“Koroğlu” metrosu ətrafında xaos – Əbülfət Məhərrəmli yazır

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

Hər şeydən öncə onu qeyd edim ki, Bakı Nəqliyyat Agentliyinın bu gün paytaxtımızda ictimai nəqliyyatın hərəkəti ilə bağlı gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə “Koroğlu” metrosunun Atletlər kəndi istiqamətində yaradılmış Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyəti ürəkaçandır. Ətraf qəsəbələrdən gələn çoxsaylı avtobuslar onlar üçün ayrılmış yerdə dayanır, sərnişinlər düşüb ya digər müasir avtobuslara minib yoluna rahat davam edir, ya da metroya enirlər.  İnsanların rahatlığı üçün, insaf xatirinə, burada çox işlər görülüb və buna görə Bakı Nəqliyyat Agentliyinə “sağ ol” düşür.

Hətta metronun bu istiqamətində yan yolda əvvəlki
qarışıqlıq nisbətən aradan qaldırılıb. Burada həmişə səs-küy qoparan, xaos
yaradan taksi sürücüləri üçün xüsusi ayrılmış istiqamətlər quraşdırılıb və onlar
növbə ilə orada yerlərini tutur, klient götürdükdən sonra ərazini tərk edirlər.

Zənnimcə, bu da optimal variant deyil, yolda tıxac
yaratmamaqdan ötrü  taksilər üçün də avtobuslar
kimi başqa münasib yer tapıb ayırmaq, təchiz etmək olardı. Hər halda buna da
şükür.

Ancaq ictimai nəqliyyatın normal, şəhər sakinlərinin
rahat gediş-gəlişi sahəsində yenə ciddi çatışmazlıq var və hələki tədbir
görülmür. Bakı Nəqliyyat Agentliyinin nümayəndələri daha çox metronun Atletlər
kəndi tərəfinə diqqət yetirdiklərindən “Koroğlu” metrosunun əks
istiqamətindəki vəziyyət  diqqətdən
yayınıb və onlar giriş-çıxışda mövcud olan biabırçılığı görmürlər.

Hələ metronun içində ikən gur səslə müştəri çağıran,”Bilgəhə
iki nəfər”, “Zabrata üç nəfər” “Maştağaya bir nəfər” və sairə bağıran
taksi sürücülərinin bezikdirici qışqırıqları qulaqları dəlir. Metrodan
çıxdıqdan sonra daha dözülməz şəraitlə qarşılaşırsan. Yolun düz ortasında
piştaxtalar qoyub xırdavat satanların, müştəri çağıran sürücülərin yaratdığı
maneəni bir təhər dəf edib avtobus dayanacağına doğru irəliləyirsən. İnsanlarda
əsəb yaradan problem bununla bitmir. Metronun arxasına, əvvəllər avtobus
dayanacağı olmuş əraziyə gedən yolda qarşını yenə taksilər, xırda avtobuslar
elə kəsirlər ki, şəhər sakinləri  ya
həmin maşınlara sürtünə-sürtünə yolu keçir, ya da xeyli gendən bu labirinti
adlamağa məcbur olurlar. Maraqlı burasındadır ki, həmin ərazini sanki Bakı
Nəqliyyat Agentliyinin nümayəndələri tamamilə xaosu yaradanların ixtiyarına
veriblər. Şəhərətrafı qəsəbələrə getmək üçün metrodan çıxarkən, xüsusilə pik
vaxtlarında, rastlaşdığımız bu mənzərə Bakının müasir inkişafına, “Koroğlu”
metrosu ətrafında yaradılmış abadlığa və Bakı Nəqliyyat Agentliyinin
fəaliyyətinə heç yaraşmır. Özümüz üçün əgər bu vəziyyət əttökəndirsə, həmin
mənzərəni görən şəhərimizin  qonaqlarında,
Azərbaycana gəlmiş turistlərdə, təsəvvür edin, hansı ovqatı yaradır.

Başa düşmək olar ki, metro ətrafında taksi fəaliyyəti ilə məşğul olan insanlar da işləyib ailələrinə çörək pulu aparırlar və aparmalıdırlar. Ona görə həmin insanları oradan qovmaq yox, daha sivil formada onların fəaliyyətini təşkil etməyə ehtiyac var. Metronun həmin tərəfində, keçmiş avtobus dayanacaqlarının yerində Nəqliyyat Mübadilə Mərkəzi yaratmaq, ictimai nəqliyyatın hərəkətini tənzimləmək, bir sözlə, bu biabırçılığın qarşısını almaq, zənnimcə, mümkündür. İnanırıq ki, yaxın zamanlarda Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi haqlı iradımızı nəzərə alıb, “Koroğlu” metrosu ətrafında paytaxtımıza yaraşan səliqə-sahman yaradacaq, şəhər sakinlərini taksi sürücülərinin müsibətindən xilas edəcək.