İzahı elə verin ki, insanlar situasiyanı doğru dəyərləndirsin – Cavid İSMAYIL yazır

Bu günlərdə sosial şəbəkələrdə Araz çayı
üzərində İranın Azərbaycan Respublikasının erməni silahlı qüvvələri tərəfindən
işğal altında olan ərazisinə 5 körpünün salındığını əks etdirən fotolar
yayımlanmış və bu məsələ insanlar tərəfindən birmənalı qarşılanmayaraq ciddi
sərt reaksiyalara səbəb olmuşdu.

Bununla bağlı bu yaxınlarda  İranın Azərbaycan Respublikasındakı
səfirliyindən bu məsələyə izah gətirilərək bildirilmişdi ki, “İrandan Dağlıq Qarabağa çəkilən
5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü
qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin
əlavələridir”.

Həmin 3 körpü
gizli tikilməyib və İran tərəfi onları “DQR”ə yox, Azərbaycan ərazisinə çəkib:
“Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və
müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq”.

“Araz
çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik
stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su
ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı
il tarixində imzalanıb və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran
İslam Respublikası Hökumətləridir”.
Bu
barədə məsələyə aydınlıq gətirən Xarici İşlər nazirinin müavini Xələf Xələfov
bildirib.

Nazir müavinin
sözlərinə əsasən, bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə
hörmət etmək prinsiplərinə əsaslanır: “Həmin prinsiplərdən çıxış edərək,
Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının
ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin, Sazişə
əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri
əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam
etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir”.

İlk olaraq
diqqətinizi bir məqama çəkim, doğrudan da, 2016-cı il fevralın 23-də Tehran
şəhərində  “Azərbaycan Respublikası
Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından
istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalanmışdır. DİQQƏT; “…Araz
çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik
stansiyalarının tikintisinin DAVAM ETDİRİLMƏSİ,…” Bəli məhz davam
etdirilməsi! Bəs sual doğmurmu ki, əgər bu sazişdə davam etdirilməsi məsələsi
təsdiqlənirsə, bunun başlanğıcı hansı sənədlə tənzimlənib və ya neçənci ildən
başlanıb, yaxud da Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası”
hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə Azərbaycanın
əvvəldən icazəsi olubmu? Gəlin bu baxımdan ən yaxın tariximizə nəzər salaq.

İlkindən İran
tərəfi Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su
elektrik stansiyalarının tikintisinə qəti etiraz etmişdi. Belə ki, 28 mart 2001-ci il
tarixdə İran İslam Respublikasının energetika naziri cənab Həbibulla Bitərəfin
ümummilli lider Heydər Əliyevlə sərhəd çayları üzərində su bəndlərinin
tikintisi məsələsi qaldırılmışdı. Həmin görüşdə 
Bitərəf demişdir: “Xudafərin su bəndinin inşası üçün İran və
Ermənistan siyasi rəhbərliyi arasında lazımi danışıqlar aparılmış və erməni
tərəfi təhlükəsizliyə zəmanəti öz öhdəsinə götürmüşdür. Biz işi başlamaq
istəyirik.”

Ümummilli
lider Heydər Əliyevin sözləri təbii ki, çox sərt olmuşdu. O, cavab olaraq
bildirmişdir: “Xudafərin Ermənistan tərəfindən işğal olunmuşdur. Siz işi
hansı tərəflə görəcəksiniz?  Bu, əsla
mümkün deyil. Mən bunu Sizə bildirmək istəyirəm ki, Ermənistanla sülh
müqaviləsi əldə olunmayınca və ərazilərin işğalına son qoyulmamış Xudafərin su
bəndinin tikintisindən söz gedə bilməz. Mən bu işə əsla icazə vermirəm.
Əslində, Siz bizim Azərbaycan torpağında Ermənistanla əməkdaşlıq edəcəksiniz və
bu, mümkün deyil”.

Bəli, rəhmətlik Heydər Əliyev qəti olaraq İran
hökümətinin bu addımına etiraz etmişdi. Eyni zamanda,  Azərbaycanın
ermənilər tərəfindən işğal etdiyi Cəbrayıl rayonunda yerləşən, Araz çayı üzərində
salınmış Azərbaycanın cənubuilə şimalı arasında salınan Xüdafərin körpüləri təkçə
unikal memarlıq abidəsi olan körpü deyil. Əsrlərdir Vahid Azərbaycanımın
simvoluna çevrilmiş bir simvoldur. Həmin ərəfələrdə Vətənimizin həsrət körpüsünə
çevrilmiş Xudafərin körpüsünün su altında qala bilmə ehtimalı da, cənubdan
qardaşlarımızdan gələn xəbərlərdə yer almaqda idi. Xüsusən mediamızda 2008-ci ildən
bu barədə intensiv məlumatların çap edilməsini müşahidə etdik.

Elə növbəti belə məlumatların
birini, Xalq cəbhəsi
qəzetində (internet saytı) 18 İyul 2008 saat 21:26 da, “ Xudafərin körpüsü
su altında qala bilər, İranın fars-molla rejimi Araz çayı üzərində bənd
tikintisini yekunlaşdırmaq üzrədir” başlığı altında gedən yazıdan bir hissəni nəzərinizə
çatdırıram. “ … Xudafərin körpülərinin su altında qalmaq təhlükəsi, İranın
Dağlıq Qarabağdakı separatçı ermənilərə, Ermənistana elektrik enerjisi ötürməsi
planları isə ciddi etirazləra gətirib çıxarıb. Amma “müsəlman
qardaşlığın”dan dəm vuran fars -molla rejimi əməlindən əl çəkməyib.
Güneyli soydaşımız Əli Süleymaninin qəzetimizə verdiyi məlumata görə, son dövrlər
İranın “Ettellat” və “Sepahi-Pasdaran”ının əməkdaşları,
fars-molla rejiminin hərbçiləri sözü gedən bölgəyə yeridilib. Əli Süleymani
fars-molla rejiminin icraçı şirkətə bəndin tikintisini bu ilin sonuna kimi
yekunlaşdırmaq tapşırığını verdiyini bildirdi: “Bu bəndin tikintisinin
yekunlaşması ilə Azərbaycanın böyük tarixi-mənəvi abidələrindən sayılan Xudafərin
körpüsü su altında qalacaq. Bundan başqa, İranın tikəcəyi bənd və SES vasitəsilə
Ermənistanın elektrik enerjisinə olan tələbatının təqribən iyirmi faizi ödəniləcək”.
İranın Ermənistanla əməkdaşlığının, bağlanmış müqavilənin Azərbaycanın milli
maraqlarına zidd olduğunu vurğulayan Əli Süleymani rəsmi Tehranın növbəti dəfə
millətimizə qarşı xəyanətkar mövqe tutduğunu dedi.”

Tarixi xronologiyanı davam etdirək.

06.12.2017 ci ildə Naira Ayrumyanın  “İRAN
QARABAĞLA SƏRHƏDİ AÇMAĞA RAZILAŞACAQMI?” 
başlığı altında çap edilən yazısından bəzi məqamları nəzərinizə
çatdırıram. O, qeyd edir ki, “Qarabağın “xarici işlər
naziri” (qondarma  Dağlıq Qarabağı
nəzərdə tutur- C.İ ) Masis Mailyan İranlı siyasi
analitik Salar Seyfoldinə müsahibəsində bildirib ki, “xalqlarımız arasında
(İran-erməni C.İ) mehriban qonşuluq münasibətlərinə baxmayaraq, Qarabağla İran
arasında sərhəd hələ də qapalıdır və bu qeyri-təbiidir”. “Biz isə qonşu ölkələrlə,
o cümlədən İranla sərhədlərin və mehriban qonşuluq münasibətlərinin
saxlanmasında maraqlıyıq. Əminəm ki, Qarabğla ümumi sərhədlərin saxlanması
İranın da maraqlarına uyğundur. Düşünürəm ki, bu, regionda digər tərəflərin də
maraqlarını əks etdirir”, – deyə Mailyan qeyd edib.

“İran və Qarabağ təxminən 140 kilometrə bərabər, kifayət qədər uzun sərhəddə
malikdir. Böyük bir hissəsi Araz çayından keçən sərhəd bağlıdır.

İran Qarabağ münaqişəsi yarandığı gündən bu problemlə bağlı kifayət qədər
balanslaşdırılmış siyasət yürüdülüb və həmişə Qarabağla münasibətləri qoruyub
saxlayıb.

İranın dəvəti ilə 1992-ci ilin martında Tehranda Ermənistan və
Qarabağ xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar başa çatıb. Görüşün
yekununda Ermənistan, Qarabağ və İranın xarici işlər nazirlərinin müavinləri
bir həftəlik atəşkəs haqqında birgə bəyanat imzalayıblar.

Birgə bəyannamənin qəbulundan 10 gün sonra İranın 9 nəfərdən ibarət
vasitəçilik missiyası xarici işlər naziri Mahmud Vayezinin başçılığı altında
Qarabağ və Ermənistana səfər edib. Missiya fəaliyyətini aprelin 20-də davam
etdirib.

Bundan sonra İranın rəsmi nümayəndə heyəti Qarabağa səfər etməsə də, əvəzində
qarabağlı məmurlar İranda arzu edilən qonaq olub. (– FİKİR VERİN! – C.İ)

2006-cu ilin sentyabrında İran və Qarabağın iş adamları və sahibkarlarının
forumunda iştirak etmək üçün İran rəsmilərinin Qarabağa səfəri haqqında məlumat
verilib. Forum zamanı İrandan xammal və müvafiq avadanlığın idxal variantları
müzakirə edilib.

Azərbaycan səfər ilə bağlı etirazını bildirib. Həmçinin forumun yekunları
barədə heç bir məlumat yoxdur.

Əlaqələr saxlanılıb. Üstəlik, 2007-ci ildən İran və Ermənistan Araz
çayı üzərində SES inşa etməyə başlayıb. Stansiyanın tikintisi hələ də başa
çatmayıb.”

DİQQƏT-2007-ci il, “İran və Ermənistan Araz çayı üzərində SES inşa etməyə başlayıb.
Stansiyanın tikintisi hələ də başa çatmayıb”

Davam
edir;
“Və SES 2016-cı il qəfil yenidən yada düşüb.
Ötən ilin fevralında Azərbaycan prezidenti İlham Əliyevin Tehrana “tarixi” səfəri
baş tutub. Əliyev “su ehtiyatlarının istifadəsi, “Xudafərin” və “Qız qalası”
hidroqovşaqların inşası və istismarının davam etdirilməsi haqqında” qəribə
saziş imzalayıb. Hidroqovşaqların Qarabağ ərazisində yerləşməsinə baxmayaraq, sənəd
“Azərbaycan və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət, enerji resurslarına
bərabər hüquq, həmçinin BMT qətnamələrinə müvafiq şəkildə Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsinin zəruriliyi” kimi qiymətləndirilib. “

Artıq 24.04.2016
cı ildə İranın
rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Trend-ə eksklüziv
müsahibəsində son iki ay ərzində İran Xudafərin su elektrik stansiyasının
istismara verilməsi üzrə işləri sürətləndirib və Azərbaycanla sərhəddə Araz
çayı üzərində bəndin tikintisininin praktik olaraq bitirildiyini bildirib.

Nazir bildirir ki, “Xudafərin”
layihəsinin reallaşdırması çox illər texniki və siyasi problemlərə görə
ləngimələrlə rastlaşırdı, amma Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana
səfərindən sonra və sazişin imzalanmasından sonra İran bu istiqamətdə işləri
sürətləndirdi.”

Yuxarıda gətirdiyim
xronolaogiyadan da görsənir ki, İran İslam respublikası, Azərbaycanın qəti
etirazına baxmayaraq separatçı ermənilərlə bütün əlaqələrini genişləndirmə
fonunda əməkdaşlığa başlayır və ilkin atdığı addımlarda da, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə əməldə qəbul etməyərək məhz erməni
separatçılarla əlaqələrin qurulması və adı keçən elektrik su stansiyaların çəkilişinin
aparılmasına başlayıb.

Ümummilli lider Heydər Əliyevin bu məsələlərdə işlətdiyi bir sözü qeyd etmək istəyirəm: “Azərbaycan bu gün yenicə müstəqilliyini bərpa edib və müharibə aparır. Biz yenidən Respublika qururuq. Lakin biz bir gün güclənəcəyik. Onda biz bəzi məsələlərə yenidən baxacağıq”- deməsi məhz o müdrik şəxsiyyətin qeyd etdiyi kimi, artıq iqtisadi cəhəddən inkişaf etmiş, dünya siyasətində tanınması möhkəmlənən, regionda söz sahibinə çevrilən Azərbaycan yenidən bu məsələyə qayıtdı və zamanında Azərbaycanın etirazlarına baxmayaraq, İran hökümətinin özləri demiş erməni siyasi dairələrilələ razılaşdırdığı proektə, Azərbaycan yenidən güclənərək əl qoymağı bacardı. Məhz “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş və prezident İlham Əliyev tərəfindən14 iyun 2016-cı il tarixində həmin sazişin təsdiq olunması, məhz uzaqgörən, müdrik ümummilli lider Heydər Əliyevin dediyi an oldu.

Bu arada, yenə də dönürəm sosial şəbəkələrə. Düşünürəm ki, hər bir məsələyə çox həssaslıqla Vətənpərvərlik mövqeyindən yanaşmaq lazımdır. Eyni zamanda, düşünürəm, bu barədə yetkililər geniş məlumat versə idilər, sosial şəbəkələrdə və cəmiyyətimizdə insanlar arasında yenə də yalnış alnaşılmalara yer qalmazdı.

Cavid İSMAYIL.