ONN İnformasiya Agentliyi

Koronavirus riski sevmir – Əbülfət MƏHƏRRƏMLİ yazır

Koronavirus riski sevmir – Əbülfət MƏHƏRRƏMLİ yazır
31 May 2020 - 10:30

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

COVİD-19 koronavirus pandemiyası dünya üçün çox ağır bir bəlaya çevrilib. Planetin ən qüdrətli dövlətləri belə təhlükəli infeksiyanın qarşısında aciz qalıb. Ötən beş ay ərzində virusa yoluxanların sayı 6 milyon nəfərə yaxınlaşıb, ölənlərin sayı 355 mini keçib. Pandemiya bəşəriyyətin başının üstünü alanda ölkəmizdə infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaqdan ötrü Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun təsirli tədbirlər həyata keçirilməyə başlandı. Ancaq təəssüflər olsun ki,  təhlükəli virusa qarşı peyvənd hələ tapılmadığından yoluxanların dərman vasitələri ilə effektiv müalicəsi mümkün deyil.

Hər şeydən öncə onu qeyd edim ki, ölkəmizdə ilk vaxtlardan həm də insanlar arasında geniş maarifləndirmə işi aparılır, koronavirus infeksiyasına yoluxmamaq üçün karantin rejiminə,  müəyyən olunmuş qaydalara ciddi riayət edilməsi tələb olunur. Yəni ictimai yerlərdə yaxın ünsiyyətdən yayınma, tibbi maskalar və əlcəklərdən istifadə, şəxsi gigiyenik qaydaların gözlənməsi hələlik mümkün olan qorunma vasitələri hesab olunur.

Pandemiyanın yayıldığı ilkin dövrdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq ciddi məhdudiyyətlər qoyulsa da, son vaxtlar bir çox qadağalar yumşaldılır ki, bu da təbiidir. Məhdudiyyətlər dünya idtisadiyyatına ciddi zərbələr vurub və bu mənada Azərbaycan istisna deyil. Qadağalar daim davam edə bilməz və ona görə ölkəmizdə elan olunmuş karantin qaydalarına ciddi riayət etməklə yumşalmalar elan edilir.

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq qaydada istifadə edilməlidir.

Ancaq yenə təəssüflər olsun ki, vətəndaşların heç də hamısı problemin ciddiliyini dərk etmir və ya qulaq ardına vurur, karantin rejiminə və təklif olunan qorunma qaydalarına əməl etmirlər. Küçədə, nəqliyyatda, digər ictimai yerlərdə adamların maskasız gəzdiyini, bir-birinə olduqca yaxın durduğunu, bir sözlə, virusa yoluxma təhlükəsi yaratdığını çox görürük. Ona görə həyata keçirilən tədbirlərə baxmayaraq ölkəmizdə də yoluxma halları getdikcə  artmaqdadır. May ayının 30-da indiyədək rekord sayda – 257 insan koronavirusa yoluxub.

Belə bir məşhur deyim var ki, suda boğulanın xilası ilk növbədə onun özündən asılıdır. Hamının ilk növbədə özünü, yaxınlarını və ətrafındakıları riskə, təhlükəyə atmaması üçün fərdi olaraq müəyyən edilmiş qorunma qaydalarına ciddi əməl etməsi zəruridir, çünki infeksiya ilə səmərəli mübarizə hər şeydən öncə insanların şüurluluğundan, şəxsi intizamından asılıdır. Yalnız sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi hər birimizi təhlükəli virusdan qoruya bilər. Fərdlərin sağlamlığı isə həm də cəmiyyətin sağlamlığıdır.

Bir məsələ də bu gün, zənnimcə, yetərincə aktual olaraq qalır. İnsanlardan fərdi qaydada qadağalara riayət etməsi haqlı olaraq tələb edilsə də, fəaliyyətinə icazə verilmiş ayrı-ayrı müəssisə və təşkilatlarda, qapalı yerlərdə  məhdudiyyətlərə həç də ciddi əməl edilmir. Daha çox yoluxma təhlükəsi də həmin yerlərdə yaranır. Məsələn, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bəzi iaşə müəssisələrində, yas yerlərində sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə diqqət yetirilmir.  Ona görə həmin təşkilatlara qarşı da tədbirlərin sərtləşdirilməsinə, nəzarətin artırılmasına, belə hesab edirəm ki, ehtiyac var. Yalnız hamının şüurlu şəkildə koronavirus infeksiyasına qarşı mübarizəsi səmərə verə bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png