ONN İnformasiya Agentliyi

Mübariz Qurbanlıdan professor Əjdər İsmayılova VƏTƏNPƏRVƏR CAVAB- Müraciətinizi yüksək qiymətləndirir və təqdir edirəm

Mübariz Qurbanlıdan professor Əjdər İsmayılova VƏTƏNPƏRVƏR CAVAB- Müraciətinizi yüksək qiymətləndirir və təqdir edirəm
08 Aprel 2020 - 16:25

“Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri professor Əjdər Tağıoğluna (İsmayılov)

Hörmətli Əjdər müəllim,

Sizin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi mənə ünvanlanmış müraciətinizi vətənpərvər və humanist Azərbaycan ziyalısının səmimi mövqeyi kimi yüksək qiymətləndirir və təqdir edirəm.

Öncə onu bildirmək istəyirəm ki, bu gün Azərbaycanı Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu uğurlu yolla daim irəli aparan Prezidentimiz cənab İlham Əliyev koronavirus epidemiyasının yayıldığı ilk dövrlərdən etibarən uzaqgörənlik və müdriklik nümayiş etdirərək ölkəmiz üçün qəti və ciddi qərarlar qəbul etmişdir. Həmin qərarların nəticəsidir ki, bu gün Azərbaycan koronavirus epidemiyası ilə mübarizədə nümunəvi ölkə kimi qəbul edilmiş və hökumətimizin bu istiqamətdəki fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir edilmişdir.

Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyalar, onların rəhbərləri, dini icmalar, din xadimləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu ilk gündən ölkə Prezidentinin qətiyyətli çağırışlarına qoşulmuşlar.

Eyni zamanda müxtəlif dini konfessiyaların liderlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin, din xadimlərinin iştirakı ilə Qafqaz Müsəlmanları İdarəsində keçirilmiş toplantıda din xadimlərinə və dindarlara müraciət edilərək, onlara ölkədə təşkil olunan xeyriyyə aksiyalarında, ümumiyyətlə cəmiyyətimizin maddi və mənəvi cəhətdən səfərbər olunmasında aktiv iştirak etmələri tövsiyə olunmuşdur.

Bunun nəticəsidir ki, möhtərəm Prezidentimizin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dini icmalar, ziyarətgahlar, din xadimləri, müxtəlif konfessiyalar, o cümlədən sadə dindarlar, eləcə də Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun, habelə Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları könüllü ianələr köçürmüşlər. Onu da qeyd edim ki, bu prosesə müxtəlif qurumlar, xeyriyyəçi insanlar da qoşulmuşdur və hazırda uğurla davam etməkdədir.

Hər il minlərlə dindar vətəndaşımız xarici ölkələrdəki müqəddəs məkanları ziyarət edirlər. Bu il də həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insanlarımız var. Amma əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb. Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” – buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər.

Hörmətli Əjdər müəllim,

Bir daha səmimi müraciətinizə görə Sizə dərin təşəkkürümü bildirir, möhtərəm Prezidentimizin rəhbərliyi altında dövlətimizin bu sınaqdan da uğurla çıxacağına əminliyimi ifadə edirəm.

Hörmətlə,

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

XXX

P.S. Söhbət  bu  müraciətdən  gedir.

Koronavirusla bağlı respublikamızda yaranan mövcud proseslərlə əlaqədar tanınmış ictimai-siyasi xadim, məşhur “91-lər”dən olan  Turan Araşdırma Mərkəzinin sədri, professor Əjdər Tağıoğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubla müraciət edib.

Açıq məktubda  deyilir:

Hörmətli Şeyxülislam! Hörmətli sədr!

Həzrət Əli buyurub: “Vətəni sevmək imandandır!” Bu gün bizim  də bir Vətən, bir iman borcumuz var. Bu yolda Uca Allahımız bizi sınağa çəkir. Bu tarixi sınaqdan imanla, alnıaçıq çıxmaq  üçün candan sevdiyimiz Vətənimizi, əziz xalqımızı ölümlə hədələyən ümumdünya bəlasından – koronavirusdan qorumaq üçün biz bir nəfər kimi, qeyrətli, namuslu vətəndaş kimi dövlətimizin ətrafında həmrəylik göstərərək sıx birləşməliyik. Bu monolit birlik bizim Dədə kökümüzdən gələn Müqəddəs Borcumuzdur!

Cəmiyyətimizə də bəllidir ki, bu bəşəri  bəladan mümkün qədər az zərər çəkmək üçün dövlət öz üzərinə düşən qabaqlayıcı tədbirləri vaxtında görür və görməkdə davam edir. Dövlətimiz öz vətəndaşlarını taleyin axarına buraxmır, buraxmamalıdır da!

Mən – xalqının, vətəninin taleyinə candan bağlı olan, Vətənin ən ağır və fəlakətli dövrlərində dövlətçiliyinin müqəddəs sevgi ilə qorunmasında fəal iştirak edən və qorumağa hər zaman təmənnasız hazır dayanan qorxmaz, çəkinməz bir vətəndaş ziyalı kimi dünən də, bu gün də özümü ümummilli liderimizin məşhur “91-lər” siyasətinin sadiq əskəri hesab edərək cənab prezident İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı həmrəyliyə çağırış kimi qəbul edərək Vətənin ziyalısı, içtimai-siyasi xadimi, bir alimi kimi ilk dəstəkləyənlərdən oldum və müvafiq hesaba bir vətəndaş kimi öz pensiyamdan ödəniş etməyi özümə Müqəddəs Borc bildim.

Azərbaycan xalqının bu Fərmana qarşı laqeyd qalmaması, həmrəylik nümayiş  etdirməsi artıq digər dövlətlərə böyük nümunə oldu.

Hörmətli Şeyx, hörmətli Sədr,

Bu il Həcc ziyarətinin qiymətinin 4490 ABŞ dolları müəyyən edildiyi və 1500-ə yaxın kvotanın ayrıldığı mətbuatdan hamımıza məlumdur. Zənnimcə, Vətənin və bəşəriyyətin belə ağır zamanında sizlər həmin zəvvarlara müraciət etsəniz, Həcc ziyarətinə ayrılmış o məbləğı belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara,  ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən belə ödəyərlər. Əslində bu hərəkətlə Azərbaycan mömünləri nəinki İslam dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək göstərmiş olarlar.

Düşünürəm ki, mömünlərə edəcəyiniz çağırış tarixi bir çağırış olacaq. Və unutmayaq ki, “Başqasının yolunda əkdiyin gül, mütləq sənin yolunda açacaqdır” – Həzrət Əli.

Hörmət və ehtiramla:        

                                                         Əjdər Tağıoğlu (İsmayılov)

                                                        professor, sadiq “91-lər”dən,

                                                 “Turan Araşdırma Mərkəzi”İB-nin sədri

                                                                 31 mart 2020-ci il.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png