ONN İnformasiya Agentliyi

“Koroğlu” metrosu ətrafında xaos – Əbülfət Məhərrəmli yazır

“Koroğlu” metrosu ətrafında xaos – Əbülfət Məhərrəmli yazır
17 Mart 2020 - 11:30

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

Hər şeydən öncə onu qeyd edim ki, Bakı Nəqliyyat Agentliyinın bu gün paytaxtımızda ictimai nəqliyyatın hərəkəti ilə bağlı gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə “Koroğlu” metrosunun Atletlər kəndi istiqamətində yaradılmış Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyəti ürəkaçandır. Ətraf qəsəbələrdən gələn çoxsaylı avtobuslar onlar üçün ayrılmış yerdə dayanır, sərnişinlər düşüb ya digər müasir avtobuslara minib yoluna rahat davam edir, ya da metroya enirlər.  İnsanların rahatlığı üçün, insaf xatirinə, burada çox işlər görülüb və buna görə Bakı Nəqliyyat Agentliyinə “sağ ol” düşür.

Hətta metronun bu istiqamətində yan yolda əvvəlki qarışıqlıq nisbətən aradan qaldırılıb. Burada həmişə səs-küy qoparan, xaos yaradan taksi sürücüləri üçün xüsusi ayrılmış istiqamətlər quraşdırılıb və onlar növbə ilə orada yerlərini tutur, klient götürdükdən sonra ərazini tərk edirlər.

Zənnimcə, bu da optimal variant deyil, yolda tıxac yaratmamaqdan ötrü  taksilər üçün də avtobuslar kimi başqa münasib yer tapıb ayırmaq, təchiz etmək olardı. Hər halda buna da şükür.

Ancaq ictimai nəqliyyatın normal, şəhər sakinlərinin rahat gediş-gəlişi sahəsində yenə ciddi çatışmazlıq var və hələki tədbir görülmür. Bakı Nəqliyyat Agentliyinin nümayəndələri daha çox metronun Atletlər kəndi tərəfinə diqqət yetirdiklərindən “Koroğlu” metrosunun əks istiqamətindəki vəziyyət  diqqətdən yayınıb və onlar giriş-çıxışda mövcud olan biabırçılığı görmürlər.

Hələ metronun içində ikən gur səslə müştəri çağıran,”Bilgəhə iki nəfər”, “Zabrata üç nəfər” “Maştağaya bir nəfər” və sairə bağıran taksi sürücülərinin bezikdirici qışqırıqları qulaqları dəlir. Metrodan çıxdıqdan sonra daha dözülməz şəraitlə qarşılaşırsan. Yolun düz ortasında piştaxtalar qoyub xırdavat satanların, müştəri çağıran sürücülərin yaratdığı maneəni bir təhər dəf edib avtobus dayanacağına doğru irəliləyirsən. İnsanlarda əsəb yaradan problem bununla bitmir. Metronun arxasına, əvvəllər avtobus dayanacağı olmuş əraziyə gedən yolda qarşını yenə taksilər, xırda avtobuslar elə kəsirlər ki, şəhər sakinləri  ya həmin maşınlara sürtünə-sürtünə yolu keçir, ya da xeyli gendən bu labirinti adlamağa məcbur olurlar. Maraqlı burasındadır ki, həmin ərazini sanki Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tamamilə xaosu yaradanların ixtiyarına veriblər. Şəhərətrafı qəsəbələrə getmək üçün metrodan çıxarkən, xüsusilə pik vaxtlarında, rastlaşdığımız bu mənzərə Bakının müasir inkişafına, “Koroğlu” metrosu ətrafında yaradılmış abadlığa və Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinə heç yaraşmır. Özümüz üçün əgər bu vəziyyət əttökəndirsə, həmin mənzərəni görən şəhərimizin  qonaqlarında, Azərbaycana gəlmiş turistlərdə, təsəvvür edin, hansı ovqatı yaradır.

Başa düşmək olar ki, metro ətrafında taksi fəaliyyəti ilə məşğul olan insanlar da işləyib ailələrinə çörək pulu aparırlar və aparmalıdırlar. Ona görə həmin insanları oradan qovmaq yox, daha sivil formada onların fəaliyyətini təşkil etməyə ehtiyac var. Metronun həmin tərəfində, keçmiş avtobus dayanacaqlarının yerində Nəqliyyat Mübadilə Mərkəzi yaratmaq, ictimai nəqliyyatın hərəkətini tənzimləmək, bir sözlə, bu biabırçılığın qarşısını almaq, zənnimcə, mümkündür. İnanırıq ki, yaxın zamanlarda Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi haqlı iradımızı nəzərə alıb, “Koroğlu” metrosu ətrafında paytaxtımıza yaraşan səliqə-sahman yaradacaq, şəhər sakinlərini taksi sürücülərinin müsibətindən xilas edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png