VƏTƏN UĞRUNDA BİR OLMAĞI BACARDIQ!-Cavid İSMAYIL yazır

30 ilə yaxındır ki, haqlı davamızın son qisas savaşını bütün xalq olaraq səbirsizliklə gözləyirdik. Mənim üçün həyatımda ən müqəddəs ay sentyabr, tarixlərdən isə 27 oldu. Bəli, uzun illərdir həsrətlə, səbrsizliklə gözlədiyimiz o müqəddəs gün gəldi. Ali Baş Komandan Silahlı Qüvvələrimizə Vətən uğrunda savaş əmrini verdi və şanlı ordumuz hərəkətə keçdi. Ən qısa zaman içində Rəşadətli Ordumuz öz gücünü ortaya qoydu, qəhrəman əsgərlərimiz düşməni darmadağın etdi.

Savaş həm siyasi arenada, həm döyüş meydanında gedirdi. Bütün  istiqamətlərdə zəfər əldə edilməsinə ruh verən ən mühüm amillərdən  biri, zənnimcə, insanlarımızın mütəşəkkil şəkildə Vətən naminə bir yumruqda birləşməsi oldu. Düşməni və onların havadarlarını şanlı ordumuzun dəmir yumruğu çaşqınlığa saldığı kimi də, insanlarımızın mətanəti və birliyi də düşmənə çox böyük zərbə vurmuş oldu.

Düşmən və onun havadarları gördülər ki, qəhrəman xalqımız cəbhəyə toy -bayramla getmək üçün mübarizə aparır. Könüllü yazılanlar səfərbərlik tərəfindən çağrılmadıqda belə o qapını dəfələrlə döyürdülər ki, niyə məni aparmırsınız?

Düşmən və onun havadarları gördülər ki, Silahlı Qüvvələrə xidmətə oğul göndərən atalar oğullarına  qoşulur, oğulları ilə birgə savaşa gedir və Ana dediyimiz Vətən uğrunda çiyin-çiyinə savaşır.

Düşmən və onun havadarları gördülər ki, bu xalqın anaları oğul qurban verəndə  Allahına şükür edir. Şükür  edir  ki,  igidi  Vətən uğrunda şəhid oldu.

Düşmən və onun havadarları gördülər ki, bu xalqın qəhrəman nənəlləri savaşda olan nəvəsinə “…canavarsan, canavar göndərmişəm! cır onları!… ” deyərək qəddar, qan içən düşməni məhv etməyə çağırır.

Belə qəhrəmanlıq nümunələri yüzlərlədir.

Məlum düşmənin  təxribatının qarşısını almaq üçün həmin  günlərdə  internetin məhdudlaşdırılmasına baxmayaraq, düşünürəm əsasən də sosial şəbəkədə aktiv olanlar yenə də aktivliklərini qorudular  və düşmənə qarşı layiqli informasiya  savaşı  apardılar.

Arxa  cəbhəmizin  ən  böyük  fədakarlıqlarından  biri  də  o  oldu  ki insanlarımız  “Hər  şey  cəbhə üçün, hər  şey  əsgər  üşün” deyib  son  anadək qəhrəman  əsgərlərimizin  yanında  oldular. Doğrudur,  Azərbaycan qüdrətli ölkədir və ordunu bütün lazım olan hər şeylə təmin edirdi və  edir. Lakin xalq olaraq Vətən müharibəsində 7-dən -77-yə əzm göstərmək lazım idi və göstərildi. Elə bu müharibəyə Vətən müharibəsi-müqəddəsliyi verən də xalqımızın birliyi və arxadakıların “hər şey cəbhə üçün” deyərək xidməti oldu.

Döyüşlərin başladığı ilk gündən  dostlarla yığışıb qərar verdik ki, nə etməliyik. Bu haqda geniş söhbət açmayacağam. Lakin döyüş bölgələrində olarkən gördüyüm bəzi faktlarlı sizin nəzərinizə çatdırmaq istəyirəm.

Bildiyimiz kimi, döyüşlər başlayandan cinayətkar ermənilər Tərtər və Bərdə istiqamətində mülki əraziləri vurmağa başladı. Bəli, insanların qəhrəman duruşları birmənalı göz önündə idi. Lakin burada məni təsirləndirən bir faktı qeyd etmək istəyirəm.

Cəbhədəki  əsgərlərimizi  ziyarət səfərlərimizin  birində  təsirli  bir  məqamla  qarşılaşdıq. Yolda müvəqqəti dayandığımız  zaman   ortaboy, yaşlı  bir anamızın  avtobusun pilləkənindən bir kisəni dartıb endirmək istədiyini  gördük. Dostlardan cavanına dedim ki, tez qaç avtobusa tərəf, o anaya kömək et. Dost çatıb ağır  kisəni yerə endirdikdən sonra biz çatdıq. Yaxınlaşıb kef-əhval edib soruşdum ki,  ana, təksiniz, bu ağır yüklə nə yaxşı belə? Hara getmək istəyirsiniz? Ana dedi; Mən əsgərlərə ət pörtdədib   gətirmişəm. Onların hamısı mənim balalarımdır. Qoy yaxşı yeyib düşməni yaxşıcana qırsınlar. Ahıl Ana Vətənimiz Azərbaycanın çox uzaq bir ərazisindən olasa da, Vətən çağırışına qoşularaq uzaq yol qət etmiçdi. Bir anlıq hamı susdu. Əslində təəccüblənmədim. Çünki Azərbaycan analarının qəhrəmanlıqları tarixən dillərə dastan olub. Siz anamızın qeyrətinə baxın!

Onu da qeyd edim ki, postlarda yüksək nizam-intizam var idi. Döyüş ərazisinə keçən və çıxan nəqliyyat vasitələrinin manesiz hərəkəti üçün bütün şərait yaradılmışdı.

Bir gün Füzuli istiqamətində, yenə də postun önündə gözləyirdik. Bir az yol kənarına yaxın durmuşduq. Yaşlı, bir az da qəddi əyilmiş nur üzlü bir ağsaqqala gözüm sataşdı. Ayağının yanında  badımcanla dolu salafan kisə vardı. Az sonra böyük bir hərbi kolon gedirdi. Ağsaqqal əl elədi “Kamaz” markalı hərbi maşınlardan biri saxladı. Maşından bir zabit enib ağsaqqala yaxınlaşdı. Bizimlə də məsafədən salamlaşaraq zabit soruşdu ki, ağsaqqal, nə qulluğun mənə?  Ağsaqqal bir az əyillmiş qəddi ilə dedi; Oğul, sizə biraz badımcan gətirmişəm, öz həyətimdəndi, ehtiyacınız olar, götürərsiz? Həmin zabit əsl Azərbaycan oğlu və şərəfli zabit kimi görün nə cavab verdi.” Ağsaqqal, çox sağ,ol, elə ehtiyacımız var idi. Bu gün axşam nuşla yeyəcəyik. Əlin-qolun var olsun. Əziyyət çəkmisən.” Zabit bir əsgəri çağırdı və Dədə payını yük maşınına götürməyi tapşırdı. Bu səhnəni nə qədər yazsam inanın o hissləri şatdıra bilmərəm. İgid zabit təşəkkürünü bildirdi. Ağsaqqal bütün əsgərlərə xeyir -duasını verdi. “Kamaz” yola düşdükdən sonra ağsaqqalın qəddi düzəlib çox məğrur dik durub sola-sağa baxdı. Biz tez yaxınlaşıb orduya etdiyi pay üçün ona minnətdarlığımızı bildirdik. İnanın mənə elə gəlir ki, ömrümün axırına qədər o ağsaqqalın sevincli gözlərini unutmayacam.

Müharibənin ilk günündən Füzuli – Horadiz istiqamətində dostların yaratdığı bir məntəqəyə gələn yardımın ardı-arası kəsilmirdi. Bu istiqamətdə qəhrəman şəhidimiz Rəşid Bağırovun oğlu, dostumuz Xəyal Bağırov və 2016-cı il  Aprel döyüşlərində Lələtəpə istiqamətində döyüşlər zamanı başından ağır yaralanaraq qan içində ordu birliyi komandiri General Mayor Mayıs Bərxudarovun ona -Necəsən, əsgər? sorğusuna, qandan üz-gözü də görünmədiyi halda, o komandana hərbi salam verərək: – Hər şey yaxşıdır, komandir, təki Vətən sağ olsun! -deyən igid, qəhrəman qazimiz Elməddin Rüstəmovla birgə yüksək iş təşkil etmişdilər. Bu işdə ona dəstək verənlər içində könüllü olaraq gecə-günüz demədən zəhmət verən şəhid ailələrini, şəhid analarını xüsusi qeyd etmək istəyirəm.

Cəbhədə olan əsgərlərlə görüşəndə bir daha əmin olurdum ki, onların arxasında xalqın bir yumruq kimi  birləşməsi, mənən əsgərlərin yanında olmasını bilmələrinə böyük ehtiyacları var idi. Onlar hər mülki şəxsin yanlarına gəlməsindən çox fərəhlənir və daha da cəsarətlənirdilər. Çünki onların canlarından keçmək üçün düşmənə sinə sipər etməklə tanınmaqlarını, unudulmamalarını istədiklərini hiss edirdik.

Ümumiyyətlə cəbhəyə gedən bütün istiqamətlərdə yol boyu, qəhrəman Vətən oğullarının öz igid əsgərinə dəstək olmaq üçün yolların iki tərəfində insanlarımızın əllərində şanlı Azərbaycan bayrağı ilə bərabər, canımız Türkiyəmizin ay ulduzlu al bayrağı və qardaş Pakistan Respublikasının bayraqlarını dalğalandırması, xalqın sel axını ilə qəhrəman əsgərlərimizə sövqat-pay gətirməsi, yol qıraqlarında qalaq-qalaq ərzaq yükləyib qarşısına “ŞANLI ORDUMUZ üçün”, “Qəhrəman Əsgərlərimiz üçün” yazıları görcək  qürurlanırdıq və eyni zamanda qəhər hissi bizi boğurdu.

Azərbaycan xalqı, sən qəhrəmansan! Sən mərd və cəsursan! Sənin qəhrəmanlığını yağı  düşmən və onun havadarları gördü. Gördü və anladı ki, Azərbaycan xalqının heyssiyyatı ilə oynamaq olmaz!

Biz isə daima bir yumruq olmalıyıq!

PS; Yazıda arxa cəbhə qəhrəmanlarından bəzilərinin fotoları var. Adlarını çəkmirəm. Təqdim edilən fotolardakı yardımların heç birinin bir başa və ya dolayısı ilə, şəxsən mənə aidiyyəti yoxdur.

TANRI DÖVLƏTİMİZİ, QALİB ORDUMUZU, QƏHRƏMAN XALQIMIZI QORUSUN!