DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI – KİTABI ÇAPDAN ÇIXDI

Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq,  kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun) növbəti elmi əsəri -“DƏRƏŞAM: OGUZ-TÜRK MƏZARLIĞI” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

ONN medianın Turan Araşdırma Mərkəzindən aldığı məlumata görə, kitab Azərbaycan dili, Anadolu türkcəsi və rus dillərində nəşr olunub.

Kitabı Anadolu türkcəsinə uyğunlaşdıran AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, rus dilinə tərcümə edən Lalə Bağırzadədir.

Kitabda indiki Culfa şəhərinin yaxınlığında Araz çayı sahilində 1989-cu ildə rus-erməni təcavüzünə məruz qalanadək qədim Naxçıvan Oğuz türklərinin minilliklərə gedib çıxan tarixinə aid Dərəşam məzarlığından danışılır.

Müəllif  Dərəşam məzarlığında Oğuz türklərinin qədim tarixinə şahidlik edən qəbir daşları üzərində həkk olunmuş “Avesta” memarlıq sənətinə aid tişə ustalarının yaratdıqları kompozisiyada olduqca lokonik sənəd dili ilə, Oğuzların dədədən qalma məişətini – Zərdüşti inancına uyğun keçirdikləri dəfn  adətinin teoloji və mifoloji obrazlarını, habelə astroloji rəmzlər əsasında “Avesta” memarlıq məktəbinə məxsus üslubda tarixin qan yaddaşında əbədiləşdirilməsindən bəhs edir.