ONN İnformasiya Agentliyi

Əjdər Tağıoğlu sübut edib ki, erməni əlifbası Avestadan götürülmədir – Buludxan Xəlilov

Əjdər Tağıoğlu sübut edib ki, erməni əlifbası Avestadan götürülmədir – Buludxan Xəlilov
13 İyul 2018 - 10:55

Buludxan Xəlilov: “Erməni əlifbası Avestadan, Efiopiya əlifbasından götürülüb, Orxon-Yeniseyin müəyyən komponentlərindən istifadə edilib”
Qiymət Məhərrəmli: “Efiopiyalı alimin ermənilərin əlifba oğurluğunu bütün dünyada ifşa etməklə bağlı atdığı addımlar təqdirəlayiqdir”

Son 200 ildə dünya erməni yalanının havasına oynayır. İki əsrdir bu toplum analoqu olmayan saxtakarlıqlara əl atır və dünya ictimaiyyətini yalanlarına, qondarma işlərinə inandırmağa çalışır.

1828-ci ildən sonra İran və Türkiyə, Suriya ərazisindən Azərbaycan torpaqlarına köçürülən ermənilər bizə aid mədəni dəyərləri mənimsəməklə kifayətlənməyib, digər xalqların da mədəniyyətinə əl uzadıblar. Bu gün ermənilərin dünyaya təqdim etdiyi mədəni dəyərlərin heç birinin onlara aidiyyəti yoxdur. Bu toplum oğurluğu, hiylə və məkri, saxtakarlığı ustalıqla bacardığı üçün, bizdən və başqa xalqlardan oğurladığını öz adına dünyaya çatdıra bilir. Sözsüz ki, oğurluğun və yalanın ömrü çox qısa olduğundan, ermənilərin də bütün saxtakar əməllərinin üstü açılır.

Bu günə kimi ermənilərin bir sıra saxtakarlıqları dünya alimləri tərəfindən ifşa edilib. Erməni əlifbası kimi təqdim edilən 38 hərfdən ibarət əlifbanın, əslində, saxtakar Mesrop Maştos tərəfindən yaradılmasının yalan olduğu üzə çıxıb. Ermənilər iddia edirlər ki, guya bu əlifba V əsrdən sonra yaradılıb. Buna qədər isə onlar Suriya, yunan və aramey yazısından istifadə ediblər. Alimlər bildirirlər ki, müasir ermənilərin istifadə etdikləri indiki əlifba Efiopiya yazısının tam oxşarıdır. Alimlər belə nəticəyə gəlirlər ki, Mesrop Maştos, əslində, erməni əlifbasını ixtira etməyib, bu əlifba qadim Efiopiya (Həbəşistan) yazısı əsasında yaradılıb. Dilçi-alimlər qeyd edirlər ki, erməni əlifbası həbəş mədəniyyətinin təsiri nəticəsində formalaşıb. Erməni əlifbasının yaranması haqqında ikinci mübahisə doğuran nəzəriyyəyə əsasən, əlifba V əsrdə suriyalı din xadimi Danil tərəfindən hazırlanıb. Digər bir fərziyyəyə əsasən, əlifbaya daxil edilmiş hərflər Zərdüşt yazılarından götürülüb. Həqiqət ondan ibarətdir ki, erməni əlifbasındakı hərflər yunan, latın, Suriya, koptik və həbəş yazılarındakı işarələrdən götürülüb. Bu, erməni əlifbası haqqında müxtəlif fikirlərdir. İndi görək Efiopiya alimi bu barədə nə deyir? Ermənilərin hazırda istifadə etdiyi əlifba tamamilə Efiopiya əlifbasıdır.

Məşhur Efiopiya politoloqu, tarixçisi Tekola Xaqos “Literaturnaya Qruziya” qəzetinə müsahibəsində ermənilərin saxtakar əməllərini, əlifba oğurluğunu ifşa edib. Tekola Xaqos müsahibəsində Efiopiya əlifbasının ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı hiddətini gizlətməyib. T.Xaqos “erməni soyqırımı” ilə bağlı materiallarla və tarixi sənədlərlə tanış olduqdan sonra öz şəxsi tədqiqatlarına başladığını qeyd edib.

Politoloqun sözlərinə görə, ermənilərin belə ustalıqla “soyqırım” haqda versiya uydurub beynəlxalq cəmiyyətə sırımaqları onu şoka salıb. Onun gəldiyi digər nəticə, onu təəccübləndirən fakt həm də erməni dilindəki kitabda hərflərin qədim həbəş əlifbası ilə yazılması olub. O, müsahibəsində bu barədə bildirir: “Mən kitabı vərəqləyirdim və gözümün önündə Yer kürəsinin ən qədim əlifbalarından birinin köhnə nümunələri canlanırdı. Bu, Efiopiya əlifbası, bizim hərflərimizin surətləri idi. Bu əlifbayla bizim əcdadlarımız min il bundan öncə yazıblar. Gördüklərimdən az qalsın qışqıracaqdım. Mənim yaxın dostum bu mövzuyla bağlı bir neçə dəfə mühazirə oxuyub. Onun sözlərinə görə, bütün dünya elmi bilir ki, bu, Efiopiya əlifbasıdır, amma hamı susur və ermənilər bunu özlərininki kimi təbliğ edirlər”.

Bundan sonra T.Xaqos Efiopiya əlifbasına, onun yaradılmasına, inkişafına aid kitab nəşr etmək qərarına gəlib. “Bununla bağlı araşdırmalar və əlavə faktların tədqiqatlarını apardım. Öz yeni kitabımda ermənilərin bu yalanını ifşa edəcəyəm. Bütün dünya elmi ermənilərin özgə bir xalqın mədəni irsini oğurlamağa cəhd etməkləri barədə biləcək”-deyə bildirib.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinin dekanı, görkəmli dilçi-alim Buludxan Xəlilovun fikrincə, Efiopiya aliminin erməni yalanını bütün dünyada ifşa etməsi ermənilərin beynəlxalq aləmdə apardıqları məkrli siyasətə vurulan zərbədir. B.Xəlilovun dediyinə görə, erməni əlifbası kimi təqdim edilən mövcud əlifbanın Avesta yazılarının tam oxşarı olması ilə də bağlı dəqiqləşdirilmiş versiyalar mövcuddur. O hesab edir ki, bu əlifba saxtakarlıq üzərində qurulub. Həmişə başqa xalqlardan oğurluqlar etməyə alışan ermənilərin uzaq Efiopiya mədəniyyətinə də əl uzatmasının təəccüblü görünmədiyini deyən professor Xəlilovun sözlərinə görə, bu əməllərinə görə ermənilər, gec-tez, tamamilə tərksilah olacaqlar. 

“Mən tədqiqatçı, filologiya elmləri doktoru,professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabını oxumuşam və görürəm ki, erməni əlifbası Avestadan götürülmədir. Amma, istənilən halda, bu mövzuda seminarlar, müzakirələr təşkil olunmalı, bu istiqamətdə tədqiqatlar aparmalıyıq. Siz qeyd etdiyiniz kimi, erməni əlifbasında Efiopiya və Orxon-Yenisey əlifbasının ünsürləri var. Faktiki olaraq erməni əlifbası oğurluqdur. Mesrop Maştos adlı adamın kimliyini biz araşdırmalıyıq. Ola bilməz ki, qaraçı xislətində olan bir millət əlifba yaratsın. Ermənilərin həyatı, fəaliyyəti qaraçı simasında olub. Ən qədim yazı daş üzərində həkk olunmuş yazıdır. Əgər hansısa xalqın daş üzərində həkk olunmuş yazısı varsa, o xalqın əlifbası da, yazısı da qədimdir. İkincisi, gil üzərində həkk olunmuş yazılı abidələrdir (“Gilqamış” və ya “Bilqamıs” dastanı). Növbəti dövrdə dəri və nəhayət, kağız üzərində həkk olunmuş yazılar meydana çıxdı. Bizim alban yazılı abidələrimiz, Sibirdə Orxon-Yenisey abidələrimiz var. Ermənilərin daş üzərində yazılmış hansı yazılı abidəsi var? Erməninin 5-ci, 7-ci və ya 10-cu əsrə aid hansı yazılı abidəsi var? Ermənilərin əlifbası oğurluqdur, onların himayədarları və özlərinin hiyləgər siyasəti artıq etnoqrafları, tarixçiləri hərəkətə  gətirməlidir. Deyirsiniz ki, artıq Efiopiya alimi erməni saxtakarlığının izinə düşüb. Bu çox təqdirəlayiq haldır. Onlar indi hərəkətə gəlib və bunları sübut etmək istiqamətində işlərə başlayıblar. Mesrop Maştos özündən əlifba yarada bilməzdi. Erməni əlifbası Avestadan, Efiopiya əlifbasından götürülüb, Orxon-Yeniseyin müəyyən komponentlərindən istifadə edilib”.

AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də hesab edir ki, efiopiyalı alim tərəfindən ermənilərin saxtakar əməllərinin üzə çıxarılması təqdirəlayiqdir. “Ermənilərin saxtakarlıqları ilə bağlı uzun illərdir mübarizə aparırıq. Ancaq təəssüf ki, xeyli müddət bizdən başqa heç bir xalq kütləvi şəkildə erməni saxtakarlığından danışmırdı. Bu gün isə efiopiyalı alim meydana çıxıb bütün dünyaya bəyan edir ki, ermənilərin hazırda istifadə etdikləri əlifba Efiopiya əlifbasıdır. Bizim alimlər beynəlxalq tribunalardan səsləndirəndə ki, onların əlifbası da, mədəniyyəti də oğurluqdur, onda səsimizə səs verənlər çox az idi. Ancaq bu gün efiopiyalı alim ermənilərin saxtakar əməllərini ifşa edir. Bəli, erməni əlifbası oğurluqdur. Məlum olur ki, onlar bu əlifbanı Efiopiyadan oğurlayıblar. AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, professor İlham Cəfərsoylu bu barədə geniş araşdırma aparıb. O, mənbələrə istinadən yazır: “…Efiopiyanın Abas nəsli əvvəlcə Azərbaycanda yaşayırdı. Onların az bir hissəsi Albaniyada qalmış, çoxu Troyaya, oradan Misirə və Efiopiyaya köçüb getmişdir. Homerin “İliada”, Vergilinin “Eneida” eposlarında onlardan dəfələrlə bəhs edilir. Rollen hələ 1751-ci ildə yazırdı ki, Abas Danayın oğludur (17, s. 270). Bu o deməkdir ki, Abas döyüşçüləri XV-XIV əsrlərdə Danay tayfa ittifaqına daxil olmuşdur. Danaylar türk olub, Dana adlandırdıqları qızıl buğa bütünə sitayiş edirdilər.

Dion Kassiyə görə, Pompey Abas çayı sahilində albanlarla vuruşmuşdu. Belə hesab edilir ki, həmin çay indiki Alazandır. Abas alpları yunanlarla, romalılarla vuruşa-vuruşa Qafqaz dağlarının ətəklərinə çəkildilər. Bu barədə antik tarixçilərin əsərlərində bilgilər var. Abas nəslinin patriarxlarından biri ter-Abas 551-596-cı illərdə Böyük Aran mahalının yepiskopu oldu. Abas nəsli İtaliyada, Misirdə, Efiopiyada yad xalqlar arasında əriyib itsə də, öz yurdunda türk olaraq qaldı. Fikrimizi IX-X əsrlərdə xəzərlərin və peçeneqlərin arasında Abas nəsillərinin varlığı təsdiq edir.

Efiopiyanın hakim türk nəsillərindən biri amxarlar idi. Onlar Ön Asiyanın və Misirin qədim mənbələrində Amar da adlanır. İndi Amar Efiopiyanın hakim milləti, Amar dili ölkənin dövlət dilidir. Efiopiya əhalisinin yarısı – 15 milyon nəfəri Amar dilində danışır.

Efiopiyanın hakim nəsilləri, İosif Flavinin yazdığı kimi, Kam və Kuş mənşəli olmuş, sonra onların dilləri tədricən sami dillərinin təsirilə dəyişmişdir. Bunu nə qədər inkar etməyə çalışsalar da, bəzi ermənişünasların əsərlərində görmək mümkündür.

Hans Yensen yazır ki, Mesrop Maştos erməni əlifbasını Efiopiyanın amxar, sabe, qız əlifbaları əsasında tərtib etmişdir.

Erməni alimi Qurqen Savak bir qədər irəli gedərək sübuta yetirdi ki, yalnız ermənilərin yox, həm də albanların və iberlərin əlifbaları Finikiya mənşəli Efiopiya əlifbaları əsasında tərtib edilmişdir.

Qurqen erməni əlifbasının Finikiya mənşəyindən bəhs etsə də, öz erməni xisləti ilə Finikiya əlifbasının Aran müdrikləri tərəfindən yaradılmasına toxunmur. İddia edir ki, Finikiya əlifbası və onun əsasında yaranan Efiopiya əlifbası sami əlifbasıdır”. Bütün bunlar tarixi faktlardır. Bu faktlar isə ermənilərin əleyhinə işləyir. Demək, ermənilər ancaq öz havadarlarının köməkliyi ilə torpaqlarımızı işğal etməyib, həm də bizim mədəniyyətimizi də mənimsəyiblər. Bu gün efiopiyalı alim erməni saxtakarlığının ifşa edilməsi üçün mübarizəyə başlayıb. Efiopiyalı alimin ermənilərin əlifba oğurluğunu bütün dünyada ifşa etməklə bağlı atdığı addımlar təqdirəlayiqdir. Hesab edirəm ki, biz Azərbaycan alimləri də bu yolda ona dəstək olmalıyıq. Çünki bütün dünya erməni saxtakarlığından, əlifba oğurluğundan xəbər tutmalıdır”. 

Bu da erməni saxtakarlığına daha bir tutarlı sübutdur. Qoy ermənilər oğurluqlarına görə dünya ictimaiyyəti qarşısında cavab versinlər. Görək danışmağa söz tapa biləcəklərmi? Söhbət faktlar əsasında danışmaqdan gedir…

İradə SARIYEVA

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png