Ürəklərdə özünə mənəvi heykəl ucaltmış-İsa MUĞANNA

Unutmayaq, unutdurmayaq!

İsa Hüseynov (Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. İsa Hüseynov ilk olaraq Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün xatirələrində dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq Yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə Azərbaycan
Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov
“Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri,
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor
və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş
redaktor vəzifəsində çalışıb. İsa Hüseynov 1991-ci ildə Azərbaycan Yazıçılar
Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib.

İsa Muğanna 1948-ci ildən ədəbi
fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə
“İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları
nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”,
“Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”,
“Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”,
“Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına
təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın
qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və
s. filmləri ekran üzü görüb.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa
Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol
oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal
iştirakçısı olub.

İsa Muğanna yazıçı kimi fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına əvəz edilməz töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib.

Tarixi faktları, böyük
şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və
fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların,
povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik
rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik
imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.

Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğanna, 2014-cü il, aprelin 1-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin.