Koronavirus riski sevmir – Əbülfət MƏHƏRRƏMLİ yazır

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

COVİD-19 koronavirus pandemiyası dünya üçün çox ağır bir bəlaya çevrilib. Planetin ən qüdrətli dövlətləri belə təhlükəli infeksiyanın qarşısında aciz qalıb. Ötən beş ay ərzində virusa yoluxanların sayı 6 milyon nəfərə yaxınlaşıb, ölənlərin sayı 355 mini keçib. Pandemiya bəşəriyyətin başının üstünü alanda ölkəmizdə infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaqdan ötrü Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun təsirli tədbirlər həyata keçirilməyə başlandı. Ancaq təəssüflər olsun ki,  təhlükəli virusa qarşı peyvənd hələ tapılmadığından yoluxanların dərman vasitələri ilə effektiv müalicəsi mümkün deyil.

Hər şeydən öncə onu qeyd
edim ki, ölkəmizdə ilk vaxtlardan həm də insanlar arasında geniş maarifləndirmə
işi aparılır, koronavirus infeksiyasına yoluxmamaq üçün karantin rejiminə,  müəyyən olunmuş qaydalara ciddi riayət edilməsi
tələb olunur. Yəni ictimai yerlərdə yaxın ünsiyyətdən yayınma, tibbi maskalar və
əlcəklərdən istifadə, şəxsi gigiyenik qaydaların gözlənməsi hələlik mümkün olan
qorunma vasitələri hesab olunur.

Pandemiyanın yayıldığı
ilkin dövrdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq ciddi məhdudiyyətlər
qoyulsa da, son vaxtlar bir çox qadağalar yumşaldılır ki, bu da təbiidir. Məhdudiyyətlər
dünya idtisadiyyatına ciddi zərbələr vurub və bu mənada Azərbaycan istisna
deyil. Qadağalar daim davam edə bilməz və ona görə ölkəmizdə elan olunmuş
karantin qaydalarına ciddi riayət etməklə yumşalmalar elan edilir.

31 may 2020-ci il saat
00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin
aradan qaldırılmasına qərar verilib. Eyni zamanda
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sosial məsafəni
gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan
fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq
qaydada istifadə edilməlidir.

Ancaq yenə təəssüflər
olsun ki, vətəndaşların heç də hamısı problemin ciddiliyini dərk etmir və ya
qulaq ardına vurur, karantin rejiminə və təklif olunan qorunma qaydalarına əməl
etmirlər. Küçədə, nəqliyyatda, digər ictimai yerlərdə adamların maskasız gəzdiyini,
bir-birinə olduqca yaxın durduğunu, bir sözlə, virusa yoluxma təhlükəsi
yaratdığını çox görürük. Ona görə həyata keçirilən tədbirlərə baxmayaraq ölkəmizdə
də yoluxma halları getdikcə  artmaqdadır.
May ayının 30-da indiyədək rekord sayda – 257 insan koronavirusa yoluxub.

Belə bir məşhur deyim var
ki, suda boğulanın xilası ilk növbədə onun özündən asılıdır. Hamının ilk növbədə
özünü, yaxınlarını və ətrafındakıları riskə, təhlükəyə atmaması üçün fərdi
olaraq müəyyən edilmiş qorunma qaydalarına ciddi əməl etməsi zəruridir, çünki
infeksiya ilə səmərəli mübarizə hər şeydən öncə insanların şüurluluğundan, şəxsi
intizamından asılıdır. Yalnız sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən
edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi
hər birimizi təhlükəli virusdan qoruya bilər. Fərdlərin sağlamlığı isə həm də cəmiyyətin
sağlamlığıdır.

Bir məsələ də bu gün, zənnimcə,
yetərincə aktual olaraq qalır. İnsanlardan fərdi qaydada qadağalara riayət etməsi
haqlı olaraq tələb edilsə də, fəaliyyətinə icazə verilmiş ayrı-ayrı müəssisə və
təşkilatlarda, qapalı yerlərdə  məhdudiyyətlərə
həç də ciddi əməl edilmir. Daha çox yoluxma təhlükəsi də həmin yerlərdə
yaranır. Məsələn, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata
görə, bəzi iaşə müəssisələrində, yas yerlərində sanitar-epidemioloji qaydalara
və metodiki göstərişlərə diqqət yetirilmir.  Ona görə həmin təşkilatlara qarşı da tədbirlərin
sərtləşdirilməsinə, nəzarətin artırılmasına, belə hesab edirəm ki, ehtiyac var.
Yalnız hamının şüurlu şəkildə koronavirus infeksiyasına qarşı mübarizəsi səmərə
verə bilər.