ONN İnformasiya Agentliyi

Yoldaş Musabekov, sən kimin vəkilisən? – Cavid İSMAYIL yazır

Yoldaş Musabekov, sən kimin vəkilisən? – Cavid İSMAYIL yazır
06 Dekabr 2020 - 11:53

2019-cu ilin mayın 8-i  idi. Yenə də hər birimiz tariximizin və ümumiyyətlə həyatımızın ən ağrılı və faciəli günlərindən birini yaşayırdıq. Şuşamızın ermənilər tərəfindən işğalının  ildönümünü.

Elə həmin  gün sosial şəbəkə birdən-birə sözün əsl mənasında çalxalandı. Nədən?

Demək, Milli Məclisin deputatı yoldaş Rasim Musabekov şəhərin mərkəzində yeraltı keçiddən keçərkən bir uşağın popkorn bişirib satdığını görür, kişinin burnuna iy xoş dəymir və ölkəmizdə olan xaricilərin xoşuna gəlməz düşünərək dərhal “lazım olanı” edir. Yetkililərə üz tutur və uşağı oradan götürürlər. Həmin ağrılı günümüzdə Şuşadan bir cümlə belə yazmayan millət vəkili gördüyü bu  “şərəfli” işi “qürurla” yazır.

Hələ o vaxt dərhal media üzərindən özünü vəkil hesab edən Musabekova cavab vermişdim.

Onun “qürur” hissi ilə  çörəyini əlindən aldığı uşaq kiraye evdə yaşayan, xəstə anasına və bacısına baxmaq, həyatda yaşam savaşı vermək üçün  zamanından əvvəl acımasız və insafsız həyatın ağır təzyiqindən vaxtından əvvəl böyüyən-kişiləşən 17 yaşlı bir yeniyetmə idi.

İndi isə Müzəffər Ali Baş Komandanın, Qəhrəman Azərbaycan Əsgərinin və ümumilikdə Azərbaycan xalqının tarixi şərəf zəfəri qazandığı proseslər fonunda siyasi masa üzərində gərgin işlər getdiyi bir vaxtda və əhali üçün çox həssas olan bir mövzu ətrafında yenə də bir söz dedi və bu sözün iyi doğurdan da üfunətli oldu.

Yoldaş Musabekovun Rusiyanın məşhur NTV televiziya kanalının 15 noyabr tarixində adı bizdən olan tanınmış jurnalist İradə Zeynalovanın verlişinə verdiyi müsahibə bu dəfə cəmiyyətimizin böyük bir hissəsini hiddətə gətirdi.

Yoldaş Musabekov müsahibəsində “Türkiyə sülhməramlılarının Azərbaycana gələrək ermənilərlə azərbaycanlılar arasında dayanmasının mənası yoxdur. Çünki bu ermənilərdə təhlükəsizlik hissi yaratmır, əksinə…” fikrini bildirir.

Bu fikirlərin Azərbaycanın dövlət siyasətinin birbaşa ziddinə olduğu açıq şəkildə görünür. Zənnimcə bu fikirlər yalnız ermənilərin və Rusiyanın maraqlarına xidmət etməkdən başqa bir şey deyil.

Mən  bu videoreportajı görcək dərhal öz fikirlərimi və etirazımı sosial şəbəkə üzərindən bildirənlərdən biri oldum. Yoldaş Musabekov  öz facebook səhifəsində sosial şəbəkədə onu tənqid edənlərə təhqir yazdı, bu videomaterialı güya, kəsib doğradıqlarını, ona qarşı planlı bir iş olduğunu dedi. Bu  statusa mən də öz etirazımı yazdım. Eyni zamanda onun təhqir yazılarının da ona bir deputat kimi yaraşdırmadığımı qeyd etdim. İnsanlar ondan bütün verilişin yerləşdirilməsini tələb etsələr də o ya iki həftə bundan əvvəl  olub deyir,  ya da cavab vermirdi. Mən isə qeyd elədim ki, indi verilişin tam formatını yerləşdirərm. Və dərhal yoldaş Musabekov məni blok elədi.

Bəli, doğrudan da etdiyinin arxasında belə dayanmağa cəsarət tapa bilmədi. Mən deyə bilmərəm hansı seçici ona səs verib, lakin bu gün müstəqil dövlətimizin parlamentində deputat kimi oturan yoldaş Musabekov indiyə qədər bir sıra partiyalarda zaman-zaman oturaraq qazandığı təcrübə ona nə dediyinin dəqiq başa düşdüyünə əminəm.

Partiya demişkən mənim üçün maraqlıdır, görəsən siyasi karyerasının formalaşmasında və inkişafında Azərbaycanın müstəqilliyinin əleyhinə və bir başa Heydər Əliyevin fiziki məhvinə çalışan keçmiş DTK-nın sədri Vaqif Hüseynovun müstəsna xidmətləri olmuş, Ayaz Mütəllibovun ən mühüm sahəni kurasiya edən müşaviri olmuş yoldaş Musabekovu hansı keyfiyyətlərinə görə İsa Qənbər partiyaya götürmüşdü? Və görəsən yoldaş Musabekovun deputat kimi siyahıya salınmasında və seçilməsində apardığı məşhur sosiolji rəydə adı keçən Ramiz Mehdiyevin rolu nədən ibarət olub?

Bəli, o keçiddə deputatlığı qoy kənara, əsl ziyalı bir insan ən azından ürəyi ağrıyıb yaxınlaşıb o yeniyetmənin dərdini soruşar, ona imkanı daxilində dayaq olardı, o imkanından istifadə edərək onun təminatına arxa  durardı, lakin o bunu  etmədi. Yeri gəlmişkən qeyd edim ki, o zamanın təhsil naziri Ceyhun Bayramov dərhal məsələyə diqqət yetirdi və həmin yeniyetməyə dəstək verildi.

Bəli, həmin yeniyetmə bəlkə də indi Silahlı Qüvvələrimizin əsgəridir. Bəlkə də savaşda şücaət göstərib,  ya şəhid,  ya da qazi olub. Bəlkə də, deputatın belə həmin gün anmadığı Şuşamızın uğrunda döyüşüb. Bilmirəm. Lakin onu bilmək istəyirəm ki, yoldaş Musabekov, siz tariximizin ən şərəfli səhifələrindən biri olan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli ordumuzun şərəflə apardığı Vətən savaşının bu 44 gündə heç bircə dəfə cəbhə bölgəsində oldunuzmu? Bombalanan mülki şəxslərin yanında olub dəstək göstərdinizmi? Bir şəhid qapısı açıb, yanan ürəklərin döyüntüsünü dinlədinizmi? Şəhid dəfnlərində iştirak etdinizmi? 1 kq meyvə alıb hospitallarda can qoyan qəhrəman qazilərimizlə görüşdünüzmü? Gecə-gündüz Rusiyanın tv proqramlarında Azərbaycan xalqını, dövləti və cənab prezidenti belə təhqir etdikləri müddətdə onlara tutarlı cavab verərərk savaşa qalxdınızmı?

Düşünürəm ki, Milli Məclis bu məsələyə münasibət bildirməlidir. Və ümumiyyətlə bu fikirlərin məqsədi və ziyanlılıq dərəcəsi dəqiqləşdirilməli və maraqlar müəyyən edilərək hüquqi dəyərləndirilməlidir.

Və sonda Azərbaycanın milli maraqlarına zidd olanlara demək istəyirəm ki, bu xalq Azərbaycanı işğal edən XI qızıl ordunun heykəlini darmadağın etdi. Bu gün ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir və müstəqil Azərbaycan var. Bu dövlətin 200 illik tariximiz ərzində yeni və şanlı səhifəsini şərəflə yaradan İlham Əliyev kimi rəhbəri var. Bəli, içimizdə milli dəyərlərdən uzaq 5-ci kolon adlandırdığımız milli satqınlar da az deyil.

Onlara üzümü tutaraq deyirəım, əgər Vətəni sevmirsinizsə, Leninin yadigarı olan AVRORAya bənzətdiyiniz avtovağzaldan şimala birtərəfli bilet alın və …

Ümummilli lider Heydər Əliyevin bu sözünü də unutmayın! – “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png