ONN İnformasiya Agentliyi

Müəllimdən imtahan götürənlərdən kim imtahan götürüb? – Züleyxa NADİR yazır

Müəllimdən imtahan götürənlərdən kim imtahan götürüb? – Züleyxa NADİR yazır
12 Avqust 2020 - 10:36

Züleyxa NADİR xüsusi olaraq ONN media üçün.

Təhsil sistemi cəmiyyətin elə bir sütunudur ki, onun bünövrəsi möhkəm deyilsə, tezliklə uçması qaçılmaz olur. Bu sütun sovetlər zamanı çox möhkəm idi. Sovet təhsil sistemi dünyada özünün bir çox üstünlükləri ilə fərqlənirdi. Təkcə onu demək kifayətdir ki, 70 illik bir zaman kəsiyində 7-8 milyonluq Azərbaycan əhalisdi 7-dən 77-yə təhsilə cəlb edildi, ən azı, orta təhsildən kənarda qalan olmadı. Ən azı, ibtidai təhsili olmayanı axtarmaq samanlıqda iynə axtarmağa bərabər idi.  Bu gün 100 yaşlı bir insanın normal dünygörüşü, müasirliyi sovetlər zamanı aldığı təhsilə bağlıdır. Amma Azərbaycanın son 30 illik taleyində orta təhsili olmayan, az qala hərif  tanımayan, oxuma-yazma qabiliyyətindən məhrum insanlar ölkənin hər tərəfində istənilən qədərdir.  Bunun çox səbəbləri var. Məncə, sadalamağa gərək yoxdu. Bunu ayrı bir mövzunun yazısı olaraq sonrakı zamana saxlayıram. İndilikdə isə müəllimlərlə bağlı bir problemdən söz açmaq istəyirəm ki, bu da təhsilə zərbə vuran amillərdən biridir. “Müəllimlərin diaqnostik qiymətləndirilməsi” adlı imtahandan söz açmaq istəyirəm.

Öncə bir lətifə: qulaqları eşitməyən yaşlı bir qadın ərindən soruşur ki, ay kişi, əvvəllər qoyunlar mələyəndə səsləri kəndi başına götürürdü, amma indi səssiz mələyirlər, eləcə ağızlarını açıb yumurlar, niyə belədir?  Kişi arvadına cavab verir ki, a şöğərib, qoyunlar indi də səsli mələyirlər, amma sən kar olduğun üçün eşitmirsən. Lətifəsi bizim müəllimlərdən uzaq, sovetlər zamanı müəllimlər imtahan vermirdilər, imtahan götürürdülər. Amma indi müəllim ali məktəbə qəbul olunduğu gündən təqaüdə çıxdığı günə qədər dəfələrlə imtahan verməli olur. Bu, yaxşıdırmı, pisdirmi? İndiki zamanda, dünyanın  çalxandığı bir  məqamda tam anlamı ilə  ortaya qoymaq bir qədər çətindir, “kar arvadı” inandırmaq üçün yetərli fakt yoxdur. Çünki “kar arvadın” aydın gördüyü, yaxşı bildiyi bir fakt var ki, öyrətmən zatən imtahan vermədən də,  başqa bir müəllim qarşısında oturmadan da bir ömür sınağa çəkilir. Həyatın sınaqları ilə döyüşən müəllimi işlədiyi müddətdə təkrar-təkrar imtahana çəkməyin nə anlamı var? Bu imtahan ona nə verir? Əlbəttə heç nə… olsa-olsa cüzi bir nəsə əldə edə bilir.

Özü imtahan götürən müəllim imtahana çəkilməməlidir! Hər beş ildən bir diaqnostik qiymətləndirmə adı ilə  şagirdlər qarşısındakı öhdəliyinin üstünə gələn imtahan həyəcanı onun psixologiyasına pis təsir edir. Müəllim 2-3 ay bu imtahana hazırlaşır, dərs proqramını unudur, fikri-zikri verəcəyi imtahanda qalır. Aylarla özünü şagirdindən götürəcəyi imtahan əvəzinə, verəcəyi imtahana hazırlayır. Nəticədə müəllim-şagird münasibətlərində soyuqluq yaranır. Bu günün gözüaçıq  məktəblisindən ona dərs deyən müəllimin fikirlərinin dağınıq olduğunu, hansısa bir yükün altında sıxıldığını gizlətmək mümkün deyil. Şagird bilir ki, müəllimi  imtahan verəcək. Təbii ki, bu fakt ona gülünc gəlir.  Çünki müəllim imtahan götürəndi, imtahan verən deyil.

Diaqnostik qiymətləndirmə… bu o deməkdir ki, müəllimin biliyinə diaqnoz qoyulur. Anadolu Türkü demiş, tamam! Bəs, bu diaqnoz nəticəsində ortaya çıxan “xəstəliyi” müalicə etməyin yolları niyə müəllimi “sağaltmır”? İmtahandan az bal toplayanların dərs yükünü azaldırlar, maaşı da xeyli kəsilir. Bu halda işinə sevgi ilə yanaşan müəllimdən hansı məsuliyyəti, hansı sevgini gözləmək olar? Gənc müəllimləri bəlkə də anlamaq mümkündür, onlar universitet partasından yeni durublar, imtahan həyəcanını unutmayıblar, onun məsuliyyəti hələ canlarından çıxmayıb. Yaşlı və orta nəsil öyrətmənlər üçün bu imtahan ağır yükdür, uzun  illərin sərbəstliyi əllərindən alınır, peşəkarlıqları zədələnir .

Hər beş ildən bir verilən bu imtahanın hansı üstünlüyünün, hansı mənfi cəhətinin olub-olmamasını öyənmək məqsədi ilə bir neçə yaşlı və gənc müəllim arasında sorğu apardım. Birmənalı olaraq gərəksiz olduğunu bildirdilər. İki mərhələdə – yazılı və şifahi keçirilən bu imtahan şagirdlərin onlara olan inamını öldürür, müəllim peşəsinə, öyrətmən şərəfinə kölgə salır. Onu da söylədilər ki, ixtisas fənnindən qoyulan suallar qalsın bir yana, şifahi müsabiqə vaxtı  tərdris etdiyi fənnə dəxli olmayan, bəzən olduqca gərəksiz və mənasız suallarla müəllimi az qala aşağılayırlar. Məsələn, 50 yaşlı müəllimə elə sual verirlər ki, o yaşadığı ömürdə eşidib-görmədiyi  bir nəsnə ilə üz-üzə qalır, təəccüblənir, heyrət edir.  Kimsə deyə bilər ki, müəllim niyə heyrət etsin? Müəllimlik məhz heyrətdir! Əks halda peşəsini sevib ona vurğun ola bilməz. Heyrətdən və sevgidən yoğrulmuş öyrətmənliyi imtahana çəkmək onun şəxsiyyətini şübhə altına almaqdır. Məsələnin ən ağrılı tərəfi odur ki, bəzən ikinci mərhələdə istədikləri müəllimə elə primitiv suallar verirlər ki, birinci mərhələdə  topladığı ən az balın üstü ört-basdır olunur. Demək ki, diaqnostik qiymətləndirmədə ədalət və şəffaflıq prinsipi pozulur, doğru-düzgün “diaqnoz” qoyulmur. Yanlış diaqnoz isə xəstənin ölümünə səbəb olur.

İlin sonuna qədər müəllimlər yenə də imtahana cəlb olunacaqlar. İmtahanın adı bu dəfə “sertifikasiya” olacaq. Nəticəsinin beş il əvvəlkindən sərt olacağı gözlənilir. “Diaqnostik qiymətləndirmə”də az bal toplayan müəllimin maaşı azaldılırdısa, “sertifikasiya”da o, bir il işindən uzaqlaşdırılacaq, növbəti ildə  imtahan verəcək. Və bu dəfə də az bal  toplasa müəllimlik hüququ əlindən alınacaq, bir daha məktəbə dönə bilməyəcək. İlk baxışda bəlkə də haqlı görünür, ədalətli təsir bağışlayır.  Amma tutaq ki, təqaüdə çıxmağa 1-2 ili qalmış müəllimi bu cür cəzalandırmaq hansı insaf tərəzisində ölçülür? Sirr deyil ki, bu gün peşəsini sevməyən, məcburiyyətdən müəllimlik edənlər var. Xüsusilə də istədiyi ixtisasın balını toplaya bilmədiyindən pedoqoji fakültəyə düşən hansısa qızçığazın müəllimlik etməsi insafsızlıqdı, onun bu cür cəzalanması tam yerindədi. (Yeri gəlmişkən deyim ki, təhsil sisteminin çökməməsi, millətin gələcəyinin işıqlı olması üçün  pedoqoji fakültələrə ən yüksək bal toplayanlar qəbul olunmalıdır – bu, dünyanın çox yerində belədir. Bizdə isə abituriyentləri aşağı, uzaqbaşı orta balla müəllimlik fakültəsinə qəbul edirlər). Amma ola bilər ki, imtahan vaxtı həyəcandan nəyisə unudan müəllim şagidlərinin sevimlisidir, pedoqoji biliyi güclüdür, savadlı, müasir və dünyagörüşlüdür. Həmin gənclə illərin  təcrübəsini toplayan belə müəllimə eyni ”cəza” vermək vicdan güzgüsünün çirkli olduğuna dəlalət edir. Sual yaranır: orta məktəb  müəllimindən imtahan götürənlərdən kim imtahan götürüb?  Onlar bu mənsəbə  5-6 pilləli imtahanlamı çatıblar? Sorğu apardığım müəllimlər dedilər ki, biz dəfələrlə etirazımızı bildirmişik ki, qarşısında oturub  suallarını cavablandırdığımız insanlar da imtahana cəlb olunsunlar. Ancaq eşidən olmayıb.

Bir gecə Napoleonu yuxudan oyadırlar. Görəsən  gecənin bu saatında onu yuxudan oyandırmağa cəsarət edən adamın əlində hansı səbəb varmış? Sən demə düşmən ordusu hucuma kecibmiş. Bunu eşidən Bonapartın həyəcanı keçir və sakit halda deyir ki, çox qorxdum, elə bildim ki, imatahan var. Demək ki, imtahan qorxusu – adi şagirddən tutmuş sərkərdəyə qədər – hər kəsin canında var. Əgər dünyanın yarısını fəth etmiş Napoleon imtahandan çəkinirsə, müəllimin bu sınaqdan istənilən nəticəni verə biməməsi gözləniləndi. Madam ki, imtahan vermək vacibdir, o zaman bu sahənin cavbdeh şəxslərindən də imtahan götürülsün. Öncə təhsil nazirini, onun müavinlərini, idarə rəislərini, məktəb direktorlarını sınağa çəksinlər, sonra müəllimləri imtaan vermək üçün kompüter qarşısında oturtsunlar. Yuxarıların  biliyi, savadı sınağa çəkilməsə də, idarəçilik təcrübələri,  davranışları, mədəniyyətləri, pedoqoji üsulları, təlim metodları imtahanla ortaya çıxarılsın. Bu, daha ədalətli olar!

Bir var həyat universitetindəki imtahan, bir də var  elm, təhsil ocağında verilən imtahan. Həyat belədir ki, öncə imtahana çəkilirsən, sonra  aldığın qiymətə uyğun tale yolun çəkilir. Təhsildə isə aldığın biliklərin nəticəsi olaraq imtahan verirsən. Deməli, həyat məktəbinin imtahanı daha çətin, daha ağrılıdı. Hər kəs bu imtahandan keçir, kimsə talenin sınağından qaça bilmir. Bu, bir alın yazısıdır, onu silmək olmur. Madam ki, alın yazısını silmək mümkün deyil və müəllimlik peşəsi də bu yazının bir parçasıdı, o zaman nədən onu silməyə cəhd olunur?! Ən azı, beş il əvvəl diaqnostik qiymətləndirmədən  keçən müəllimləri təkrar sertifikasiyaya cəlb etməyə gərək yoxdur.

Bunun adı taftalogiyadı…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yazıldı
Fuad Kərimov 13 Avqust 2020 / 15:32 Cavabla

Çox düz dediniz Təşəkkürlər miq müsahibədə nəyə lazımdı

XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png