ONN İnformasiya Agentliyi

İzahı elə verin ki, insanlar situasiyanı doğru dəyərləndirsin – Cavid İSMAYIL yazır

İzahı elə verin ki, insanlar situasiyanı doğru dəyərləndirsin – Cavid İSMAYIL yazır
08 May 2020 - 11:39

Bu günlərdə sosial şəbəkələrdə Araz çayı üzərində İranın Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən işğal altında olan ərazisinə 5 körpünün salındığını əks etdirən fotolar yayımlanmış və bu məsələ insanlar tərəfindən birmənalı qarşılanmayaraq ciddi sərt reaksiyalara səbəb olmuşdu.

Bununla bağlı bu yaxınlarda  İranın Azərbaycan Respublikasındakı səfirliyindən bu məsələyə izah gətirilərək bildirilmişdi ki, “İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir”.

Həmin 3 körpü gizli tikilməyib və İran tərəfi onları “DQR”ə yox, Azərbaycan ərazisinə çəkib: “Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq”.

“Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanıb və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir”.
Bu barədə məsələyə aydınlıq gətirən Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Nazir müavinin sözlərinə əsasən, bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır: “Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin, Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.

İlk olaraq diqqətinizi bir məqama çəkim, doğrudan da, 2016-cı il fevralın 23-də Tehran şəhərində  “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalanmışdır. DİQQƏT; “…Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin DAVAM ETDİRİLMƏSİ,…” Bəli məhz davam etdirilməsi! Bəs sual doğmurmu ki, əgər bu sazişdə davam etdirilməsi məsələsi təsdiqlənirsə, bunun başlanğıcı hansı sənədlə tənzimlənib və ya neçənci ildən başlanıb, yaxud da Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə Azərbaycanın əvvəldən icazəsi olubmu? Gəlin bu baxımdan ən yaxın tariximizə nəzər salaq.

İlkindən İran tərəfi Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə qəti etiraz etmişdi. Belə ki, 28 mart 2001-ci il tarixdə İran İslam Respublikasının energetika naziri cənab Həbibulla Bitərəfin ümummilli lider Heydər Əliyevlə sərhəd çayları üzərində su bəndlərinin tikintisi məsələsi qaldırılmışdı. Həmin görüşdə  Bitərəf demişdir: “Xudafərin su bəndinin inşası üçün İran və Ermənistan siyasi rəhbərliyi arasında lazımi danışıqlar aparılmış və erməni tərəfi təhlükəsizliyə zəmanəti öz öhdəsinə götürmüşdür. Biz işi başlamaq istəyirik.”

Ümummilli lider Heydər Əliyevin sözləri təbii ki, çox sərt olmuşdu. O, cavab olaraq bildirmişdir: “Xudafərin Ermənistan tərəfindən işğal olunmuşdur. Siz işi hansı tərəflə görəcəksiniz?  Bu, əsla mümkün deyil. Mən bunu Sizə bildirmək istəyirəm ki, Ermənistanla sülh müqaviləsi əldə olunmayınca və ərazilərin işğalına son qoyulmamış Xudafərin su bəndinin tikintisindən söz gedə bilməz. Mən bu işə əsla icazə vermirəm. Əslində, Siz bizim Azərbaycan torpağında Ermənistanla əməkdaşlıq edəcəksiniz və bu, mümkün deyil”.

Bəli, rəhmətlik Heydər Əliyev qəti olaraq İran hökümətinin bu addımına etiraz etmişdi. Eyni zamanda,  Azərbaycanın ermənilər tərəfindən işğal etdiyi Cəbrayıl rayonunda yerləşən, Araz çayı üzərində salınmış Azərbaycanın cənubuilə şimalı arasında salınan Xüdafərin körpüləri təkçə unikal memarlıq abidəsi olan körpü deyil. Əsrlərdir Vahid Azərbaycanımın simvoluna çevrilmiş bir simvoldur. Həmin ərəfələrdə Vətənimizin həsrət körpüsünə çevrilmiş Xudafərin körpüsünün su altında qala bilmə ehtimalı da, cənubdan qardaşlarımızdan gələn xəbərlərdə yer almaqda idi. Xüsusən mediamızda 2008-ci ildən bu barədə intensiv məlumatların çap edilməsini müşahidə etdik.

Elə növbəti belə məlumatların birini, Xalq cəbhəsi qəzetində (internet saytı) 18 İyul 2008 saat 21:26 da, “ Xudafərin körpüsü su altında qala bilər, İranın fars-molla rejimi Araz çayı üzərində bənd tikintisini yekunlaşdırmaq üzrədir” başlığı altında gedən yazıdan bir hissəni nəzərinizə çatdırıram. “ … Xudafərin körpülərinin su altında qalmaq təhlükəsi, İranın Dağlıq Qarabağdakı separatçı ermənilərə, Ermənistana elektrik enerjisi ötürməsi planları isə ciddi etirazləra gətirib çıxarıb. Amma “müsəlman qardaşlığın”dan dəm vuran fars -molla rejimi əməlindən əl çəkməyib. Güneyli soydaşımız Əli Süleymaninin qəzetimizə verdiyi məlumata görə, son dövrlər İranın “Ettellat” və “Sepahi-Pasdaran”ının əməkdaşları, fars-molla rejiminin hərbçiləri sözü gedən bölgəyə yeridilib. Əli Süleymani fars-molla rejiminin icraçı şirkətə bəndin tikintisini bu ilin sonuna kimi yekunlaşdırmaq tapşırığını verdiyini bildirdi: “Bu bəndin tikintisinin yekunlaşması ilə Azərbaycanın böyük tarixi-mənəvi abidələrindən sayılan Xudafərin körpüsü su altında qalacaq. Bundan başqa, İranın tikəcəyi bənd və SES vasitəsilə Ermənistanın elektrik enerjisinə olan tələbatının təqribən iyirmi faizi ödəniləcək”. İranın Ermənistanla əməkdaşlığının, bağlanmış müqavilənin Azərbaycanın milli maraqlarına zidd olduğunu vurğulayan Əli Süleymani rəsmi Tehranın növbəti dəfə millətimizə qarşı xəyanətkar mövqe tutduğunu dedi.”

Tarixi xronologiyanı davam etdirək.

06.12.2017 ci ildə Naira Ayrumyanın  “İRAN QARABAĞLA SƏRHƏDİ AÇMAĞA RAZILAŞACAQMI?”  başlığı altında çap edilən yazısından bəzi məqamları nəzərinizə çatdırıram. O, qeyd edir ki, “Qarabağın “xarici işlər naziri” (qondarma  Dağlıq Qarabağı nəzərdə tutur- C.İ ) Masis Mailyan İranlı siyasi analitik Salar Seyfoldinə müsahibəsində bildirib ki, “xalqlarımız arasında (İran-erməni C.İ) mehriban qonşuluq münasibətlərinə baxmayaraq, Qarabağla İran arasında sərhəd hələ də qapalıdır və bu qeyri-təbiidir”. “Biz isə qonşu ölkələrlə, o cümlədən İranla sərhədlərin və mehriban qonşuluq münasibətlərinin saxlanmasında maraqlıyıq. Əminəm ki, Qarabğla ümumi sərhədlərin saxlanması İranın da maraqlarına uyğundur. Düşünürəm ki, bu, regionda digər tərəflərin də maraqlarını əks etdirir”, – deyə Mailyan qeyd edib.

“İran və Qarabağ təxminən 140 kilometrə bərabər, kifayət qədər uzun sərhəddə malikdir. Böyük bir hissəsi Araz çayından keçən sərhəd bağlıdır.

İran Qarabağ münaqişəsi yarandığı gündən bu problemlə bağlı kifayət qədər balanslaşdırılmış siyasət yürüdülüb və həmişə Qarabağla münasibətləri qoruyub saxlayıb.

İranın dəvəti ilə 1992-ci ilin martında Tehranda Ermənistan və Qarabağ xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar başa çatıb. Görüşün yekununda Ermənistan, Qarabağ və İranın xarici işlər nazirlərinin müavinləri bir həftəlik atəşkəs haqqında birgə bəyanat imzalayıblar.

Birgə bəyannamənin qəbulundan 10 gün sonra İranın 9 nəfərdən ibarət vasitəçilik missiyası xarici işlər naziri Mahmud Vayezinin başçılığı altında Qarabağ və Ermənistana səfər edib. Missiya fəaliyyətini aprelin 20-də davam etdirib.

Bundan sonra İranın rəsmi nümayəndə heyəti Qarabağa səfər etməsə də, əvəzində qarabağlı məmurlar İranda arzu edilən qonaq olub. (– FİKİR VERİN! – C.İ)

2006-cu ilin sentyabrında İran və Qarabağın iş adamları və sahibkarlarının forumunda iştirak etmək üçün İran rəsmilərinin Qarabağa səfəri haqqında məlumat verilib. Forum zamanı İrandan xammal və müvafiq avadanlığın idxal variantları müzakirə edilib.

Azərbaycan səfər ilə bağlı etirazını bildirib. Həmçinin forumun yekunları barədə heç bir məlumat yoxdur.

Əlaqələr saxlanılıb. Üstəlik, 2007-ci ildən İran və Ermənistan Araz çayı üzərində SES inşa etməyə başlayıb. Stansiyanın tikintisi hələ də başa çatmayıb.”

DİQQƏT-2007-ci il, “İran və Ermənistan Araz çayı üzərində SES inşa etməyə başlayıb. Stansiyanın tikintisi hələ də başa çatmayıb”

Davam edir; “Və SES 2016-cı il qəfil yenidən yada düşüb. Ötən ilin fevralında Azərbaycan prezidenti İlham Əliyevin Tehrana “tarixi” səfəri baş tutub. Əliyev “su ehtiyatlarının istifadəsi, “Xudafərin” və “Qız qalası” hidroqovşaqların inşası və istismarının davam etdirilməsi haqqında” qəribə saziş imzalayıb. Hidroqovşaqların Qarabağ ərazisində yerləşməsinə baxmayaraq, sənəd “Azərbaycan və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət, enerji resurslarına bərabər hüquq, həmçinin BMT qətnamələrinə müvafiq şəkildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi” kimi qiymətləndirilib. “

Artıq 24.04.2016 cı ildə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Trend-ə eksklüziv müsahibəsində son iki ay ərzində İran Xudafərin su elektrik stansiyasının istismara verilməsi üzrə işləri sürətləndirib və Azərbaycanla sərhəddə Araz çayı üzərində bəndin tikintisininin praktik olaraq bitirildiyini bildirib.

Nazir bildirir ki, “Xudafərin” layihəsinin reallaşdırması çox illər texniki və siyasi problemlərə görə ləngimələrlə rastlaşırdı, amma Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərindən sonra və sazişin imzalanmasından sonra İran bu istiqamətdə işləri sürətləndirdi.”

Yuxarıda gətirdiyim xronolaogiyadan da görsənir ki, İran İslam respublikası, Azərbaycanın qəti etirazına baxmayaraq separatçı ermənilərlə bütün əlaqələrini genişləndirmə fonunda əməkdaşlığa başlayır və ilkin atdığı addımlarda da, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə əməldə qəbul etməyərək məhz erməni separatçılarla əlaqələrin qurulması və adı keçən elektrik su stansiyaların çəkilişinin aparılmasına başlayıb.

Ümummilli lider Heydər Əliyevin bu məsələlərdə işlətdiyi bir sözü qeyd etmək istəyirəm: “Azərbaycan bu gün yenicə müstəqilliyini bərpa edib və müharibə aparır. Biz yenidən Respublika qururuq. Lakin biz bir gün güclənəcəyik. Onda biz bəzi məsələlərə yenidən baxacağıq”- deməsi məhz o müdrik şəxsiyyətin qeyd etdiyi kimi, artıq iqtisadi cəhəddən inkişaf etmiş, dünya siyasətində tanınması möhkəmlənən, regionda söz sahibinə çevrilən Azərbaycan yenidən bu məsələyə qayıtdı və zamanında Azərbaycanın etirazlarına baxmayaraq, İran hökümətinin özləri demiş erməni siyasi dairələrilələ razılaşdırdığı proektə, Azərbaycan yenidən güclənərək əl qoymağı bacardı. Məhz “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş və prezident İlham Əliyev tərəfindən14 iyun 2016-cı il tarixində həmin sazişin təsdiq olunması, məhz uzaqgörən, müdrik ümummilli lider Heydər Əliyevin dediyi an oldu.

Bu arada, yenə də dönürəm sosial şəbəkələrə. Düşünürəm ki, hər bir məsələyə çox həssaslıqla Vətənpərvərlik mövqeyindən yanaşmaq lazımdır. Eyni zamanda, düşünürəm, bu barədə yetkililər geniş məlumat versə idilər, sosial şəbəkələrdə və cəmiyyətimizdə insanlar arasında yenə də yalnış alnaşılmalara yer qalmazdı.

Cavid İSMAYIL.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png