TÜRKÜN TÖRƏSİNƏ SADİQDİR İLHAM HEYDƏR OĞLU – Cavid İSMAYIL yazır

Doğrudur müqəddəs tarixi 44 gündə qəhrəman oğullarımız öz qanı, yenilməz silahlı qüvvələrimiz öz peşəkarlığı, rəşadəti və Müzəffər Ali Baş Komandan öz qətiyyətli mövqeyi ilə son 200 ildən yuxarı olan tariximizin ən şanlı səhifəsini yazdı.  

Azərbaycan xalqının bu şərəfli günlərdə öz ordusunun, qəhrəman əsgərinin və Müzəffər Ali Baş Komandanının  yanında olmasının bu qələbənin zəfərlə tamamlanmasının  əsas ana xətti olduğunu da dəfələrlə qeyd etmişik.

Eyni zamanda müqəddəs 44 gün dünya sivilizasiyasının inkişafında müstəsna rolu olan Türkün dədə kökünə bağlılığı, dədələrin ruhu qarşısında ana dediyi Vətənə sahiblənmə borcunun olması, babaların ruhunun qarşısında övlad borcunun olduğunu qədimdən Türkün törəsindən irəli gələn müqəddəs bir borcun olduğunu da göstərmiş oldu.

8 noyabr qəhrəman əsgərlərimizin dünya hərb tarixində yeni səhifə yazdıqları Şuşanın azad edildiyi gün, Müzəffər Ali Baş komandan, minilliklərdən miras qalan Türkün törəsinin etibarlı əllərdə olduğunu bir daha dünyaya bəyan etdi. Ali Baş Komandan bu müqəddəs tarixi gündə ilk olaraq müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərkən “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” deməsi bir daha dədə kökə bağlı, Türkün dədələrdən miras qalan törəsinə bağlılıq-sadiqlik nümayış etdirdi.

Eyni zamanda həmin gün, Ali Baş Komandanın  Vətən uğrunda şəhid olan Vətən övladlarını ziyarət etməsi, onlara hesabat verməsi də həmin törəyə bağlılığın növbəti sübutu idi.

Bu il 10 mayda, Ümummilli lider Heydər Əliyevin doğum günündə ata yurdunu, dosta fərəh, düşmənə göz dağı olan, Qoca Şərqin qapısı, Türkün dədə yurdu Naxçıvanı ziyarət etməsi, baba ruhu qarşısında olması və dədə ocağından verdiyi çox önəmli ismarıclar da heç də təsadüfi deyildi.

Ardı ilə, bu günlərdə azad Şuşamızda “Xarı Bülbül” musiqi festivalının keçirilməsi təbii ki, çox tarixi bir gün idi. Eyni zamanda həmin gün 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulmuş Şuşada bu möhtəşəm tədbirin keçirilməsi də dədə ruhları qarşısında Müzəffər Ali Baş Komandanın hesabatı idi. O, dədə ruhları qarşısında hesabat verdi və sanki “Ruhun şad olsun, Pənahəli xan, Şuşan mənə əmanətdir!”-dedi.

Mən əmninəm ki, həmin gün sanki Oğuz babamızın, Atillanın, Sultan Ərpaslanın, Fateh Sultan Məhmətin, Mətə Hanın, Cəlaləddin Hərəzmşahın, Əmr Teymurun, Babəkin, Şah babamız Xətainin, Yavuz Sultan Səlimin, Nadir şahın, Fətəli xanın, Cavad xanın, Mirmehdi xan Qasımlı-Əfşarın, Heydərqulu xan Kəngərlinin,
Əmiraslan xan Qırxlı-Avşarın, bütün qəhrəman babalarımızın ruhları Şuşada idi. Zəfər atəşlərini seyr edib Türkün törəsinə sadiq olan layiqli davamçılarına “yolun açıq olsun, böyük hədəfə doğru Türkün müqəddəs missiyasını yerinə yetirməkdə” uğurlar diləyib xeyir-dua verdilər.  

Bəli, Müzəffər Ali Baş Komandanın  dediyi kimi, biz dədə-baba torpaqlarımıza qayıdacayıq. Dost da, düşmən də gördü ki, Oğuz yurdunda üç tonqal yandırılıb.

Babaların ruhlarının səslədiyi yolda Oğuz elində gür yanan tonqalları görüb bütün qardaşlarımızın  da tonqallarını alışdıracaqlarına əminəm.

Yolun babalarımızın yoludur! Yolun açıq olsun, TÜRKÜN TÖRƏSİNƏ SADİQ OLAN – İLHAM HEYDƏR OĞLU!

Cavid İSMAYIL