ONN İnformasiya Agentliyi

ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏK HAQQI – Araz ƏHMƏDOĞLU yazır

ÖZ MÜQƏDDƏRATINI TƏYİN ETMƏK HAQQI – Araz ƏHMƏDOĞLU yazır
14 Yanvar 2020 - 18:22

 Araz ƏHMƏDOĞLU, xüsusi olaraq ONN üçün. Yanvar 14/2020, Xoy.

1978-də İrandakı qondarma Pəhləvi diktatorluğundan usanmış xalq rejimi dəyişmək üçün üsyan etdi. Bu tarixdən indi 42 il keçir. Ancaq İrandakı hakim rejimin daxili və xarici siyasətinin nəticələri İran xalqını razı salmaqdansa peşmanlıq və keçmiş həsrətinə sürükləyərək irticaii fikirlərin yüksəlməsinə nədən olub. Xalq ölkənin qaranlıq gələcəyindən haqlı olaraq nigarandır. Bu nigaranlıq getdikcə yerini qarşısıalınmaz ümumi qəzəb və üsyana verməkdədir. Belə getsə ölkənin gələcəyi Suriya, İraq və Əfğanistana bənzər fəlakətli bir duruma dönə bilər. Bu məqalənin hədəfi İranda millətlərin açmaz durumdan çıxmasına kömək etməkdir. Bu açmaz durumdan çıxmağın məntiqi yolu İranda var olan millətlərin bəşəri haqlarını, o cümlədən öz müqəddəratını təyin etmək haqqını rəsmiyyətə tanımaq və bu millətlərin istədiyi demokratiyanı ədalət ilə bərpa etməkdə görünür.

Öz müqəddəratını təyin etmək haqqqı nəziriyyəsinə görə, hər şəxsin öz hədəflərinə çatmaq qabiliyyəti üç təməl (əsasi) fizioloji ehtiyacdan asılıdır: 1) özünüidarəetmə bacarığı 2) ilişki bacarığı 3) səriştə və yaxud qanuni səlahiyyət. Başqa sözlə, gənclik (insanlar) özləri öz müqəddəratını bəlli edə bilsələr (özünüidarəetmə bacarığı), başqaları ilə anlamlı ilişki qurub ağıllıca işbirliyi edə bilsələr (ilişki bacarığı), və idealarını (nəzərlərini) eyləmə çevirib doğrulda bilsələr (səriştə və yaxud qanuni səlahiyyət) onda daha yaxşı hədəflərinə çata bilərlər.

Bu nəzəriyyə insanları bir-bir nəzərdə alsa da əslində insanların toplumu olan ailə, el, ulus kimi böyük birlikləri də əhatəsinə alır. Ulus dedikdə ideallar, dəyərlər, yaşam təcrübələri, keçmişləri, mədəniyyətləri və kimlikləri bir, insanlardan oluşan toplumdur. Bu toplumun hər bir üzvü ayrılıqda özlərinə şəxsi istəkləri, şəxsi ideaları var. Amma bu idealar və istəklər çox vaxt üst-üstə düşür və belə olduqda toqquşmalar qaçınılmazdır. Bu durumda ulusal ideallar, dəyərlər və mənafe qanun biçimini alıb bütün üzv şəxslərin hamısının ortaq və başqalarına ziyan vurmayan mənafelərini ortaq tutatraq qorumağa məşruiyyət qazanır. Sözsüz üzvləri bacarıqlı olan bir toplumun birlik bacarığı da yüksək olur. Başqa sözlə, toplumdakı layiq təhsil sistemi sayəsində öyrətim və bacarıqları yüksək olanlar hər durumda öz şəxsi mənafesini öyrətim və bacarıqları aşağı olanlardan daha tez və daha yaxşı öz istəklərinə çata bilirlər. Amma sözsüz bu insanların hədəfi tam aydıncasına bəlli olur və onlar o hədəfləri uğrunda ürəkdən-candan çalışan insanlar olur.

 Söz qonusu bir ulus (millət) olduqda yenə durum eynidir. Millətlər şüurlu şəkildə üzvü olduqları toplumun mənafe, istəklər və amaclarını nəzərdə alaraq nə istədiklərini və nə etdiklərini düzənli şəkildə planlaşdırıb bu yolda birlikdə hərəkət edir. Belə ölkələri örnək göstərmək oxucunun öz zövqünə buraxılır. Toplumsal (ictimaii) şüur səviyyəsi aşağı olan millətlərin də yaşadıqları fəlakətlər göz önündədir.

 1978-də İrandakı nüfus bıxıb usanmış bir durumu dəyişmək istədi. Xalqı coşdurub küçələrə tökən güclər bu nüfusun nə istədiyini yaxşı bilirdi, amma nə yazıq millətin çoxu həqiqətən nə istədiyini bilmirdi və sonucu bu gün 2020-də göz önündədir. 1978-dən bəri bahalıq, inflasiya, işsizlik, təhsilin dəyərsizləşməsi, beyinlərin qaçması, rüşvət, fəsad, narkomanlıq, boşanma, ailələrin dağılması, ümidsizlik və hətta peşmanlıq insanları elə duruma salıb ki millətin çoxu hətta öz gözüylə görmədiyi keçmişin həsrətini çəkir. Başqa sözlə millət irticaii fikirləşib irəli getməkdənsə geriyə sürüklənir. İndi isə 2020-də hər yeni fəlakət, acı ölüm xəbərləri ilə şoka gəlmiş kütlə hirs və qəzəblə yenə xiyabanlara töklüb – nəyin bahasına olur olsun – indiki durumu dəyişmək istəyir.

Sözsüz ədalət olmayan yerdə insanların qarşısını ala biləcək bir güc qalmaz. Balaca bir örnək durumu açıqlamaqda yararlı ola bilər. Bir quru çörəyi on nəfərin arasında hamının gözü önündə düz bölüşdürsən kimsənin səsi çıxmaz. Amma biriləri hər gün kürü, kəklik əti, quzu kababına razı olmayıb yediklərinin artığını qonşuna verməyə əli getməyib zibilə tullasa və qonşusu quru çörəyə möhtac qalsa, belə bir toplumun gələcəyindən Allah qorusun! Hələ üstə gəl bu duruma bir şəriət donu geydirib quzu kababına razı olmayanlar özlərini Allahın yer üzündəki kölgəsi – bəlkə də özü – bilib din adıyla insanlara zülm edib öncə dinlərini sonra da dünyalarını əllərindən almaqla millətlərin var-yoxunu oda çəkələr! Əlbəttə bu durumun sonu qarşısı alınmaz qəzəb seli və üsyandır.

Ədalətsizliyə üsyan edən insanlar əlbəttə təbii haqları üçün qalxıb başqa insanlar kimi yaşamaq istəyir. Yəni üsyan edənlər Ədalət istəyir. Hədəf ədalətdirsə, bu ədalətin dəqiq tərifi olmalıdır və bu tərifdə bütün insanların istəyi nəzərdə alınmalıdır. Amma bu ədaləti də, bu tərifi də başqaları yox bizim öz hədəflərimiz bəlli etməlidir. Biz kimik? Nə istəyirik? Hədəflərimiz nədir? Bu hədəflərə çatmaq üçün hansı planlarımız var? Başqaları ilə hədəflərimiz hansı səviyyədə ötüşür? Hədəflərimizə gedən yolumuz başqalarının yolu ilə ötüşürmü? Ötüşürsə, tarixi təcrübələrimizə dayanaraq yenə o başqalarına inanmaq olarmı? İnana bilməriksə, öz hədədlərimizi aydın etməli və öz yolumuzu özümüz necə və hansı planlarla getməyimizi əvvəlcə özümüzə aydınlaşdırmalıyıq.

Təəssüflər olsun, İranda hakim olan rejimə qarşı nifrət və qəzəb mərkəzdə formalaşdırılan siyasi düşüncənin məhsuludur, bu düşüncə seçkilərdə bu millətə injektə edilib: kim olur olsun, rejim deyən olmasın! Hansı rejim olur olsun, bu rejim olmasın! Elə isə yüzminlərlə günahsız insan nə üçün canlarından oldu? 42 il bundan öncə də eyni düşüncə ilə bu millət meydana çıxdı. Durum nə oldu? Çaladan çıxıb quyuya düşdülər! Niyə? Çünki bu millətin aydın hədəfi və aydın istəkləri yəni milli iradəsi yox idi və bu durumda BAŞQALARI bu millətə qərar aldı. Eyni tarixi yanlışları təkrar etmək istəmiriksə bizim aydın istəklərimiz olmalıdır.

İranda Türklər, Ərəblər, Bəluçlar, Türkmənlər və başqaları var. Bu millətlərin milli mənafei qalsın, varlıqları belə Farslar üçün “milli təhdid” hesab olunur. Başqa millətlərin varlığını belə, özlərinə “milli təhlükə” sayan bir toplum ilə necə danışmaq olar? Belə bir toplum ilə necə bir masada oturmaq olar? Türklər, Ərəblər, Bəluçlar və başqa millətlərin ortaq istəyi, yəni hər millət özü öz müqəddəratını təyin etmək haqqını dəstəkləmək ən əsasi zərurətdir. Ondan sonra bu millətlər arasında dialoq getməli və millətlərin bəşəri və əsasi haqlarını rəsmiyyətə tanımalıdır. Sonrakı addım bu haqların qanuni səlahiyyətə keçməsi və əməli şəkildə icra olmasına güclü zəmanətlər alınmalıdır. Bu yol ilə həqiqi demokratiyaya çatmaq olar.

Həqiqi ədalət şəffaf siyasət yürütmək, yəni bir-birimizlə düz və açıq oynamaq ortamında olasıdır. Farslar da həqiqi ədalətə çatmaq istəyirlərsə, başqa millətlər, məxsusən Türklərin bu haqqını dəstəkləməli və oyun oynamaqdan vaz keçməlidir. Yoxsa İran Suriyadan daha acınacaqlı və ağır bir duruma sürüklənməkdədir. Bu fəlakətin qarşısını bu gedişlə İrandakı millətlərin qarşılıqlı anlaşması və birlikdə çözmək irdasındən başqa heç bir güc ala bilməyəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png