Yaxşılığı ramazana saxlamayaq – Züleyxa NADİR yazır

Züleyxa NADİR, xüsusi olaraq ONN media üçün.

Hər il Ramazan ayı gələndə dünya müsəlmanları 30 gün oruc tuturlar. Oruc nədi? Bu sualın cavabını Azərbaycanda ibadət edən hər kəs bilir. Bəs, Allah onu niyə vacib buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai bilgisi belə yoxdu. İnsanlar elə bilirlər ki, oruc tutmaq gündüzlər ac qalıb axşamlar isə həmin günün yeməyini bir dəfəyə yeməkdi. Və guya bununla da Allah qarşısında olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsil mahiyyətinin nə olduğunu bilməyə isə həvəs göstərmirlər. Allah deyir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz” (Bəqərə surəsi, ayə 183). Əlavə şərhə gərək yoxdu, məncə. Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutumu var. Sadəcə bunu oxuyub dərk etmək lazımdı.

“Siz pis əməllərdən çəkinəsiniz” – ayədə belə deyir
Allah.  Bu, o demək deyil ki, yalnız
ramazan ayında pis əməldən uzaq durmaq lazımdı. Yalnız oruc tutulan otuz gün
müddətində yaxşılıq etmək, mərhəmət nümayiş etdirmək olar. Əslində Allah demək
istəyir ki, xeyirxahlıq etmək, yaxşılıq 
sərgiləmək yaratdığı ali varlığın ən ali borcudur. Ramazan ayı insanlar
üçün sınaq müddətidir. İnsan 30 gün 
nəfsi ilə ilə sınağa çəkilir. Nəfs təksə yeməkdən imtina etmək deyil
ki?! Ramazan ayı insanların bir-birinə olan sevgisinin, birinin o birinə etdiyi
yaxşılığın Allah tərəfindən qiymətləndirildiyi aydı. Ramazanda edilən
yaxşlıqlar, ramazanda sərgilənən diqqət və qayğılar ən yaxşı, ən böyük əməldi.
Amma bu əməllər 30 günlə məhdudlaşmamalıdı. Bu müddət ondan ötrüdür ki, insan
ayılsın, ətrafına baxsın, yaxşını-pisi ayırd edə bilsin. Qəlbində azacıq da
olsa mərhəmət duyğusu varsa,  ürəyində
bir balaca yaxşılıq gəzdirirsə, ədalət hissini itirməyibsə onları bir ömür “xərcləsin”.
Yoxsa ki, on bir ay “əlini yumulu saxlayıb” ramazan ayı gələndə açmasın.

Bəşər övladı yaxşılıqdan yoğrulmuş duyğularla
“silahlanıb”. Bu silahdan son nəfəsə qədər istifadə etmək, bir saniyə olsun
belə əldən yerə qoymamaq lazımdı. O zaman heç bir pislik ona qalib gələ
bilməz.  Yaxşılıq “silahı” çox güclüdür.
Amma biz  bu gücdən istifadə edə
bilirikmi?  Xeyr. Bu, bizim yadımıza
yalnız ramazan ayında düşür. Biz yaxşılıqları ramazana saxlayıb, qalan on bir
ayda “kor atı minib köndələn çapırıq”. Gözləyirik ki, ramazan ayı gəlsin bir
yetimin başına sığal çəkək, başqa bir acın qarnını doyuraq, kədərdən əyilmiş bir
qamətin dik dayanmasına kömək edək, 
gözdən axan yaşı silək,  çarəsiz
bir xəstəyə dərman alaq, xoş sözlərlə bir-birimizin könlünü oxşayaq və s.

İlk baxışda xırda görünən bu davranışlar yaxşılığın
ən unudulmaz elementləridi. İnsanın xırda bir yaxşı əməli onu gündəlik yaşam
tərzində işığa doğru istiqamətləndirir, saflaşdırır, mənən zəngin edir. Böyük
yaxşılıqlar isə insanı böyüdür, ucaldır. Yaxşı əməl sahibləri nə qədər ucada
olsalar da heç vaxt başqalarına yuxarıdan aşağı baxmırlar. Onlar o ucalıqda da
daha yuxarı boylanıb ehtiyac sahiblərinə nəsə kömək etməyə çalışırlar. Belə
yaxşılıq sahibləri Allah ucalığına az da olsa yaxınlaşa bilirlər.

Nə yazıq ki, pislik etmək, hər zaman yaxşılığın
üstündən keçib onu tapdalamaq da insan övladının xislətində yer tutan bir
nəsnədir. Bu cür insanlar yaxşı əməl sahiblərini qətiyyən anlaya bilmirlər. Pis
əməl törətmək gözlərini o qədər kor edir ki, dünyada yaxşılığın olduna inana
bilmirlər. Bəzən çalışsalar da ki, yaxşı bir iş görsünlər, yenə də alınmır.
Çünki zalımlıq, qəddarlıq onlarla bərabər doğulur, qanlarında, canlarında
inkişaf edib böyüyür. Onlar xilaskarını sancan əqrəb kimidirlər. Nizami Gəncəvi
yazır ki, yaxşılıq insanlıq sənətidi. Bu, doğrudan da belədi. Yaxşılıq
insanları bir-birinə bağlayan qızıl zəncirdi, boyunbağıdı. Bu zəncirin bir
halqası qırılsa da onu təmir etmək mümkündü. Amma pisliklər nə bir-birinə
bağlanır, nə də təmir etmək olur.

Əslində din alimlərinin, özünü dindar, din xadimi,
din adamı, İslam bilicisi adlandıranların bu məsələdə günahları var. Onlar  yaxşılıqlar haqqında daha çox  ramazan ayında danışır, oruc tutmağın  fəzilətlərindən bəhs edirlər.
Söylədiklərindən elə çıxır ki, yalnız 
ramazan ayında  pis əməllərədən
çəkinmək, ehtiyacı olanlar kömək etmək lazımdı. “Ramazan on bir ayın sultanıdı”
deyib onu qalan on bir aydan üstün tuturlar. Əlbəttə ramazan ayının  digər aylardan fərqi var. Amma Quranda bu
ayın o biri aylardan üstün olması xüsusi vurğulanmır, sadəcə Kitabın Ramazanda
nazil olması yazılır. Quran isə bütünlükdə insanların yolunu aydınlandıran
Kitabdı. Quran insana yalnız ildə bir ay deyil, bir ömür kamil olmağı, fəzilət
sərgiləməyi buyurur. Azərbaycanlı dindarlar hədislər vasitəsi ilə peyğəmbərin,
imamların, digər İslam alimlərinin ramazan ayı haqqında fikirlərini
söyləyirlər. Sözüm yoxdu, bunlarda da ibrətamiz fikirlər var. Amma onlar
yaxşılıqlar barədə daha çox ramazan günlərində danışırlar. Qalan aylarda,
günlərdə də oruc tutmaq, namaz qılmaq, baş bağlamaq və s. bu kimi məsələləri
diktə etməyə çalışırlar.  Halbuki
yaxşılıq etmək üçün oruc tutmağa, namaz qılmağa gərək yoxdu.

Yaxşılığı 
“sandığa yığıb” ramazan ayına saxlamayaq,  davamlı olaraq nümayiş etdirək…