ONN media

Təsbeh… – Tahir TAHİROVİÇ yazır

Təsbeh… – Tahir TAHİROVİÇ yazır
11 Yanvar 2020 - 12:15

Tahir TAHİROVİÇ, xüsusi olaraq ONN üçün.

İran sərhədi təzə açılmışdı. O taylı-bu taylı istəklər kəllə-çarxa vururdu. Bu taydakı evlərin divarlarını İran istehsalı olan saatlar bəzəyirdi. İran ağaları da bu tayda tozsoran və su matorlarını daşıyıb aparmışdılar.

Bir çoxları İranın “Sony” başmaqlarını xüsusi zövqlə geyinirdi . Hətta namaz qılanlar hədiyyəlik möhürlər daşıyırdılar. Amma o taydan ən çox təsbeh gətirirdilər. 101 kiçik muncuqlardan ibarət təsbehlər topa-topa hədiyyə verilirdi. Cavan oğlanlar və qızlar evdə bir küncə çəkilib təsbeh fırladaraq öz fallarına baxırdılar.

Günlərin bir günü həmin təsbehlərin birini Qəmbər Xeyrullayeviçə də hədiyyə elədilər. Bir həftə olardı ki, Qəmbər Xeyrullayeviçi Rayon Partiya Komitəsinin birinci katibi təyin etmişdilər. Onun sevincinin həddi-hüdudu yox idi. Keçmiş məktəb direktoru olmuş Abbas Sarıyev də Rayon İcraiyə komitəsində birinci müavin vəzifəsi verilmişdi. Onlar çoxdan dost idilər. Abbas müəllim dostunu təbrik etmək istəyirdi.

Qulamın qastranomundan Göy-göl konyakı alıb “RAYKOM”-a getdi. Qəbul otağına çatanda Qəmbər müəllimin katibəsi barmağını dodaqlarına yaxınlaşdırıb sus dedi. Abbas müəllimin qulağına içəridən səs dəydi. “Subhanallahi velhamdülillahi vela”. Bu Qəmbər müəllimin səsi idi. Abbas müəllimi gülmək tutdu və gözləmədən içəri daxil oldu.

Birinci katib tez təsbehi gizlədib siyirməyə atdı. Söhbət zamanı Qəmbər Xeyrullayeviç, Abbas Sarıyevdən respublikanın və özlərinin aqibətinin necə olacağını soruşdu. Abbas müəllim dedi ki, mən seyid övladıyam, anamın duaları mənə yetər, sən öz hayına qal. Qəmbər Xeyrullayeviç siyirmədən təsbehi çıxardıb Abbas müəllimə verdi və ardınca bu sözləri əlavə etdi : “Bunu seyid qızına ver, mənim üçün də dua eləsin ki, işlərim yolunda getsin. Birinci katib olmaq çoxdankı arzum idi”. Abbas, təsbehi alıb cibinə qoydu. Bir az söhbət etdikdən sonra, Qonaq evinə gedib Təhmasibin yanında şam edib araq içdilər.

Bu söhbətdən, təxminən, iki ay sonra SSRİ və Kommunist partiyası dağıldı. Qəmbər Xeyrullayeviçi vəzifədən azad etdilər. O vaxtdan Qəmbər Xeyrullayeviçi tez-tez Dənizkənarı bulvarda ağacların kölgəsində gəzən görərmişlər.

Tək-tənha gəzəndə belə dodağı altında pıçıldayarmış: ”Deyəsən, Abbas Sarıyev anasına məni yox, özünü tapşırıbmış… Çünki təsbehi ona verəndən iki ay sonra məni vəzifədən azad etdilər. Özü isə, iyirmi yeddi il vəzifədə qaldı.”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png