ONN MEDİA

Təbiətə qənim kəsilənlər -Əbülfət MƏHƏRRƏMLİ yazır

Təbiətə qənim kəsilənlər -Əbülfət MƏHƏRRƏMLİ yazır
09 May 2019 - 10:30

Əbülfət MƏHƏRRƏMLİ, xüsusi olaraq ONN media üçün.

Belə bir məşhur deyim var ki, hər insan həyatı boyu üç xeyirxah əməl mütləq etməli – ev tikməli, övlad böyütməli və ağac əkməlidir. Amma təəssüflər olsun ki, bəzi insanlar şəxsi maraqlarını hər şeydən üstün tutaraq sanki təbiətə qənim kəsiliblər.

Bu günlərdə, daha doğrusu, mayın 4-də Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93-99 ünvanında 130 ağac və kolun kəsilməsilə bağlı medianın gündəmini zəbt etmiş narahatedici xəbər belə deməyə əsas verir. Yerli sakinlər bildiriblər ki, 35 il öncə salınmış ağacları bina tikmək üçün gecə saatlarında məhv ediblər. Acınacaqlısı budur ki, bu, ölkəmizdə yaşıllığa divan tutulması ilə bağlı yeganə fakt deyil.

İnsaf xatirinə qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə yaşıllaşdırma ilə bağlı kompleks işlər görülür, şəhərlərimizdə müasir və gözəl parklar salınır, yol və traslar boyunca göz oxşayan ağac və kollar əkilir. Ancaq bütün bunların fonunda təbiətə qarşı edilən təcavüz qəlbimizi ağrıtmaya bilməz.

Ətraf mühitə düşmən kəsilənlərin hərəkəti ictimailəşdikdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi də fəaliyyətə keçib. Ağacların kəsilməsi cinayət tərkibi yaratdığından toplanmış araşdırma materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bakıda icazəsiz daşın daş üstə qoyulmadığı hər kəsə bəllidir. Yaşıllığa ziyan vurulması ilə bağlı da qanunvericilikdə cərimələr nəzərdə tutulub. Bəs nədən əlinə balta götürüb ağaclığa cumanlar bəd fikirlərindən daşınmırlar? Deməli, sakinlərin narazılığını vecinə almayan həmin insanlar yerli rəhbərlərin razılığı olmadan belə bir addımı atmağa cürət etməzdilər. Ona görə belə adamlara qarşı tədbir görülərkən yerli və əlaqədar məmurların barəsində də ciddi ölçülərin götürülməsi zərurətə çevrilib.

Məsələnin başqa bir yetərincə önəmli tərəfi də var. Əgər İkinci Dünya müharibəsindən sonra genişlənən sənayeləşmə zamanı texnokratlar təbiətlə mübarizəyə, ona qalib gəlməyə səsləyir və çalışırdılar. Səməd Vurğunun “Muğan” poemasında yazdığı “Təslim ol, dəli Kür! İnadı burax!” sözləri yəqin ki, çoxlarının yadındadır. Ancaq “təbiətlə mübarizə” bumeranq effekti yaradaraq dünyanı ciddi ekoloji problemlərlə üz-üzə qoydu. Məhz ekoloji tarazlığın pozulması üzündən bu gün ağır və bəzən sağalması mümkünsüz olan xəstəliklər baş alıb gedir. Dünya alimləri belə bir qənaətə gəliblər ki, bu xəstəliklərin müalicəsi üçün yeni-yeni dərman preparatları yaratmaq vəziyyətdən əslində çıxış deyil, nəticə ilə mübarizə aparmaqdır. İnsanlığın özünün yaratdığı çıxılmazlığın əsas səbəbi ekoloji vəziyyətlə birbaşa bağlıdır, onu aradan qaldırmaq üçün təmiz, normal təbii mühit yaradılmalıdır. 

Onu da qeyd etmək lazımdır ki, bu məsələdə xırda, kiçik problem yoxdur. Kiçik bir məhəllədə yaşıllığın, ağacların olması da insanların yaşayışı və sağlamlığı üçün olduqca önəmlidir.

Yadıma böyük rus yazıçısı Anton Çexovun məşhur “Bədəməl” hekayəsi düşür. Dəmir yolunda relsləri şpala bərkidən qaykaları açıb balıq tutmaq üçün alət düzəltdiyinə görə mujik Denis Qriqoryevi mühakimə edirlər. Ancaq o anlamır ki, qaykanın açılması qatarların hərəkəti üçün təhlükə yaradır. Düşüncəsiz, avam adam deyir ki, qaykanı pis niyyətlə, qatarların qəzaya uğraması üçün açmayıb.

Dəmir yolunun möhkəmliyi üçün qaykaların yerində olmasının nə qədər əhəmiyyəti varsa, ətraf mühitin sağlamlığı üçün də hər bir ağacın, kolun o qədər önəmi var.

image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png