ONN İnformasiya Agentliyi

“Burda mənəm, Bağdadda kor xəlifə” deyənlərə… – Cavid İSMAYIL yazır

“Burda mənəm, Bağdadda kor xəlifə” deyənlərə… – Cavid İSMAYIL yazır
14 Avqust 2020 - 10:30

“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”- ümummilli lider Heydər Əliyev.

Əfəndilər, hər birimizə bəllidir ki, neçə aylardır dövlətimiz məlum pandemiya səbəbindən hər gün milyonlarla manat vəsait itirir. Cənab prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, bizim üçün əsas məsələ insanlarımızın sağlamlığı, insanlarımızın həyatıdır.

Dəfələrlə mütəxəssislərin rəylərinə əsasən müəyyən edilən qaydalara uyğun olaraq cənab prezidentin özü maska taxıb və  qapalı yerlərdə maskada olmağın  vacibliyini vurğulayıb. Doğrudur, indi insanlarımızın əksəriyyətinin maskadan istifadə etdiyini müşahidə edirik. Lakin dəfələrlə diqqətimi çəkən bir məsələ olub ki, bunu da hər zaman qeyd etmişəm.

Nazirlər Kabineti müəssisə və təşkilatlar üçün xüsusi iş rejimi müəyyən edib. Bu qaydalara əsasən ara məsafəsi qorunmalı, dezinfeksiya məhlullarından istifadə edilməli, iş yerlərinə daxil olan işçilərin hərarəti ölçülməli, yaş məhdudiyyəti, qrafiklə iş rejimi və s.təmin olunmalıdır. Məsələ ondadır ki, sosial şəbəkələrdə bir sıra idarə və  təşkilatlarda müəyyən edilmiş xüsusi qaydalara əməl edilmədiyi mütəmadi işıqlandırılır. Ən acınacaqlısı və mən deyərdim faciəlisi odur ki, bu sırada  dövlət təşkilatlarına da rast gəlinməkdədir. Elə bu baxımdan da sual doğur ki, Nazirlər Kabinetinin konkret bu tapşırığının icrasına hansı qurumlar nəzarət etməlidir? Dövlətimizin milyonlar itirməsi müqabilində insanların sağlığı ilə oynayan və ya dövlətin qayda – qanununa barmaqarası baxan, dövlət başçısının tapşırıqlarına əməl etməyən bəzi idarə və təşkilat rəhbərlərindən kim hesab soruşacaq? Düşünürəm ki, bu mexanizm mütləq qurulmalı və nəzarət edilməlidir. Yoxsa heç bir işə yaramayan, hələ də “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayan bəziləri nə dövlətin qərarlarını sayır, nə də ki, dövlət başçısının tövsiyyələrinə əməl edirlər.

Eyni zamanda mənə maraqlıdır, dövlət başçısı insanlara publik qaydada hansısa tövsiyələr verdiyi halda bəzi müəssisə və təşkilat rəhbərləri tabeçiliklərində olan kollektivdə prezidentin sözlərinin əksinə qərarlar qəbul etməklə görəsən  ölkə başçısına, hökümətə və cəmiyyətimizə hansı ismarıcı vermək istəyirlər?

Təbii ki, mənim anlamımda belələri öz xislətlərinin əsiri olaraq əks addım atmaqla dövlətin ümumi işinə xələl gətirmiş olurlar. Və belə hərəkətlərin hədəfi Vətəndir!

Əfəndilər, əslində belə hallara göz yummaqla biz də günah işlədirik. Özlərini mütləq hakim hesab edən belələrini ifşa etmək, cənab prezidentin cağırışına qoşulmaq lazımdır. “Məmur özbaşınalığını mənə bildirin…” prezident İlham Əliyev.

Özlərini “Bağdadda kor xəlifə” hesab edənlərə sözüm isə budur, sizi nə bu Vətən, nə insanlarımız, nə hökümət, nə də ki cənab prezident bağışlamayacaq!

Cavid İSMAYIL

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png