ONN İnformasiya Agentliyi

Elə bir zirvə ki, ordan vətən görünür

Elə bir zirvə ki, ordan vətən görünür
31 Mart 2018 - 13:25

90-cı illərin əvvəlində ölkədə yaranmış özbaşınalıq, ordudakı intizamsızlıq, anarxiya xalqımızı hər addımbaşı məğlubiyyətlə üzləşdirirdi. Hər gün cəbhədən xoşagəlməz xəbərlər eşidilirdi. Əsgər analarının qulağı səsdə, gözləri yolda idi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən rəhbərlik etməsi ümidləri artırdı.

Düz 26 il əvvəl yayı da qış nəfəsli o günlərdə yaranan Daxili Qoşunların sıralarına Vətən qeyrətli, yurd istəkli oğullar gəldilər. Onları birləşdirən bir amal vardı-yurdu yağılardan qorumaq!

İlk dəfə 1992-ci il martın 12-də DİN Daxili Qoşunların Biləcəri qəsəbəsi, Sumqayıt və Gəncə şəhərlərindəki hərbi hissələrinin şəxsi heyətindən ibarət əlahiddə kontingent Ağdam rayonunun Canyataq və Gülyataq kəndlərinə müqəddəs itkinin dalınca gedirdilər – yadlarda qalan Vətənin bir parçasının. Torpağın sinəsini beşik bilən bu oğullar arasında bir əsgər də vardı – çavuş Hatəmxan Babayev.

Dünyaya göz açdığı Zəngilan rayonunun Keçili kəndi də xeyli vaxt idi ki, cəbhə həyatını yaşayırdı. Özü 1972-ci il avqustun 9-da doğulub. 1987-ci ildə Keçili kənd natamam orta məktəbini, 1990-cı ildə rayondakı texniki peşə məktəbini bitirib.

Dizləri o torpaqdan qüvvət almışdı, güləş yarışlarında layiqli yerlər tutmuşdu. Yaddaşımızda 20 Yanvar səhifəsi açan 1990-cı ildə hərbi xidmətə çağırılmışdı. Azərbaycan Polisinin ilk uğurlu əməliyyatlarından olan Çaykəndin erməni quldurlardan təmizlənməsində fəal iştirak etmişdi. Sonra Daxili Qoşunların Sumqayıt hərbi hissəsində xidmət edirdi. Əlahiddə kontingentin tərkibində olan Hatəmxan Babayev kəşfiyyat bölüyündəydi. Bütün günü səngərlərdə keşik çəkir, gecələr isə düşmən nəzarətində olan ərazilərə keçir, tutduqları mövqeləri öyrənməyə çalışırdı. Nə qədər acınacaqlı olsa da düşmənlərimiz daha yaxşı silahlanıb, öz mövqelərində möhkəmlənmişdilər. Buna baxmayaraq, düşmən döyüşçülərimizin qüdrətinə bələd olmuşdu, cəsarətini görmüşdü.

Martın 31-də növbəti qanlı döyüş oldu. Papravənd kəndinə hücuma keçən düşmən böyük qüvvə ilə azsaylı hərbçilərimizlə bacara bilmirdi, itkilər verirdi. Ancaq bizim üçün də itkisiz başa gəlmədi. Həmin gün 20 yaşlı Hatəmxan Babayev şəhid oldu.

Bir-birindən ağır gələn illərin zəncirbəndində növbə 92-nin idi. Xocalı faciəsinin yarası hələ qaysaq bağlamamışdı. Bir tərəfdən də ölkədəki hakimiyyətsizlik, yiyəsizlik xalqa bir işıq ucu gələn yerləri kip-kip örtmüşdü. Torpaq qeyrəti çəkən, mərd oğulları vahid komanda altında birləşdirən olmadığından hərə öz bildiyi yolu seçirdi. Bilə-bilə ki, bu yol şəhidlikdən keçir…

Rafiq İsmayılov İsmayıllı rayonunun Hacıhətəmli kəndində doğulub, böyümüş və Bakı şəhərinə getmişdi. Burada ali təhsil almış və daxili işlər orqanlarında işləmişdi. Neçə illərdən bəri ölkəmizi beynəlxalq yarışlarda cəsarətlə təmsil edən, 1985-92-ci illərdə respublika yığma komandasının üzvü olan beynəxalq dərəcəli idman ustası Rafiq İsmayılov da vətənin taleyinə laqeyd qala bilməmişdi. Bir idmançı kimi ən mötəbər turnirlərdə dövlət himnimizi səsləndirməklə kifayətlənmirdi.

O zaman Rafiq Daxili Qoşunların idman bölüyündə leytenant rütbəsində xidmət edirdi. İş yerində nümunəvi xidməti ilə seçilirdi. Qarabağ müharibəsi başlayanda Rafiq İsmayılov birincilər sırasında ön cəbhəyə – Ağdamın Qaraqaya kəndinə getdi. Əlində silahla öz oğulluq borcunu yerinə yetirməkdən qürur hissi keçirirdi.

Soyuq mart gecələrinin birində mövq e tutduqları dağın ətəyindən düşmənin avtomobil karvanının keçdiyini hiss etdilər. Hər cür təhlükə gözlənilsə də döyüşçülərimiz quldur dəstəsini atəşə tutdular. Düşmən mövqelərimizin yerini təxmini bildiyindən qarşı dağda ehtiyat atəş nöqtəsi hazırlayıbmış. Oradan açılan snayper güllələri Rafiqin sinəsini yandırdı. Bir neçə dəqiqə sonra gözlərini əbədilik yuman R.İsmayılov Daxili Qoşunların ilk şəhidlərindən biri kimi bu gün də xatirələrdə yaşayır. Məzarı Şəhidlər Xiyabanındadır.

Bu gün də ölkəmizdə Rafiq İsmayılovun xatirəsinə həsr olunmuş idman turnirləri keçirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png