ONN İnformasiya Agentliyi

Vergi işçisi olmaq şərəflidir, onu dərk etmək lazımdır!-Cavid İSMAYIL yazır

Vergi işçisi olmaq şərəflidir, onu dərk etmək lazımdır!-Cavid İSMAYIL yazır
04 May 2020 - 18:28

Zənnimcə dünyada elə  peşə və  ixtisaslar var ki, onlar olmasa həyat yenə də öz axarı ilə davam edər. Lakin elələri də var ki, onlarsız dünyamızı təsəvvür etmək qeyri mümkündür. Bu gün bizim müstəqil  dövlətimiz var, bu gün hər birimiz qürurla müstəqilliyimizdən danışırıq, bu gün göylərdə dalğalanan üçrəngli müqəddəs bayrağımızı, Vətənimizin günbəgün artan  inkişafını gördükçə  fərəh hissi keçiririk və keçirməliyikdə.

Torpaqlarımız işğal altındadır və  biz  hər gün o müqəddəs savaş üçün hazırlaşırıq.  Hər gün Silahlı Qüvvələrimizin inkişafını, gücünün  və qüdrətinin artdığını gördükçə qürurlanırıq. Regionda və dünyada bir çox layihələr var ki, müstəqil Vətənimiz olmadan o layihələrin gerçəkləşməsi qeyri-mümkün olardı. Regionlarımızın sosial inkişafı, yeni iş yerlərinin açılması və ümumiyyətlə iqtisadi tərəqqimiz  bizim gücümüzün və qüdrətimizin artmasının göstəricisidir.

Bu gün bütün dünyada olduğu kimin Azərbaycanda da koronivirusa qarşı məqsədyönlü mübarizə aparılır. Doğrudur həkimlərimizin  insanlarımızın sağlamlığının müdafiəsində durması əvəzedilməzdir. Lakin  bütün bu proseslərin sütununda dövlətin apardığı doğri siyasi xəttin nəticəsində yaranan iqtisadi qüdrətimiz  durur. Məhz bu siyasi kursun aparıcı xəttinin birindən söz açmaq istəyirəm.

Dövlətimizin həmişə var olması, bayrağımızın həmişə qürurla dalğalanması, ordumuzun daha da qüdrətli olması, elmin, təhsilin, səhiyyənin inkişafı, bir sözlə dövlətimizin yaşaması üçün ən vaciblərindən biri onun onurğa sütunu olan vergi sistemi və gecəli-gündüzlü şərəf və ləyaqətlə dövlətinə xidmət edən vergi peşəsi və vergi işçiləri haqqında söz açmaq istəyirəm.

Heç  kimə  sirr  deyil  ki,  kökü ta qədimlərə gedən vergi münasibətləri olub.

Lakin oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycanda vergi xidməti 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə yaradılıb. 1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənirdi. İkinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradıldı. 1991-ci ilin oktyabrında nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin müstəqil fəaliyyətinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarıldı və müstəqil orqan – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başladı. 

Daha sonrakı illərdə cəmiyyətimiz inkişaf etdikcə, ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsinə zərurətin yaranmasına gətirib çıxartdı. Elə bu baxımdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin inkişafı üçün vergi sisteminin yenidən qurulmasına başlanıldı və həyata keçirilən islahatların ilk mərhələsi ulu öndər tərəfindən Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərarın qəbul edilməsi oldu. Bu məqsədlə 11 fevral 2000-ci il tarixli prezident fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edildi, onun bazasında Vergilər Nazirliyi yaradıldı.

Ümummilli lider Heydər Əliyevin vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların nəticəsi olaraq, dövlətimizn qüdrəti ilbəil artmağa başladı.

Vergi işçilərinin əməyinin qiymətləndirilməsi, fəaliyyətinin stimullaşdırılmasına və ümumiyyətlə Vergi işçilərinə ən yüksək qiyməti prezident İlham Əliyevi 1 fevral 2005-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasında vergi xidməti əməkdaşlarının peşə bayramının  təsis olunması haqqında müvafiq sərəncamla vermiş oldu.

Ümumilikdə təhqir yolverilməz olsa da, bəzi özünü bilməzlərin  bütün etik davranış normaların ziddinə gedərək dövlətin onurğa sütunu sayılan, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan, Vətənimizin müstəqilliyinin qarantlarından biri olan Vergilər Nazirliyinin şəxsi heyətini açıq şəkildə ağır təhqir etməsini dövlətə, dövlətçiliyə, ümummilli lider Heydər Əliyev siyasi kursuna eyni zaman da cənab prezident  İlham Əliyevə xəyanət kimi dəyərləndirirəm.

Qoy belələri anlasınlar ki, vergi işçiləri, çox ağır və eyni zamanda şərəfli peşənin təmsilçiləridir. Onlar gecə-gündüz demədən dövlətə  xidmət edirlər. Gün ərzində  3-4 saat yatan, evdə uşaqlarına az vaxt ayıran, qohum-əqrabanın  xeyir-şərində iştirak edə, övladının əlindən tutub bağçaya və ya məktəbə apara bilməyən, bayram günlərini belə doğmaları ilə evlərində deyil, iş başında keçirəndir VERGİ İŞÇİSİ! VƏ  VERGİ İŞÇİSİNİN  BİR MƏQSƏDİ  VAR! DÖVLƏTƏ XİDMƏT!  Əminəm ki, hər bir vergi işçisi bilir ki, onun cırmaq-cırmaq dövlət büdcəsinə səfərbər etdiyi vergilərin hesabına Vətən bayrağı ucalarda dalğalanır, ordumuzun qüdrəti daha da artır, insanlarımız əmək haqqı, pensiya və s. alır. Bu pandemiya günlərində də  vicdan və şərəflə  tam gücü ilə  dövlətə ləyaqətlə xidmət  edirlər. Bundan şərəfli nə ola bilər ki?

Əziz Vergi əməkdaşları, ən başlıcası odur ki, sizin qiymətinizi ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev verib. 

Bütün Vergi işçilərinə, o cümlədən vergidə çalışan şəhid ailələri, Qarabağ savaşı veteranları və qaziləri, elm adamları, mərd, igid və cəsarətli xanımlar olmaqla hər birinə öz şərəfli işlərində uğurlar arzu edirəm. Bu sistemdə işləyib dünyasını dəyişənlərə isə Allahdan rəhmət diləyirəm.

Və unutmayın, siz Vətən uğrunda fəaliyyət göstərən şərəfli peşə sahiblərindənsiniz.

Bu mənim bir Vətəndaş baxışımdır ki, oxucularımla bölüşməyi özümə borc bildim.

Cavid İSMAYIL

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png