ONN İnformasiya Agentliyi

Eyvanda durmuşam boynu bükülü – İslam Səfərli

Eyvanda durmuşam boynu bükülü – İslam Səfərli
12 Fevral 2020 - 13:47

Göyləri ay gəzir, hava bürkülü,
Eyvanda durmuşam boynu bükülü.
Bəlkə eşqimizin sona bülbülü
Uçub yol üstdəki qovaqda qaldı?..
Nə vaxta qaldı, ay gözəl, nə vaxta qaldı?..

Unutmayaq, unutdurmayaq!

12 fevral (1923 – 1974) şair-dramaturq, tərcüməçi, bir sıra oçerk, novella, libretto və kinossenari müəllifi, əməkdar incəsənət xadimi Səfərli İslam Əhməd oğlunun doğulduğu gündür

İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dünyaya gəlib. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib.

Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranıb. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapıb. “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkib, yaddaqalan olub.

İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanıb. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.

İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb. Onun “İki qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkli itki” (1973) novellaları, “İki könül bir olanda” (1947) balet-librettosu, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir.

İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. O, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib.

Şairin “Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olub, klassikaya çevrilib və indinin özündə də sevilə-sevilə dinlənilir.

Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png