ONN İnformasiya Agentliyi

Sağlamlığımız kimə etibar edilib? – Cavid İSMAYIL yazır

Sağlamlığımız kimə etibar edilib? – Cavid İSMAYIL yazır
21 İyun 2020 - 16:40

Hərdən dostlarla ötən əsrin xəstəliklərindən, xəstəliyin müalicə və müayinəsindən söhbət edərkən demək olar ki, həmfikir oluruq. Məsələn, ən çox belə  deyilərdi “…o vaxt elə xəstə olanda həkim bir kurs pensilin yazırdı, əməl edirdik bununla da sağalırdıq”. Yaxud da “…gedirdik bir həkimin yanına, heç ora-bura, başqa həkimlərə göndərmirdi, lazım olanda qan təhlili alırdı, vəssalam. Həkimin özü müayinə edirdi, özü də dərman yazırdı bununla da məsələ bitirdi”. Yaxud da məsələn, “…filan həkimin yanında gedirdin, heç UZİyə salmadan əli ilə müayinə edərək dəqiq diaqnoz müəyyən edib müalicə edirdi” .

Hə elə əli ilə müayinə edən, dəqiq dianoz qoyub müalicə edən həkimdən söz düşmüşkən xatırladığım bəzi məqamları sizinlə bölüşmək istəyirəm.

Mənim uşaqlıq və yeniyetməliyimin əsas hissəsi Naxçıvanla bağlı olduğundən elə o vaxtlardan yadımda qalan bəzi xatirələrdən yazacam.

Hələ 70-ci illərdə ailə üzvlərimdən birinin uşaq ikən boğazındakı artıq ət əziyyət verir, atam bir valideyin olaraq həkimə üz tutur. Şərurda və ümumiyyətlə Naxçıvanda yaxşı tanınan  Məmili həkim müayinə edir və qərara gəlir ki, artıq  ət  kəsilməlidir. Belə də olur. Müəyyən dövrdən sonra bizimkilər Soçidə (Rusiya) istirahətdə olanda başqa bir səbəblə həmin ailə üzvümü atam yenə də həkimə aparır. Həkim müayinə edir və atamdan soruşur. Uşağın qlandalarını harada, hansı professora kəsdirmisiniz? Atam cavab verir ki, həkim bizim kəntddədir, özü də professor deyil, amma çox yaxşı həkimdir. Həmin rus həkim israrla deyir ki, ola bilməz ki, ucqar bir yerdə belə bir həkim ola. Bunu kəsən mütləq professordur. Allah Məmili həkimə can sağlığı versin.

…Naxçıvanda yaxşı tanınan Şərur mərkəzi xəstəxanasında cərrah Ağa həkim var idi. Allah rəhmət eləsin. Ruhu şad olsun. Yanına gedən   xəstələri  özü müayinə edər və dəqiq diaqnos qoymaqla əməliyyat edərdi.

İndi isə öz  başıma gələn bir əhvalatdan qısaca qeyd edim. Günlərin bir günü  kor barısaq  nayihəsində ağrılarım oldu. Rəhmətlik Ağa həkim Şərurda olmadığından atam məni Naxçıvana, o vaxtın məşhur cərrahlarından olan rəhmətlik Cabbar həkimin yanına apardı. Öncədən müayinəyə Cabbar həkim acqarına gəlməmi tapşırmışdı. Belə də oldu. Bir gün səhər tezdən Naxçıvan şəhərinə getdik, Cabbar həkimin dediyi vaxtda onun qəbulunda olduq. Rəhmətlik məni 5-6 dəqiqəlik müayinə etdi və qərar verdi. Atama dedi ki, narahat olmalı bir şey yoxdur. Ağrıyan kor bağırsağıdır, lakin xroniki ağrıdır. Bunu kəsməyə dəyməz. Atam israrla dedi ki, ay həkim, bəlkə əməliyyat edib götürəsən, sonra problem yaradar. Ruhu şad olsun, dedi narahat olmayın, zaman-zaman hərdən ağrısı olacaq, amma əməliyyatlıq deyil. Müayinədən hardasa təqribən 25-27 il keçsə də, rəhmətlik Cabbar həkimin sadəcə olaraq barmaqları ilə müayinə edərək qəbul etdiyi qərar hələ də özünü doğrultmaqdadır.

Ümumiyyətlə hər birimizə bəllidir ki, həkim çox müqəddəs peşədir. Həkimlər insanlarımızın sağlığının keşiyində duran ağxalatlı mələklərdi. Təbii ki, bu ada layiq olanları nəzərdə tuturam. Lakin bir xəstə olanda onun həkiminin kim olduğunu biləndə xəstən nə qədər ağır vəziyyətdə olursa olsun insanın ürəyindəki yanğına elə bil ki, su səpmiş olursan və belə olan halda insan ruhən çox rahatlaşmış olur.

Belə xatirələr çoxdur. Zaman-zaman yadıma  düşsə də  son koronovirus pandemiy ası dövrü daha tez-tez xatırlamağa başlamışam.

Məlum pandemiyya məsələsindən sonra  tanıdığım mənim üçün yeni olan həkim  Ramin Bayramlı oldu. Bəli,  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri  Ramin Bayramlı.  Ramin həkimi qeyd etdiyim mövcud şəraitdə televiziya ekranlarından tanıdım. Ona qədər və ondan sonra da həkim kimi tanımadığım Ramin həkim televiziya ekranından çox savadlı və işin içində olan birisi kimin təsir bağışlayır. Lakin necə həkim olduğunu bilmirəm. Bu baxımdan Ramin Bayramlını bir həkim kimi tanıyan varsa həkim tərəfini də tanıtdırın ki, ölkkənin   bütün vətəndaşlarının sağlamlığı əmanət edilən həkimi yaxşı tanıyaq ki, ürəyimizə su səpək, rahatlaşaq.

Hə bu arada, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancının  sərtləşdirilmiş karantin gününün birində Qubada yaxşıca, adımıza layiq istirahət etdiyi ilə də elə Hande xanımın özünün  şəxsi tvitter səhifəsindən verdiyi məlumatdan tanış oldum.

Doğrudur, insanlarımızın göstərdiyi  təpkidən sonra Hande xanım, Quba, Qusar rayonlarında istirahət edərkən sosial məsafə,  maskadan istifadə etmədiyinə aydınlıq gətirməsə də, şəkilləri çəkdirib paylaşdığına görə də üzr istədi.

Yeri gəlimşkən Hande xanıma bildirmək istəyirəm ki, hörmətli Hande xanım, siz Anadolu türkü olmaqla bizim canımız və qanımızdansınız. Ya Türkiyə, ya Azərbaycan, nə fərqi var ki. Vətənin bütün əraziləri doğma və əzizdir. Lakin siz Azərbaycanda canımız Türkiyəni deyil, Ümumdünya Səhiyyə Təşkilatını təmsil edirsiniz və bir həkimsiniz. Yuxarıda qeyd etdiyim zamanda da elə indinin özündə də, xəstəsi olan əsl həkimin boğazından yemək belə keçməz. Bu bilmirəm nə qədər peşəkarlıqdır, lakin onu dəqiq bilirəm ki, bu hiss yalnız ülvi, pak və əsl ağ xalata layiq olan, sağlığımızın mələkləri olan müqəddəs həkimlərə xasdır.

Məhz sağlamlığımızın keşiyində duran, öz sağlıqlarını təhlükəyə ataraq ölüm-dirim savaşı göstərən əsl həkimlərə və bütün tibb işçilərinə təşəkkür edirəm. Dünyasını dəyişənlərə isə, Allahdan rəhmət diləyirəm.

Cavid İSMAYIL

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png