bir gün idi.  Güclü küləyin təsirindən ətrafdakı zibillər, xüsusən də yüngül kağız parçaları, polietilen torbalar və digər məişət əşyaları kəpənək kimi havada uçurdular. Çox xoşagəlməz mənzərə idi. İnsanlar dayanacaqda avtobus gözləyirdilər.  Cürbəcür qayğı, müxtəlif fikirlərlə yaşayan bu insanlar heç nəyə əhəmiyyət  vermirdilər. Onları  yalnız bu zibilliyin içində dolub-boşalan avtobuslara tez minib evlərinə getmək maraqlandırırdı. Tez-tez mindiyim avtobusda rast gəldiyim kor oğlan da marşrut gözləyən sərnişinlərin arasında idi. Siqaret çəkirdi. Ətrafdakı natəmizlikdən xəbəri yox idi. Siqaretini çəkib qurtardıqdan sonra əlində tutduğu balaca çantasından ağzı qapaqlı bir qab çıxardı, siqaret kötüyünü onun içinə qoyub çantasına yerləşdirdi. Başqalarını bilmirəm, kor oğlanın bu nəcib hərəkəti mənim diqqətimi çəkməklə yanaşı, həm də içimdə xoş bir hiss oyatdı. Fikirləşdim: «Bu oğlan bu an nə qədər xoşbəxtdir, ən azı, ona görə ki, yan-yörəsində, başının üstündə uçuşan, eləcə də ayağının altındakı zibilləri görmür. Ona görə də elə bilir ki,  siqaret kötüyünü yerə atsa təmizliyə xələl gətirər. Biz gözlülər isə gözümüzü  rəngli eynəklərlə örtərək  natəmizliyi görməməyə çalışırıq».

 Olduqca ibrətamiz bir səhnə idi. Avtobusa minib evə gedəndə yolboyu fikirləşirdim ki, əlaqədar səlahiyyət sahibləri onsuz da  mərkəzdən uzaq olan bu yerlərə gəlmir,  çirkab basmış ərazilərdən keçmir, zibillikləri görmürlər. Heç olmasa biz – görən, duyan, hiss edən adamlar kor oğlanın bu hərəkətindən nümunə götürək. Özümüz öz qayğımıza qalaq, günahkar axtarmayaq.  Şəhər sakinləri üçün problemə çevrilmiş bu məsələ hansısa bir idarəyə ayaq döyməkdən, əsəb itirib stressə düşməkdən keçmir. Yəni bunu biz paytaxt sakinləri özümüz də həll edə bilərik. Hərə öz yaşadığı  küçənin, binanın, blokun təmizliyinə fikir versə, parklarda əlinə gələni yerə deyil, zibil qutularına atsa,  avtomobildən düşməyi əziyyət bilərək zibili avtomobilinin pəncərəsindən qutuya atmasa (o da düz nişan almayanda zibil qutusuna düşmür ) vallah, şəhərimiz gül kimi, tərtəmiz qalar. Buna niyə əməl etmək istəmirik? 

Hələ bəzi parklardakı ağacların gün-güzəranına baxanda adamın ağlamağı gəlir. Susuzluqdan yanmaları bir yana qalsın, dibləri natəmiz kökə salındığından yazıqlar quruyub məhv olurlar, budaqları polietitlen  torba qırıntıları, kağız parçaları, nə bilim daha nələrlə doludur. Ümummili liderimiz Heydər Əliyev demişdi: «Bir ağac kəsən elə bilsin ki, mənim qolumu kəsir».  Ağacları susuzluqdan və çirkabdan qurutmaq,  ya da onu kəsmək – nə fərqi var? Özü də bu nətəmizliyi yaradan o kəslərdir ki, bir ağac kəsiləndə car çəkib aləmi bir-birinə qatır, televiziyaları, əlaqədar təşkilatları tərpədirlər. Bax, buna deyilir yalançı təəssübkeşlik, saxta vətənpərvərlik!

                                                     ***

 Bəzən də insanlar bələdiyyələrdən umurlar. Tələb edirlər ki, az qala evlərinin içinə  qədər “ayaq açmış” zibili  yerli özünü idarəetmə qurumu təmizləsin.  Doğrudur, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda  yerli ekoloji proqramlar nəzərdə tutulub. Qanunun 6-cı maddəsində deyilir: “Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər”. Təbii ki, bələdiyyələr bu maddənin tələblərinə uyğun olaraq öhdələrinə düşən işi az və ya çox dərəcədə görməyə çalışırlar. Ancaq əminliklə demək olar ki, bu məsələdə  sakinlər bələdiyyənin işini asanlaşdırmaq, ona kömək etmək əvəzinə daha da qəlizləşdirirlər. Olmazmı ki,  hər bir vətəndaş  öz vəzifəsini icra etsin? Qanunla təsbit olunmuş formada yox, adi vətəndaşlıq, insanlıq naminə, ən nəhayət şəxsi məsələsi , lap elə deyək ki, evinin içi, süfrəsinin başı kimi can yandırsın. Yox, canım, bu mümkün deyil.  Yaşadığımız şəhəri sevsəydik, bəlkə onda mümkün olardı. Yoxsa ki, “canım Bakı, gözüm Bakı”… mübaliğələr, şişirtmələr, nə bilim daha nələr, nələr.  Məlum olur ki, bunlar yalnız gəlişi gözəl sözlərdir. Əlində qılınc hər kəsin başının üstündə durub demək olmaz ki, ay filankəs, zibili qutuya at, ay filankəs, küçəni zibilləmə. Ay adam, park dincəlmək, gəzmək, istirahət etmək üçündü, zibil atmaq üçün deyil! Vallah, bəlkə doğrudan da bizim başımızın üstündə bir qılınc xofu olmalıdır. Axı, biz “qılınc müsəlmanıq”.

Biz düzəlmirik ki, düzəlmirik. Heç nə, heç kim bizə təsir etmir.  Xəzərimizdən tutmuş, Bakımızın dörd bir yanını çirkləndirməklə məşğuluq. Nə vaxt bu adətimizdən əl çəkəcəyimiz də məlum deyil, bəlkə də mükünsüzdür. Halbuki biz Vətən Müharibəsində Zəfər qazanmış xalqıq. Biz 44 gün dünyaya birlik nümayiş etdirdik. Biz erməniyə diz çökdürdük. Amma biz “zibilləmək” vərdişimizdən əl çəkə bilmirik. Biz bu vərdişimizə müharibə elan etməkdən qorxuruq.

İsti yay günləri bir aydı başlayıb. Salınan zibilliklərin koronovirusdan betər hansısa ölümsaçan xəstəliklər yayacağından hələ də xəbərsizik. COVID-19 virusundan xilas olduğumuz kimi “zibillik”  mikrobundan da can qurtarmalıyıq. Digər yandan da əlaqədar qurumların vecsizliyi bizi “öldürür”. Bu vecsizlik bizi laqeydlik, etinasızlıq  kimi mənfur xəstəliyin daşıyıcısına çevirib. Həmin xəstəlikdən xilas olmağın çox sadə, həm də klassik forması var. Bu xəstəliyə tutulmayan hər bir sağlam adam  digərini təmizliyə əməl etməyə çağırmalı, bunu ondan təkidlə tələb etməlidir.

Şəxsən mən belə edirəm…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
Bakının gözəllikləri və zibillikləri – Züleyxa NADİR yazır
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png