ONN İnformasiya Agentliyi

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” yeni nəşrdə
22 Oktyabr 2019 - 12:18

ONN media xəbər verir ki, tanınmış filoloq-tarixçi, türkoloq, uzun illər qədim müəlliflərə, mötəbər mənbələrə, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni “tarixşünaslığı”na elmi zərbələr endirən professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” adlı elmi əsəri “Elm və təhsil” nəşriyyatında yenidən işıq üzü görüb.

Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Turan Araşdırma Mərkəzi İB tərəfindən “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adı ilə həyata keçirilən layihə çərçivəsində çap edilib.

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” əsəri Azərbaycan elmində çox böyük hadisə sayıla bilər. Kitab erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günümüzədək “Böyük Armeniya” uydurması ilə bağlı kilsə əfsanə və rəvayətlərini, qondarma iddiaları alt-üst edir. Müəllif zəngin tarixi faktlar əsasında geniş araşdırma apararaq rusdilli nəşrlərdə coğrafi ərazi adı “Armeniya” olan sözün mənşəyindən danışır. Əjdər Tağıoğlu toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətə malik qədim Şupriyanın ikinci adı olan “Arme” ilə əlaqələndirir. “Arme” adının “Armeniya” formasında yazılışınadək tarixi əsaslarla izahlar verir və bu şəkildə izləyir. Arme/Armeini (Biaini) yazılarında), Armina/Harminuia/Ura-aş-tu-ru (Boqıstan qaya mətnlərində), Armini (Ksenefontda), Arminia/Armenia ( sonraki dövrlərdə yunan və Bizans mənbələrində), Ərməniyyə/Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya (rusdilli nəşrlərdə).

Əjdər Tağıoğlu əsərdə çox maraqlı bir məqama toxunur və “Qafqaz Albaniyası” modelinin XIX əsrin əvvələrində “Türksüz Qafqaz” siyasəti aparan rus imperiyasının işğalçı-ideoloji maşını tərəfindən yaradıldığını xüsusi qeyd edir. Müəllifə görə müstəmləkəçi imperiyanın “Qafqaz Albaniyası”nı Kürün sol sahili ilə Alban dənizi arasında dar, kiçik bir ərazidə yerləşdirməkdə məqsədi özünə etibarlı Şərq dayaqları yaratmaq üçün vaxtilə babaları Ön Asiyanın Qərb ərazilərinə günəmuzd iş üçün səpələnmiş “xristian qardaşları”na Qafqazda qədim “erməni evi” və “gürcü evi” tikməkdir. Azərbaycan türklərinin qədim tarixinə qarşı çevrilmiş bu qanlı siyasətə tarixi don geyindirmək üçün sovet dövründə “dostluq və qardaşlıq” pərdəsi altında xristian-bolşevik metodu əsasında planlı şəkildə yazdırılan tarix kitablarında Qafqaz Oğuz Albaniyasının Qərb sərhədləri birmənalı olaraq dəyişdirildi. Bundan sonra Oğuz Albaniyasının Qərb ərazilərində cənubdan Dərəçam Oğuz nekropolundan şimala Qara dənizə tökülən Rion çayının sahillərinədək olan qədim insan məskənlərində aparılan arxeoloji qazıntı zamanı üzə çıxan maddi mədəniyyət abidələri dədə malı kimi ermənilərin və gürcülərin adına yazıldı.

Əjdər Tağıoğlu bu kitabla ehkama çevrilmiş çoxsaylı tarixi “faktlar”ı canlı sübutlarla alt-üst edir.

“Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabı ilk dəfə 2006-cı və 2008-ci illərdə Milli Elmlər Akademiyasının A.A Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib. Tarixi sənədlər, xəritə və müxtəlif tarixi fotolarla zəngin olan 800 səhifəlik monumental əsərin elmi redaktorları tarix elmləri doktoru Tofiq Məmmədov və tarix elmləri doktoru Kamal Əliyev, rəyçilər professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png