Qaranlıq aşiqləri – Cavid İSMAYIL yazır

Cavid İSMAYIL, xüsusi olaraq ONN üçün.

“Cahil dirilərin ölüsüdür”-atalar sözü.

Bəşəriyyətin gedişatına
nəzər salanda görmək olur ki, müasir zamanəmizdə insanlıq uçurumun kəndarında
dayanıb, balaca bir təkana bənddir ki, üzü aşağı yuvarlansın.  Dünyanın başqa olkələrini deyə bilmərəm, amma
mənim ölkəmdə  buna yol vermək olmaz.
İnsanlar həyata gülümsəməli, sabaha ümidlə baxmalıdırlar. Hər gələn gün
insanlarımızın ümidini artırmalı, yaşamaq eşqini gücləndirməlidi. Təbii ki,
bunun cəmiyyətimiz də tam yaşanması bir tərəfdən dövlətdən asılıdır, digər tərəfdən
insanlarımızın inamına və vətəndaş mövqeyinə bağlıdı. Dövlət  hər bir VƏTƏNdaşının yanında durmalıdır. Tarixdən
bəllidir ki, yan-yörəsi boş qalan hər bir VƏTƏNdaşın yanını mütləq kimlərsə məqsədli
olaraq dolduracaq. Bax, qorxulusu da budur. Çünki o, kimlərinsə məkirli hədəfi
Vətən olacaq!

Son günlər sosial şəbəkələrdən
də açıq sezildi ki, həmin “kimlər” bəzi VƏTƏNdaşlarımızın yanında yer
almaqdadırlar. Bu isə əsl təhlükədir. Dövlət hüquq normalarının həyata keçirilməsini
təmin edir, hüququ münasibətləri qoruyur, keşiyində dayanır. Dövlətlə bərabər vətəndaşlar da öz məsuliyyətini dərk etməli,
əsas insan və vətəndaş hüuquqlarına hörmətlə yanaşmalıdır. Azərbaycanda dövlət-vətəndaş
birliyinin sarsılmasına qətiyyən yol vermək olmaz. Vətəndaş yolunu azarsa dövlət
kökündən laxlayar. Ona görə də vətəndaş boş qalmamalı, eyni zamanda ayıq-sayıq
olmalıdır.

Dövlət cəmiyyətin
ruporudur. Cəmiyyətin özəyi isə onun vətəndaşlarıdır. Elə buradaca gender bərabərliyini
də qeyd etməyi özümə borc bilirəm. Azərbaycanda qadınlar və kişilər cəmiyyətdə
eyni hüquqa malikdirlər. Amma ailədə eyni vəzifənin  daşıyıcıları deyil. Qadın ana, kişi isə ata
rolunu doğru-dürüst ifa edəndə ailənin möhkəmliyi laxlamır. Əslində ailədə də,
cəmiyyətdə də qadının  rolu çox
böyükdür.  Qadının o böyük rolun öhdəsindən
gəlməsi üçün uşaq yaşlarından  düzgün tərbiyə
etmək lazımdı. Ona savad vermək, təhsil almasına şərait yaratmaq valideyn üçün
borcdu. Bu, valideyn məsuliyyəti olmaqla yanaşı, həm də  ata-ana şərəfidir.

Qız uşağı Allahın
valideynlərə verdiyi lütfdür. Həmin lütfün dəyəri ona verilən tərbiyəyə
bağlıdır.  Hər ailənin içində özünəməxsus qanunları var.
Əsasən düzgün tərbiyə ilə yüklənmiş ailənin qızları həyatımıza işıq tutan
davranış qaydalarını daha tez öyrənir və ətrafa nümunə ola bilirlər. Dahilərdən kimsə deyib ki, oğlan nemət, qız isə rəhmətdir.  Bu, doğrudan da belədir. Ona görə də qız
uşağı cəmiyyətin üst pilləsində yer almalıdır. Amma gəlin görək bu gün hər ailədə
qız uşağına dəyər verilirmi? Bu gün ailədə böyüyən körpə qız sabahın anası,
dövlətin hörmətli vətəndaşı, cəmiyyətin 
seçilmişi ola biləcəkmi? Bu sualın cavabı onun təhsilindədi. Qızların təhsil
almaları həm onların, həm də cəmiyyətin sağlam gələcəyi üçün vacibdir. Odur ki,
hər bir valideyn qız övladının  təhsil
alması üçün çalışmalıdır.

Övlad qəlbin meyvəsidi, qız övladı isə bu meyvələrin ən dadlısı, ən
ləzzətlisidi. Amma və
lakin, həm də çox təəssüf ki, bu gün, XXI əsrdə belə Azərbaycan ailələrinin bəzilərində
qız övladına qarşı bir antipatiya yaranıb. Cahil valideynlər qızlarının cəmiyyətin üst
pilləsinə qalxmasına imkan vermirlər. Avam analar, anlamaz atalar qız övladları
ilə əks mövqedə dayanırlar. Belə valideynlər 
qızları 13-14 yaşlarına
çatanda onu təhsildən ayırır, ərə verməyin planı üzərində çalışırlar. Bu cür davranış bəzi kənd
rayonlarında daha çox müşahidə edilsə də,
hətda Bakı şəhərinin bəzi kəndlərində də, bu problem qalmaqdadır. Valideynlər qızlarının məktəbli formasını əynindən tam çıxarmamış
gəlinlik geyindirməyi şərəf  işi hesab
edirlər. Halbuki qız övladına
təhsil almaq, hansısa peşəyə yiyələnmək daha vacibdi.

Bəzən valideynlər bunu maddi vəziyyələ əlaqələndirirlər. Ali məktəbdə
oxuda bilmək üçün pullarının olmadığını bildirirlər. Ya da deyirlər ki, onun
təhsilinə filan qədər pulu havayı verməkdənsə, 
həmin məbləğə cehiz alıb ərə verərik. Halbuki təhsilə verilən pul heç
vaxt havaya uçmur, gec-tez öz bəhrəsini verir. Bunu görməyən valideyn kordur.
Amma bir həqiqət  də var. Heç kimə sirr
deyil ki, indi Azərbaycanda həm orta məktəblərin, həm də ali məktəblərin
çoxunda təhsilin  səviyyəsi elə də yüksək səviyyədə deyil.
Ona görə də bir sıra hallarda həm valideynlər, həm də qızlar birtəhər təhsili başa vurub diplom alandan
sonra iş tapmaq problemi ilə qarşılaşıb işsiz qalmaqdansa, yeniyetmə yaşlarından ərə getməyə üstünlük  verirlər. 14
yaşlı qızlar  diplomlu  qohumlarında, tanışlarında  buna şahid olurlar və oxumaqdan çəkinirlər.
Amma savadlı, elmli, sabaha açıq gözlə baxan valideyn qızının ali təhsil alması
üçün bütün mümkün
vasitələrdən istifadəyə əl atır.

Bəzən də erkən nikahlara səbəb kimi din faktorunu önə çəkirlər. Halbuki
İslam dini VII əsrdən bəri qızların diri-diri basdırılmasının qarşısını aldığı
kimi, onların cəmiyyətdə daha üstün yerdə dayanmasının vacibliyini də dönə-dönə
vurğulayır. Amma bu gün İslamın bu gözəl tərəfinə göz yumub  müxtəlif 
dini cərəyanlara qoşulanlar üçün qızlarını erkən yaşdan,  həm də dini nigahla ərə
vermək sərf edir.  Bu dini cərəyanaların
təmsilçiləri, müxtəlif sekta üzvləri, dini qruplaşma nümayəndələri  Quranı, İslam dinini doğru-düzgün izah
etmirlər. Guya müqəddəs Kitabda 13 yaşda ailə qurmaq haqqında Allahın  xüsusi göstərişi olduğuna həm özlərini, həm də çevrəsindəkiləri inandırırlar. Belə cəfəngiyyatı beyinlərinə hopduran cahil
“dindarlar”  da qızlarını məktəbə
qoymur,  erkən yaşdan ailə qurmağa məcbur
edirlər.

Hər bir VƏTƏNdaşımız
anlamalıdır ki, Azərbaycan demokratik dəyərlərə söykənən dünyəvi ölkədir.
Burada irqindən, dinindən, milliyətindən asılı olmayaraq müxtəlif xalqların
nümayəndəsi yaşayır. Tarix boyu Azərbaycanda yaşayan bütün dinlərin və
etnosların nümayəndələri bir-biri ilə anlayışlı davranıb, dillərinə, dini
etiqadlarına və milli ənənələrinə hörmətlə yanaşıblar. Amma indi qədimdən gələn
bu dəyərlərin üstündən az qala  xətt çəkməyə
meyilli olanlar var. Din pərdəsi altında müxtəlif siyasi oyunlar bir yana,
sıravi insanları da dini savadsızlıq girdabına yuvarlayırlar. Xurafat və
mövhumatla insanların beynini “yuyub” onları fanatizmə itələyirlər. Guya ki,
İslam dini başqa dinləri qəbul etmir, müsəlman olmaq xristian kimi yaşamaqdan
irəlidi və s.  Bu, doğru deyil. Hər kəsi
Allah yaradıb. Qurandan, İslamdan anlamayanlar savadsız mollaların cəfəng
fikirlərini Quran ayəsi kimi qəbul edirlər. Əslində insanları məqsədli surətdə
“dinsizləşdirirlər”. Bəzən də, eəl “dindarlar” var ki, cəmiyyəti hansısa bir məzhəbə
qulluq edənlər digər məzhəbdən fərqli olaraq Allaha daha yaxındır kimi cəfəng
fikrə kökləyirlər.  Açınacaqlıdır ki, elə
“din xadimləri” də var ki, ümumiyyətlə hərəsi İslamı, Quranı bir tərəfə çəkir,
hər kəs müsəlmançılığı öz bildiyi kimi topluma sırımağa çalışır.

İran generalı Qasım Süleymaninin ölümünə ağlayanlar,  başına qara bağlayıb yas saxlayanları heç anlamıram. Mətbuatda gedən məlumatlarda bu şəxsin kifayət qədər ziddiyətli bir yaşam xətdi bizlərə bəlli oldu. Rəsmi İran televiziya kanalı, Qarabağ savaşında erməniərə tərəf Suleymaninin xidmətlərindən danışır, bəzi “bizimkilər”  qara bağlayıb yas saxlayır. Bu qafillikdir ya cahillik?! Mən isə deyirəm ki, budur yanı boş qalmış olan VƏTƏNdaşının yanında yer alan məkirli tərəf.

Belələrinə demək istəyirəm: ağlayanda ona deyil, birinci öz
qafil və cahil vücudunuza ağlayın. Qəhrəman istəyirsinizsə, öz qəhrəmanlarımıza
baxın, ağlamayın, qürur duyun!

Ağzını əyib xütbələrində belə Azərbaycanımızın daxili işlərinə qarışan bəzi özünü bilməz İran mollalarının ləhçəsilə danışanlar. Sizlər, İslam dinini kiçildib hansısa dövlətin siyasi maraqları çərçivəsində təqdim etməyin. Beləliklə sizlər, İslam əxlaqına xidmət etmir əksinə ara qarışdırıb və əsl İslamı gözdən salmağa cəhd edirsiniz. Sizlər, kiminsə ölümünün kölgəsinə sığınaraq məkirli xislətə qulluq edənsiniz. Türkə arxa çevirib türkçülüyün, turançılığın müqəddəsliyini anlamayan “cəhənnəmdə hamı türkcə danışır” deyən nadanlardansınız. Və elə güman edirsiniz ki, sizlər məkirli niyyətin nökəri olaraq cənnətin göbəyində yer alacaqsınız. Siz ANA DİLİMİZİN şirinliyini dadmayanlardansınız. Siz çox cılızsınız, TÜRKün böyüklüyünü anlamazsınız. Əmin olun ki, məhz türkə olan nifrətinizlə  tarixin qara səhifəsində itib gedəcəksiniz. Elə bu yerdə qafil və cahil olanlara Zəlimxan Yaqubun  ana dili haqqında bir bəndini xatırladım:

Füzuli zirvəli, Vaqif axarlı

Mənim Qorqud dilim, Ələsgər dilim!

Ömrümün naxışı, bəxtimin xalı,

Dadda, şirinlikdə bal-şəkər dilim!

Ölməz Şəhriyar görün nə demişdir:

Fars
şairi cox sözləri bizdən aparmış,

Sabir
kimi bir süfrəli şair paxıl olmaz.

Türkün
məsəli, folkloru dünyada təkdir,

Xan
yorğanı, kənd içrə məsəldir, mitil olmaz.

Varlığımızı
həzm edə bilməyən məkirli niyyətlərin köləsi olanlar, anlaya bildinizmi BÖYÜK
KİŞİlərin dediklərini?

Bu gün azda olsa dini fanatizmin cəmiyyətimizdə yer
alması çox təhlükəlidir, dövlətə və dövlətçiliyə ağır zərbədi. Bu zərbə milli
və dini dəyərlərimizin inkişafına dəyir. Dini savadsızlıq və dini fanatikliyin
kökündə həqiqəti görməmək, yaxud da ona göz yummaq  dayanır. Bu fanatiklik cahilliyin  mənbəyi, köləliyin özüdü. Ağ-qara  rəngə boyanan dini fanatizm ağlın, şüurun,
dərrakənin ölümü deməkdir. O, mövhumatın, xuraftın anasıdı. Həmin “ana”  azadlığı öldürüb köləliyi dirildir. Nəhayət dini
fanatizm Günəşin qürubu, qaranlığın doğulması deməkdir. Qaranlıq aşiqləri elmin
nə olduğunu anlamazlar. Ona görə də harda elmsizlik var, orda fanatiklər meydan
sulayırlar. Toplum bu dini 
fanatiklərdən  çox əziyyət çəkir.

Məhz dini savadsızlıqla bağlı mütləq qaydada kompleks şəkildə müvafiq dövlət qurumları, təxirəsalınmaz marifləndirmə işləri aparmalıdır.

Bir sözlə, gərək hər bir VƏTƏNdaşımıza sahib çıxaq!

Tanrı
canımız AZƏRBAYCANI daima var etsin!