ONN İnformasiya Agentliyi

Bu gün Elza İbrahimovun doğum günüdür

Bu gün Elza İbrahimovun doğum günüdür
10 Yanvar 2023 - 9:31

Unutmayaq, unutdurmayaq!
10 yanvar (1938 – 2012) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti bəstəkar Elza İbrahimovanın doğulduğu gündür.

Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olmuşdur. Bakı şəhərində 8 saylı musiqi məktəbini, 1957-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə o vaxtkı Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır

Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan “Qurban verərdim”lə bərabər “Sən mənə lazımsan” (söz. Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, “Afət”, “Şeyx Şamil” və “Yanan laylalar” operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.

1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülmüşdür

Görkəmli bəstəkar 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png