ONN İnformasiya Agentliyi

İslam Bağırov: “Türkvizyon”un Şuşada keçirilməsi, Türk dünyasında… – (MÜSAHİBƏ)

İslam Bağırov: “Türkvizyon”un Şuşada keçirilməsi, Türk dünyasında… – (MÜSAHİBƏ)
30 Dekabr 2020 - 17:24

Türk dünyasının “Türkvizyon” mahnı yarışması 2021–ci ildə Azərbaycanın mədəniyyət beşiyi  olan Şuşada keçiriləcək.  ONN media –nın virtual  qonağı “Türkvizyon” mahnı yarışmasının ümumi kordinatoru hörmətli İslam Məmməd oğlu Bağırov oldu. Müsabiqə ilə bağlı ilk maraqlı açıqlamalırını bizimlə bölüşən İslam bəyin müsahibəsini dəyərli oxucularımıza təqdim edirik.

İslam bəy, öncə oxucularımıza “Türkvizyon” haqqında məlumat verməyinizi xahiş edirəm;

Müsabiqənin təşkilatçısı Türk Müzik Birliyi  (TMB)  televiziya kanalıdır. Bildirim ki, təsisçisi Azərbaycan Respublikasının vətəndaşı Samir Qurbanov olan  TMB kanalında  türk dünyasının mahnıları yayımlanır. Bu, türk xalqlarının ortaq telekanalıdır. Elə bu imkandan faydalanaraq  biz Türk dünyası sənətçilərini ortaq bir nöqtədə birləşdirmək  məqsədilə  müsabiqə keçirmək qərarına gəldik.

Eşitdiyimə görə, “Türkvizyon” 2021ci il Şuşada keçiriləcək. Bu barədə nə deyə bilərsiz?

Bəli, doğrudur. Qeyd edim ki, 2011-ci ildən TÜRKSOY hər il türk dünyasının bir şəhərini mədəniyyət paytaxtı elan etməyi qərara aldı. Bu ada ilk dəfə 2012-ci ildə Astana layiq görüldü. Orada müxtəlif türk ölkələrindən gəlmiş sənətçilərlə görüş zamanı hamının yekdil rəyi türkdilli xalqların bir musiqi   yarışmasını təşkil etmək oldu. 2012-ci ildə TÜRKSOY tərəfindən Türkiyənin Eskişehir şəhəri növbəti il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edildikdən sonra müsabiqə haqqında fikrimiz qətiləşdi. Eskişehir türk dünyasının ortaq nöqtəsi, mədəniyyətlərimizi birləşdirən bir mərkəz olduğu üçün ilk yarışmanı orada keçirmək qərarına gəldik.  2012-ci ilin sentyabrında Eskişehirdə TMB-nin ofisini açdıq və yarışma üzərində çalışmağa başladıq. 8 ay bu yarışma üzərində iş apardıq. Avqustun 19-da “Türkvizyon”  mahnı müsabiqəsinin keçirilməsi haqqında müqavilə imzaladıq. Və nəhayət 2013-cü ildə Eskişəhərdə müsabiqə baş tutdu. Bundan sonra 2014-cü ildə Rusiya Federasiyası Tatarstan Respublikasının paytaxtı Kazan şəhərində,  2015-ci ildə isə İstanbulda müsabiqəni təşkil etdik.  Bundan sonra müəyyən obyektiv və subyektiv səbəblərdən yarışmaya ara verməli olduq. Bu il isə pandemiya səbəbindən müsabiqənin onlayn keçirilməsinə qərar verdik.  Üzərimizə götürdüyümüz öhdəlik türk dünyası mədəniyyətinin  dünya mədəniyyətində bəlli bir yerə sahib olduğunu hər kəsə çatdırmaq və zamanında at belində tarix yazan babalarımızın bugünkü nəvələrinin yeni bir tarix yazdığını  sübut etməkdir. Bu tarixin daha bir şanlı səhifəsini bu il Azərbaycan xalqı yazdı. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxındır ki, erməni işğalı altında olan torpaqlarımızı azad etdi. Prezident İlham Əliyev Şuşanın azad olunmasını müjdə verdiyi andan biz də dünya türklərinin mədəniyyət bayramına çevrilmiş “Türkvizyon”u işğaldan azad edilmiş Azərbaycanın müsiqi mədəniyyətinin beşiyi, Qafqazın konservatoriyası olan Şuşada keçirmək barədə düşünməyə başladıq.

Erməni işğalından azad edilən Şuşamızda keçiriləcək olan “Türkvizyon”da Türk Dünyasını hansı sürpriz gözləyir?

Bildiyimiz kimi, hal-hazırda bütün işğaldan azad olunmuş ərazilərimizdə o cümlədən Şuşada bərpa yenidənqurma işlərinə başlanıb. Ümid edirik ki, yaxın vaxtlarda Şuşamızda bütün infrastruktur bərpa olunacaq və biz möhtəşəm bir müsiqi bayramı təşkil edəcəyik. Müsabiqədə 30-dan çox ölkənin türkdilli və Türk əsilli tanınmış sənətçilərinin iştirakı nəzərdə tutulur. Bu gün qədim şəhərimizdə sürətlə aparılan bərpa işləri bizim bu niyyətimizin gerçəkləşməsinə inamı artırır. Qeyd edim ki, təmaslar zamanı türkdilli sənətçilər Şuşaya gəlməyə böyük həvəs göstərdiklərini bildirirlər. İnşallah, çox ümid edirik ki, koronovirus xəstəliyinə son qoyulduqdan sonra ölkələr arasında gediş-gəliş açılacaq  və bu yarışmanı  təşkil etməklə Cıdır düzündə Türkdilli xalqların musiqi  sədalarının ucaldılmasına nail olacağıq. Ən başlıcası isə biz Qafqazın incisini Türk dünyasına tanıdacağıq. Azərbaycanın musiqi korifeylərinin yaşayıb yaratdıqları məkanlarla tanışlıq zamanı qonaqlar bu şəhərin doğurdan da Qafqazın konservatoriyası olduğunu yəqin edəcəklər.

“Türkvizyon”un rəsmi səhifəsində Türk dünyası “Sarı Gəlin”i söyləyir adlı müsabiqə keçirdiniz. Niyə məhs Azərbaycanın xalq mahnısı “Sarı Gəlin”?

Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda apardığımız Vətən Müharibəsi günlərində başda Türkiyə olmaqla bütün Türk dünyası Azərbaycanın haqq savaşını dəstəklədi. Türk dünyası bu dəstəyi mədəni  sahədə də davam etdirdi. Tarixi mənbələrdə etimologiyasına görə türk mədəniyyətinin ortaq nümunəsi hesab edilən  “Sarı gəlin” ilk dəfə  Azərbaycanda nota alınıb və bundan sonra daha da populyarlaşıb.  Biz tükdilli sənətçilər arasında bu mahnının ən yaxşı ifaçısını müəyyən etmək üçün “Tükvizyon” iştirakçıları arasında müsabiqə elan etdik.  26 ölkə və bölgədən  olan sənətçi müsabiqəyə böyük həvəslə qoşuldular. Əgər izləmisinizsə görmüsünüz ki, onların hər biri bu melodiyanı  xüsusi həvəs və şövqlə ifa ediblər.  Biz də bu ifaları www.turkvizyon.tv saytında yayımlayaraq onlayn səsvermə keçirmək qərarına gəldik. 2021-ci il yanvarın 1-dək davam edəcək səsvermənin sonunda qalib üçün “Tamaşaçı Rəğbəti” mükafatı nəzərədə tutulub.  Bu aksiya türkdilli  xalqların mədəni bağlılığının bir nümunəsi olmaqla yanaşı tarixi abidələrimizi, musiqi alətlərimizi, mətbəximizi və nəhayət son vaxtlar “Sarı gəlin”imizi də erməniləşdirmək  istəyən mənfur qonşularımıza tutarlı türk birliyinin və dəstəyinin nümayişidir.

İslam bəy, bizə zaman ayırdığınız üçün sizə təşəkkür edirəm. Uğur sizinlə olsun!

 

Səidə xanım, sizə və ONN İnformasiya Agentliyinə öz  təşəkkürümü bildirirəm. İşinizdə uğurlar arzu edirəm.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png