Tanınmış professor Allahşükür Paşazadə və Mübariz Qurbanlıya müraciət etdi

Koronavirusla bağlı respublikamızda yaranan mövcud proseslərlə əlaqədar tanınmış ictimai-siyasi xadim, məşhur “91-lər”dən olan  Turan Araşdırma Mərkəzinin sədri, professor Əjdər Tağıoğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubla müraciət edib.

ONN media həmin müraciətin tam mətnini təqdim edir:

Hörmətli Şeyxülislam! Hörmətli sədr!

Həzrət Əli buyurub: “Vətəni sevmək imandandır!” Bu gün bizim  də bir Vətən, bir iman borcumuz var. Bu yolda Uca Allahımız bizi sınağa çəkir. Bu tarixi sınaqdan imanla, alnıaçıq çıxmaq  üçün candan sevdiyimiz Vətənimizi, əziz xalqımızı ölümlə hədələyən ümumdünya bəlasından – koronavirusdan qorumaq üçün biz bir nəfər kimi, qeyrətli, namuslu vətəndaş kimi dövlətimizin ətrafında həmrəylik göstərərək sıx birləşməliyik. Bu monolit birlik bizim Dədə kökümüzdən gələn Müqəddəs Borcumuzdur!

Cəmiyyətimizə
də bəllidir ki, bu bəşəri  bəladan mümkün qədər az zərər çəkmək üçün
dövlət öz üzərinə düşən qabaqlayıcı tədbirləri vaxtında görür və görməkdə davam
edir. Dövlətimiz öz vətəndaşlarını taleyin axarına buraxmır, buraxmamalıdır da!

Mən – xalqının, vətəninin
taleyinə candan bağlı olan, Vətənin ən ağır və fəlakətli dövrlərində
dövlətçiliyinin müqəddəs sevgi ilə qorunmasında fəal iştirak edən və qorumağa
hər zaman təmənnasız hazır dayanan qorxmaz, çəkinməz bir vətəndaş ziyalı kimi
dünən də, bu gün də özümü ümummilli liderimizin məşhur “91-lər” siyasətinin
sadiq əskəri hesab edərək cənab prezident İlham Əliyevin Azərbaycan
Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına
qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı
həmrəyliyə çağırış kimi qəbul edərək Vətənin  ziyalısı,
içtimai-siyasi xadimi, bir alimi kimi ilk dəstəkləyənlərdən oldum və müvafiq
hesaba bir vətəndaş kimi öz pensiyamdan ödəniş etməyi özümə Müqəddəs Borc
bildim.

Azərbaycan
xalqının bu Fərmana qarşı laqeyd qalmaması, həmrəylik
nümayiş  etdirməsi artıq digər dövlətlərə böyük nümunə oldu.

Hörmətli Şeyx, hörmətli Sədr,
bu il Həcc ziyarətinin qiymətinin 4490 ABŞ dolları müəyyən edildiyi və
1500-ə yaxın kvotanın ayrıldığı mətbuatdan hamımıza məlumdur. Zənnimcə, Vətənin
və bəşəriyyətin belə ağır zamanında sizlər həmin zəvvarlara müraciət etsəniz,
Həcc ziyarətinə ayrılmış o məbləğı belə ağır bir zamanda Vətəndə olan kimsəsiz,
aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara,  ödənişə
ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən
belə ödəyərlər. Əslində bu hərəkətlə Azərbaycan mömünləri nəinki İslam
dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək
göstərmiş olarlar.

Düşünürəm ki, mömünlərə edəcəyiniz çağırış tarixi bir çağırış olacaq. Və unutmayaq ki, “Başqasının yolunda əkdiyin gül, mütləq sənin yolunda açacaqdır” – Həzrət Əli.

Hörmət və ehtiramla:        

Əjdər Tağıoğlu (İsmayılov) professor, sadiq “91-lər”dən, “Turan Araşdırma Mərkəzi”İB-nin sədri                  

31 mart 2020-ci il.