ONN İnformasiya Agentliyi

Oğuz – türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala – şəhər yadigarı 1 – ci yazı

Oğuz – türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala – şəhər yadigarı 1 – ci yazı
29 May 2020 - 15:04

Pr.Dr Əjdər TAĞIOĞLU“Turan Araşdırma Mərkəzi” ib-nin sədri

Problemə tarixi zəmində aydınlıq gətirmək üçün haqqında söhbət gedəcək “Aza ölkəsi”nin əhalisi, tarixi coğrafiyası və onun B.B. Piotrovskinin “yerli əhali” dediyi sakinlərinin etnomənsubiyyətləri barədə söyləyəcəyimiz qısa fikir Azərbaycan türklərinin Ön Qafqaz tarixi üçün elmi dəyərə malikdir.

Azərbaycan türklərinin Anamayasında iştirak etmiş bəzi türk tayfalarının adları qədim mənbələrdə qeydə alınmışdı. Bu sıradan Urmiya gölü ətrafında ta qədimdən məskun olmuş “Maday”, “Maq”, “Mar” və “Su” adlı tayfaların dünya tarixində özlərinə  məxsus yazdıqları parlaq səhifələr məlumdur.

Daha yaxın ərazidə iç-içə yaşamış Mar və Su əhalisinin izdivacından törəmiş yeni nəsil “Sumar” adı ilə m.ö. min illiklərdə Zaqor dağ silsiləsini aşaraq, Böyük Köçlə İraqın şimalından İkiçayarasına (Mesopotamiyaya) gəlib yerləşmişdir. Bu barədə qaynaqlarda və tarix ədəbiyyatında kifayət qədər məlumatlar var. Bunların arasında məşhur ingilis arxeoloqu və linqvisti Henri Paulinsonun 1837-ci ildə Boqıstan (“Tanrılar məskəni”) qayalarında “Sumar” tayfalarının “Babilə gedən qədim yol” abidəsini kəşf etməsi bu barədə mənbələrdə qeydə alınmış fikirlərin mötəbərliyini sübut etmiş oldu.

“Sumar”lar yeni məskəndə sonrakı nəsillərin işlək leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq, ədəbiyyatda “Sumer”lər adıyla tarixləşmişlər. Akkad dilində “S” və “Ş” hərflərinin əvəzləşməsinə görə, semitdilli qaynaqlarda “Sumer” tayfaları “Şumer” adıyla qeydə alınmışlar. (Ətraflı bax: Əjdər Tağıoğlu. Moisey Xorenatsi anonim keşiş müəllifdir. Bakı – “Elm və təhsil”, 2016 s.99-103)

Mar, Maday və Maq tayfaları Ön Asiyada və Ön Qafqazda ayrı-ayrı adlar altında qədimdən məskun olmuş qohum türk tayfalarını bir hərbi ittifaqda birləşdirərək yunanların “Midiya” adlandırdıqları “Maday imperiyası”nın əsasını qoymuşlar. İmperiyanın qüdrətli çarı Kiaksarın ikinci adla mənbələrdə “Mar Varbak”-“Mar Arbak”, onun oğlu imperiyanın son çarı Astiyaqın “Mar Astiyaq” adlarında nəsil şəcərəsi ilə qeydə alınması onların etnomənşəcə hansı tarixi kökdən olduqlarına sübutdur.

Marların bir nəsil budağı da Urmiya gölü sahilindən köç edərək Kiçik Asiyada qədim Tavr dağ silsiləsindən mənbə alan Fərat çayının yuxarı axarında  hündür dağlıq əraziyə yerləşmişdir. Bu ölkəni işğal edən assuriyalılar ona “Şupria” demişlər. Biaini çarları “Şupria”nı ələ keçirdikdən sonra ölkənin hündür dağ zirvəsində yerləşdiyini nəzərə alaraq, ona öz dillərində “Arme”, yəni “Hündür ölkə” adı vermişlər. Bununla da Mar tayfaları Biaini daş yazılarında dəfələrlə adıçəkilən “Arme” ölkə əhalisi kimi tarixə çevrilmişdir.

Məsələni uzatmamaq üçün xatırladaq ki, kiçik ərazidə yerləşmiş  “Arme” ölkəsi yunan-selevkid hökmdarı olan III Antioxun (m.ö.223-187-ci illər) dövründə “Suriya çarlığı”nın tərkibində olmuşdur. Antiox Strabonun “Artaksi” (m.ö.188-145-ci illər) adı ilə tarixə nişan verdiyi öz komandanını “strateqini” “Arme”yə vali təyin etmişdir. Kilsə M.Xorenatsinin dili ilə onu Atarpaten çar nəsil sülaləsindən olduğuna görə “Atarpaten əsilzadəsi”, tayfa mənsubiyyətinə görə “Mar Artaşes” adlandırır. “Artaşes” sözü “Avesta” inanclı əhalinin leksikonunda “arta” “böyük”, “şes” “hökmdar”, yəni “Böyük hökmdar”  anlamında işlənmişdir.

“Arme” valisi Artaksi – “Mar Artaşes” m.ö.190-cı ildə romalıların yunanlara qarşı çaldıqları qələbədən sonra, m.ö. 188-ci ildə valiliyi müstəqil çarlığa çevirmişdir. Artaksinin – “Mar Artaşes”in dövründə Kiçik Asiya və Alban dənizi arasında yerləşmiş geniş coğrafiya “təxminən 200 illik (m.ö.188-m.s.10) tarixi olan “Arme çarlığı”nın tərkibində olmuşdur. Qədim dünya dövlətlərindən olmuş çarlığın  “Arme”  adı ayrı-ayrı xalqların ədəbiyyatında müxtəlif şəkildə qeydə alındığı kimi, rusdilli ədəbiyyatda da rusların leksik-semantik dil xüsusiyyətlərinə uyğun olaraq “Armeniya”  şəklində işlənmişdir. Göründüyü kimi, erməni tarixçilərinin mənsub olduqları millətə yazdıqları “Armeniya tarixi” kitablarının uydurma və saxta olmasını Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfalarının “Arme çarlığı”nın tarixi  meydana çıxarır. 

Mar tayfaları başqa bir nəsil qohumu olan Maq tayfaları ilə birlikdə Urmiya gölü sahillərindən – Ata yurdundan onlarla Ön Qafqazda eyni Ata kökdən gələn yarıköçəri qədim Nəxçu elinin Dədədən “Ağrı dağı” adı ilə nişan verilmiş dağın vadisinə doğru uzanan ərazisindən keçərək Pont dənizinin (“Qara dəniz”in) Cənub Şərqinə, Qafqaz dağ silsiləsinin ətəklərinə  yayılmışdır.    

Ön Qafqazda geniş coğrafi əraziyə yayılmış marlar və maqlar tarixin müxtəlif çağlarında ayrı-ayrılıqda zəngin mədəniyyət nümunələri yaratmışlar. Mar tayfalarının aşıq rapsodları tərəfindən babalarının şərəfinə düzüb-qoşduqları və nəsil-nəsil yaşatdıqları  “Əjdahalar və Divlər haqqında nəğmələr”  əfsanəsində “Ağrı dağı” adı ilə nişan verilən dağın zirvəsində marların böyük hökmdarının zinətdən işlənmiş taxt-tacının yerləşməsindən və s. bəhs edir. Erməni mifoloqları və tarixçiləri başqa zəngin mədəniyyət nümunələrimiz kimi, bu əfsanəni də “Vipasank” adı ilə “erməniləşdirmişlər”. Bu baxımdan S.T.Yeremyanın “Avesta”dan Ahura-Məzdanın Tanrı panteonu əsasında yazdığı “Erməni mifologiyası” məqaləsi erməni saxtakarlığının son nümunələrindəndir.

M.Xorenatsidə başqa bir maraqlı epizod. Təsadüfi deyildir ki, Artaksinin – “Mar Artaşesin” oğlu Artavas “Arme çarlığı”nın hərbi-inzibati ərazisinə daxil edilmiş Oğuz Albaniyasının  qərb ərazisində – “Şərur çöllərində” (M. Xorenatsi) “Marakert” (“Mar ölkəsi”) şəhərini salır.

Kilsə anonim keşiş M.Xorenatsinin dilindən “Armeniya tarixi”ndə “Qoxtn”-“Qoxten” adlandırdığı Naxçıvanda Mar rapsod aşıqlarının “Mar Artaşes”in nəvəsi, Artavasın oğlu Tiqranın şəninə oxunan silsilə nəğmələri xatırladır.

Bütün bu deyilənlər, yaxud məqalənin həcminə görə, deyilməyən gərəkli maddi-mədəniyyət nümunələri sübut edir ki, B.B.Piotrovski başda olmaqla, siyasi muzdlu rus tarixçiləri və bəzi Avropa alimləri tərəfindən Ön Asiya, Orta Şərq, Ön Qafqaz torpaqlarında məskun olmuş əhalinin adları məqsədli olaraq çəkilməsə də, aparılmış bir sıra qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət sübut edir ki, ayrı-ayrı adlar altında yaşamış türk tayfaları tarixin sübh çağından bu coğrafiyanın ən qədim sakinləri olmuşlar. Bu baxımdan, haqqında söhbət gedəcək Aza ölkəsinin bir sıra qədim xarabalıqlarını aşkarlayanda Biaini çarlarının işğalçı ordusuna qarşı vuruşan Mar tayfalarının rus və erməni arxeoloqları tərəfindən tarixi adlarının çəkilməməsinin, onların mücərrəd “yerli əhali” adı ilə nişan verilməsinin səbəbi məlum olur. Çünki Ön Qafqaz coğrafiyasında ən qədim dövr tarixi yaşamış Aza ölkəsinin Mar əhalisi daha sonralar “Oğuz türkləri” adı altında ayrı-ayrı nəm-nişanla nəsil qollarına şaxələnmiş, zaman-zaman aşıq rapsodların qoşduqları nəğmələrdə, əfsanə və rəvayətlərdə dastanlaşmış qohum tayfaların babalarıdır. Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfinə gəldikdə, Biaini daş yazılarında elmi-tarixi dəyəri olan bir məlumat da maraqlıdır. Göyçə gölünə doğru işğaldan danışan yazıların birində çar deyir ki, “dörd çara gölün sahilində, on doqquz çara göldən kənarda dağlıq ərazidə, cəmi iyirmi üç çara mən təkbaşına qələbə çaldım.” 

Ardı var…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png