ONN İnformasiya Agentliyi

Qaranlıq aşiqləri – Cavid İSMAYIL yazır

Qaranlıq aşiqləri – Cavid İSMAYIL yazır
15 Yanvar 2020 - 13:34

Cavid İSMAYIL, xüsusi olaraq ONN üçün.

“Cahil dirilərin ölüsüdür”-atalar sözü.

Bəşəriyyətin gedişatına nəzər salanda görmək olur ki, müasir zamanəmizdə insanlıq uçurumun kəndarında dayanıb, balaca bir təkana bənddir ki, üzü aşağı yuvarlansın.  Dünyanın başqa olkələrini deyə bilmərəm, amma mənim ölkəmdə  buna yol vermək olmaz. İnsanlar həyata gülümsəməli, sabaha ümidlə baxmalıdırlar. Hər gələn gün insanlarımızın ümidini artırmalı, yaşamaq eşqini gücləndirməlidi. Təbii ki, bunun cəmiyyətimiz də tam yaşanması bir tərəfdən dövlətdən asılıdır, digər tərəfdən insanlarımızın inamına və vətəndaş mövqeyinə bağlıdı. Dövlət  hər bir VƏTƏNdaşının yanında durmalıdır. Tarixdən bəllidir ki, yan-yörəsi boş qalan hər bir VƏTƏNdaşın yanını mütləq kimlərsə məqsədli olaraq dolduracaq. Bax, qorxulusu da budur. Çünki o, kimlərinsə məkirli hədəfi Vətən olacaq!

Son günlər sosial şəbəkələrdən də açıq sezildi ki, həmin “kimlər” bəzi VƏTƏNdaşlarımızın yanında yer almaqdadırlar. Bu isə əsl təhlükədir. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ münasibətləri qoruyur, keşiyində dayanır. Dövlətlə bərabər vətəndaşlar da öz məsuliyyətini dərk etməli, əsas insan və vətəndaş hüuquqlarına hörmətlə yanaşmalıdır. Azərbaycanda dövlət-vətəndaş birliyinin sarsılmasına qətiyyən yol vermək olmaz. Vətəndaş yolunu azarsa dövlət kökündən laxlayar. Ona görə də vətəndaş boş qalmamalı, eyni zamanda ayıq-sayıq olmalıdır.

Dövlət cəmiyyətin ruporudur. Cəmiyyətin özəyi isə onun vətəndaşlarıdır. Elə buradaca gender bərabərliyini də qeyd etməyi özümə borc bilirəm. Azərbaycanda qadınlar və kişilər cəmiyyətdə eyni hüquqa malikdirlər. Amma ailədə eyni vəzifənin  daşıyıcıları deyil. Qadın ana, kişi isə ata rolunu doğru-dürüst ifa edəndə ailənin möhkəmliyi laxlamır. Əslində ailədə də, cəmiyyətdə də qadının  rolu çox böyükdür.  Qadının o böyük rolun öhdəsindən gəlməsi üçün uşaq yaşlarından  düzgün tərbiyə etmək lazımdı. Ona savad vermək, təhsil almasına şərait yaratmaq valideyn üçün borcdu. Bu, valideyn məsuliyyəti olmaqla yanaşı, həm də  ata-ana şərəfidir.

Qız uşağı Allahın valideynlərə verdiyi lütfdür. Həmin lütfün dəyəri ona verilən tərbiyəyə bağlıdır.  Hər ailənin içində özünəməxsus qanunları var. Əsasən düzgün tərbiyə ilə yüklənmiş ailənin qızları həyatımıza işıq tutan davranış qaydalarını daha tez öyrənir və ətrafa nümunə ola bilirlər. Dahilərdən kimsə deyib ki, oğlan nemət, qız isə rəhmətdir.  Bu, doğrudan da belədir. Ona görə də qız uşağı cəmiyyətin üst pilləsində yer almalıdır. Amma gəlin görək bu gün hər ailədə qız uşağına dəyər verilirmi? Bu gün ailədə böyüyən körpə qız sabahın anası, dövlətin hörmətli vətəndaşı, cəmiyyətin  seçilmişi ola biləcəkmi? Bu sualın cavabı onun təhsilindədi. Qızların təhsil almaları həm onların, həm də cəmiyyətin sağlam gələcəyi üçün vacibdir. Odur ki, hər bir valideyn qız övladının  təhsil alması üçün çalışmalıdır.

Övlad qəlbin meyvəsidi, qız övladı isə bu meyvələrin ən dadlısı, ən ləzzətlisidi. Amma və lakin, həm də çox təəssüf ki, bu gün, XXI əsrdə belə Azərbaycan ailələrinin bəzilərində qız övladına qarşı bir antipatiya yaranıb. Cahil valideynlər qızlarının cəmiyyətin üst pilləsinə qalxmasına imkan vermirlər. Avam analar, anlamaz atalar qız övladları ilə əks mövqedə dayanırlar. Belə valideynlər  qızları 13-14 yaşlarına çatanda onu təhsildən ayırır, ərə verməyin planı üzərində çalışırlar. Bu cür davranış bəzi kənd rayonlarında daha çox müşahidə edilsə də, hətda Bakı şəhərinin bəzi kəndlərində də, bu problem qalmaqdadır. Valideynlər qızlarının məktəbli formasını əynindən tam çıxarmamış gəlinlik geyindirməyi şərəf  işi hesab edirlər. Halbuki qız övladına təhsil almaq, hansısa peşəyə yiyələnmək daha vacibdi.

Bəzən valideynlər bunu maddi vəziyyələ əlaqələndirirlər. Ali məktəbdə oxuda bilmək üçün pullarının olmadığını bildirirlər. Ya da deyirlər ki, onun təhsilinə filan qədər pulu havayı verməkdənsə,  həmin məbləğə cehiz alıb ərə verərik. Halbuki təhsilə verilən pul heç vaxt havaya uçmur, gec-tez öz bəhrəsini verir. Bunu görməyən valideyn kordur. Amma bir həqiqət  də var. Heç kimə sirr deyil ki, indi Azərbaycanda həm orta məktəblərin, həm də ali məktəblərin çoxunda təhsilin  səviyyəsi elə də yüksək səviyyədə deyil. Ona görə də bir sıra hallarda həm valideynlər, həm də qızlar birtəhər təhsili başa vurub diplom alandan sonra iş tapmaq problemi ilə qarşılaşıb işsiz qalmaqdansa, yeniyetmə yaşlarından ərə getməyə üstünlük  verirlər. 14 yaşlı qızlar  diplomlu  qohumlarında, tanışlarında  buna şahid olurlar və oxumaqdan çəkinirlər. Amma savadlı, elmli, sabaha açıq gözlə baxan valideyn qızının ali təhsil alması üçün bütün mümkün vasitələrdən istifadəyə əl atır.

Bəzən də erkən nikahlara səbəb kimi din faktorunu önə çəkirlər. Halbuki İslam dini VII əsrdən bəri qızların diri-diri basdırılmasının qarşısını aldığı kimi, onların cəmiyyətdə daha üstün yerdə dayanmasının vacibliyini də dönə-dönə vurğulayır. Amma bu gün İslamın bu gözəl tərəfinə göz yumub  müxtəlif  dini cərəyanlara qoşulanlar üçün qızlarını erkən yaşdan,  həm də dini nigahla ərə vermək sərf edir.  Bu dini cərəyanaların təmsilçiləri, müxtəlif sekta üzvləri, dini qruplaşma nümayəndələri  Quranı, İslam dinini doğru-düzgün izah etmirlər. Guya müqəddəs Kitabda 13 yaşda ailə qurmaq haqqında Allahın  xüsusi göstərişi olduğuna həm özlərini, həm də çevrəsindəkiləri inandırırlar. Belə cəfəngiyyatı beyinlərinə hopduran cahil “dindarlar”  da qızlarını məktəbə qoymur,  erkən yaşdan ailə qurmağa məcbur edirlər.

Hər bir VƏTƏNdaşımız anlamalıdır ki, Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi ölkədir. Burada irqindən, dinindən, milliyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndəsi yaşayır. Tarix boyu Azərbaycanda yaşayan bütün dinlərin və etnosların nümayəndələri bir-biri ilə anlayışlı davranıb, dillərinə, dini etiqadlarına və milli ənənələrinə hörmətlə yanaşıblar. Amma indi qədimdən gələn bu dəyərlərin üstündən az qala  xətt çəkməyə meyilli olanlar var. Din pərdəsi altında müxtəlif siyasi oyunlar bir yana, sıravi insanları da dini savadsızlıq girdabına yuvarlayırlar. Xurafat və mövhumatla insanların beynini “yuyub” onları fanatizmə itələyirlər. Guya ki, İslam dini başqa dinləri qəbul etmir, müsəlman olmaq xristian kimi yaşamaqdan irəlidi və s.  Bu, doğru deyil. Hər kəsi Allah yaradıb. Qurandan, İslamdan anlamayanlar savadsız mollaların cəfəng fikirlərini Quran ayəsi kimi qəbul edirlər. Əslində insanları məqsədli surətdə “dinsizləşdirirlər”. Bəzən də, eəl “dindarlar” var ki, cəmiyyəti hansısa bir məzhəbə qulluq edənlər digər məzhəbdən fərqli olaraq Allaha daha yaxındır kimi cəfəng fikrə kökləyirlər.  Açınacaqlıdır ki, elə “din xadimləri” də var ki, ümumiyyətlə hərəsi İslamı, Quranı bir tərəfə çəkir, hər kəs müsəlmançılığı öz bildiyi kimi topluma sırımağa çalışır.

İran generalı Qasım Süleymaninin ölümünə ağlayanlar,  başına qara bağlayıb yas saxlayanları heç anlamıram. Mətbuatda gedən məlumatlarda bu şəxsin kifayət qədər ziddiyətli bir yaşam xətdi bizlərə bəlli oldu. Rəsmi İran televiziya kanalı, Qarabağ savaşında erməniərə tərəf Suleymaninin xidmətlərindən danışır, bəzi “bizimkilər”  qara bağlayıb yas saxlayır. Bu qafillikdir ya cahillik?! Mən isə deyirəm ki, budur yanı boş qalmış olan VƏTƏNdaşının yanında yer alan məkirli tərəf.

Belələrinə demək istəyirəm: ağlayanda ona deyil, birinci öz qafil və cahil vücudunuza ağlayın. Qəhrəman istəyirsinizsə, öz qəhrəmanlarımıza baxın, ağlamayın, qürur duyun!

Ağzını əyib xütbələrində belə Azərbaycanımızın daxili işlərinə qarışan bəzi özünü bilməz İran mollalarının ləhçəsilə danışanlar. Sizlər, İslam dinini kiçildib hansısa dövlətin siyasi maraqları çərçivəsində təqdim etməyin. Beləliklə sizlər, İslam əxlaqına xidmət etmir əksinə ara qarışdırıb və əsl İslamı gözdən salmağa cəhd edirsiniz. Sizlər, kiminsə ölümünün kölgəsinə sığınaraq məkirli xislətə qulluq edənsiniz. Türkə arxa çevirib türkçülüyün, turançılığın müqəddəsliyini anlamayan “cəhənnəmdə hamı türkcə danışır” deyən nadanlardansınız. Və elə güman edirsiniz ki, sizlər məkirli niyyətin nökəri olaraq cənnətin göbəyində yer alacaqsınız. Siz ANA DİLİMİZİN şirinliyini dadmayanlardansınız. Siz çox cılızsınız, TÜRKün böyüklüyünü anlamazsınız. Əmin olun ki, məhz türkə olan nifrətinizlə  tarixin qara səhifəsində itib gedəcəksiniz. Elə bu yerdə qafil və cahil olanlara Zəlimxan Yaqubun  ana dili haqqında bir bəndini xatırladım:

Füzuli zirvəli, Vaqif axarlı

Mənim Qorqud dilim, Ələsgər dilim!

Ömrümün naxışı, bəxtimin xalı,

Dadda, şirinlikdə bal-şəkər dilim!

Ölməz Şəhriyar görün nə demişdir:

Fars şairi cox sözləri bizdən aparmış,

Sabir kimi bir süfrəli şair paxıl olmaz.

Türkün məsəli, folkloru dünyada təkdir,

Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Varlığımızı həzm edə bilməyən məkirli niyyətlərin köləsi olanlar, anlaya bildinizmi BÖYÜK KİŞİlərin dediklərini?

Bu gün azda olsa dini fanatizmin cəmiyyətimizdə yer alması çox təhlükəlidir, dövlətə və dövlətçiliyə ağır zərbədi. Bu zərbə milli və dini dəyərlərimizin inkişafına dəyir. Dini savadsızlıq və dini fanatikliyin kökündə həqiqəti görməmək, yaxud da ona göz yummaq  dayanır. Bu fanatiklik cahilliyin  mənbəyi, köləliyin özüdü. Ağ-qara  rəngə boyanan dini fanatizm ağlın, şüurun, dərrakənin ölümü deməkdir. O, mövhumatın, xuraftın anasıdı. Həmin “ana”  azadlığı öldürüb köləliyi dirildir. Nəhayət dini fanatizm Günəşin qürubu, qaranlığın doğulması deməkdir. Qaranlıq aşiqləri elmin nə olduğunu anlamazlar. Ona görə də harda elmsizlik var, orda fanatiklər meydan sulayırlar. Toplum bu dini  fanatiklərdən  çox əziyyət çəkir.

Məhz dini savadsızlıqla bağlı mütləq qaydada kompleks şəkildə müvafiq dövlət qurumları, təxirəsalınmaz marifləndirmə işləri aparmalıdır.

Bir sözlə, gərək hər bir VƏTƏNdaşımıza sahib çıxaq!

Tanrı canımız AZƏRBAYCANI daima var etsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png