Qəlblərdə həmişə yaşar -YAŞAR NURİ

Unutmayaq, unutdurmayaq!
22 noyabr (1951-2012) unudulmaz aktyor, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin vəfat etdiyi gündür. 

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Aktyor səhnəyə ilk dəfə on bir
yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq
rolunda çıxıb.

O, 1968-ci ildə Bakıdakı 173 nömrəli
orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU)
dram və kino aktyorluğu fakültəsinə daxil olur.

İnstitut dövründə “Sevil”də Balaş,
“Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazlarını yaradıb.

1972-ci ildə institutu bitirdikdən
sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləyib.
1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq
Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar
olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı
çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət
Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik
səhnəciklərdə iştirak edib. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz
Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”,
Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”,
Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel
Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz”
trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin
əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək
olar.

Kinorejissor Şamil Mahmudbəyovun
ekranlaşdırdığı “Dörd Bazar Günü” filmində yaratdığı Seyran obrazı Yaşar
Nurinin kinoda ilk işi oldu. Onun maraqlı rollarından biri  “Əzablı
Yollar” nağıl-filmindəki kiçik div obrazıdır.

Aktyorun yaddaqalan obrazlarından
biri də “Yol Əhvalatı” filmindəki Makintoş roludur.

Vaqif Mustafayevin müştərək
işlərindən olan “Musiqili Xaş” və “Bəyin Oğurlanması” (rəhmətlik Ceyhun
Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və
bunların arasında İsrafil (“Bəyin Oğurlanması”) obrazının xüsusi yeri var.

Yaşarın obrazlar kolleksiyasından söz
açdıqda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl
Günü”ndəki Mahmud doktorunu, “Nə Gözəldir Bu Dünya…”dakı Asim Əliyeviçi, “Hər
Şey Yaxşılığa doğru”, “Nakəs”, ““Fransız””, “Yoxlama” filmlərindəki
bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları
tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi
sonsuz zəhmətdir.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki vəfat edib.

Allah rəhmət eləsin.