Yun çırpan – Tahir TAHİROVİÇ yazır

ONN – lə “Evdə qal hekayə oxu” rubrikası. Tahir TAHİROVİÇ xüsusi olaraq ONN üçün.

Azərbaycandan 8 il
vardı ayrılmışdı Hikmət. Bu illər ərzində mühacir kimi çox əziyyət çəksə də, savadlı və təhsilli olması
Avstriyada özünə yer tutmasına imkan vermişdi.

Bayaqdan əli cibində Dunay sahilini gəzirdi. Çayın sakit axan mavi sularına baxa-baxa doğma
Naxçıvançayı xatırlayırdı. Düzdür, onun suyu belə mavi olmasa da, yazın
ortalarında eynən Dunay kimi gurlayıb çağlamağı da vardı. Hə, bir də
Naxçıvançayda balıq tutardılar, yayda çimərdilər… O, siqaretini söndürüb
prospektə tərəf yollandı. Bayırda bir işi qalmamışdı, evə gedib dincəlmək istəyirdi.
Hikmət saxtakarlıqla sənəd düzəldib «mühacir» adını qazanan həmyerlilərindən,
adətən, uzaq gəzməyə çalışırdı. Bununla belə, mühacirlərin məhkəmələrinə də həmişə
özü getməyə məcbur idi. Çünki alman və fransız dillərini səlis bilirdi.
Yaxınlıqdakı marketdən pivə alıb evə qalxdı.

Bakıdakı dostu Tahiroviçlə telefonda biraz
danışdıqdan sonra televizoru yandırıb Miloş Formanın filminə baxırdı ki, qapı
möhkəm döyəcləndi. Hikmət
diksindi. Elə bil kimsə bu dəqiqə qapını yerindən qoparacaqdı. Avstriyada
qapını bu cür yalnız özününkülər döyə bilərdi. Ona görə də oğlunu yolladı ki,
qapını açsın. İsmayıl idi. Özünü təngnəfəs içəri salıb nəfəsi kəsilə-kəsilə
dedi: – Hikmət qardaş, kömək elə. Arvadı polislər apardı. Tələm-tələsik
ayaqqabısını geyinib İsmayılla polis məntəqəsinə yollandı. Polis rəisi Rudi
Fazbinder onu salamlayıb otağına dəvət elədi.

Hikmət İsmayılın həyat yoldaşı Tükəzbanın həbs
olunmasının səbəbini soruşdu. Cənab
Rudi bildirdi ki, onlarlıq bir iş yoxdur. İsmayılın yoldaşını qonşuları xanım
Matera Hanpelin şikayəti əsasında tutub dəlixanaya təhvil veriblər. Qalanını
ordan öyrənin. Dilxor olmuş Hikmət həmyerlisinə kömək etmək üçün yenidən yola
düzəldi. Dunay çayının sağ sahilində yerləşən psixiatriya mərkəzinə gəldi. Baş
həkim Selena Müller təbəssümlə Hikməti salamladı. Hikmət İsmayılın həyat
yoldaşı Tükəzbanı soruşdu. Həkim dedi ki, o artıq müalicə üçün palataya yerləşdirilib.
Onu da əlavə etdi ki, Tükəzban ən azı 3 ay burda qalmalıdır.

Hikmət həkimlə danışıb dedi ki, Tükəzbanın əlli beş
yaşı var, ərinin də indiyə kimi həyat yoldaşından heç bir şikayəti olmayıb. Arvadının və özünün adını eşidən İsmayıl gözlərini
tez-tez qırpıb yazıq-yazıq Hikmətə baxırdı. Həkim sözünə davam etdi: – Onların
qonşusu Matera Hanpel bizə şikayət edib. Biz də, öz növbəmizdə, polislə birgə
onu bura gətirdik. Hikmət şikayətin səbəbini soruşdu. Həkim: – Xanım Hanpel bizə
zəng vurub dedi ki, həyətimizdəki mühacir qadının başına hava gəlib. Qonşular,
eləcə də cəmiyyət üçün təhlükəlidir. O, binanın həyətindəki çəmənliyə parça sərib
və əlində uzun çubuqla yun çırpır. Hikmət bütün vasitələrdən yararlanıb həkimə
anlatmaq istədi ki, yun çırpmaq dəlilik əlaməti deyil, bunu onlarda bütün
qadınlar edir. Həkim Hikməti diqqətlə dinləyib sual verdi: – Axı o, yunu hardan
tapıb yığıb və niyə onu döyür? Hikmət həkimə izah etdi ki, yun Azərbaycandan
döşəyin içində gəlib.

Azərbaycanda Avstriyadan fərqli olaraq yun
yorğan-döşəkdə yatırlar. Həkim bu
izahdan sonra ayağa qalxıb İsmayıla dedi: «Həyat yoldaşına başa sal, yunu həyətdə
döyməsin». Hikmət həkimin dediklərini İsmayıla azərbaycanca başa saldı və təbii
ki, həkimin «döymək» sözünü «çırpmaq» kimi çevirdi.

Tükəzbanı buraxdılar.
İsmayıl yolboyu arvadını danladı ki, bir daha yunu həyətdə çırpmasın: «Dədən evindən
gətirdiyin o çubuğu da əlindən alıb qıracam». Tükəzban evə çatar-çatmaz
bayaqdan həyətin ortasında atılıb qalmış yun qalağına doğru getdi. Hikmət isə
evə qayıtdı. Yenidən televizorun qarşısına keçib pivənin qapağını açmaq istəyirdi
ki, qapı bayaqkı kimi yenə döyüldü.

Qapını özü açdı. İsmayıl
bu dəfə ağlayırdı: – Hikmət qardaş, arvadı yenə polislər apardı. Hikmət polis
idarəsinə çatanda cənab rəis Rudi Fazbinder elə qapıdanca əli ilə işarə etdi
ki, gedin dəlixanaya, yenə ora apardıq. Yenidən dəlixanaya yollandılar.
Psixiatriya mərkəzinin baş həkimi xanım Selena Müller Hikməti görən kimi özü
söhbətə başladı: – Bağışlayın, cənab Hikmət. Siz gedəndən 20 dəqiqə sonra
onların qonşusu olan xanım Matera Hanpel yenidən zəng vurub şikayətləndi ki, bu
dəlini niyə buraxmısınız?

Biz polislə birlikdə təkrar həyətə gedəsi olduq. O yenə bir topa yunun içində oturmuşdu. Düzdür,
bu dəfə əlində çubuq görünmürdü. Amma yunu əlinə alıb didirdi. Sizcə, bu
normaldırmı? Bəlkə, sizin ölkəniz üçün normaldır, bizim insanlar isə belə mənzərəyə
öyrəşməyiblər. Unutmayaq ki, bura Avstriyadır, cənab Hikmət! Baş həkimin bu qəti
sözlərindən sonra Tükəzbanı bir daha buraxdırmaq mümkünsüz idi. İsmayıl 3 ay
arvadsız qalmalı olacaqdı. Bəs saxta sənədlə mühacir ünvanı alanda bilmirdi
hara gəlir?! Arvadının dəlixanaya düşməsi ilə barışmaq istəməyən İsmayılın rəngi
ağarmışdı.

Hikmət ona güc-bəla ilə izah elədi ki, heç nə eləmək mümkün deyil. Bundan sonra İsmayıl büzüşüb elə bil yumağa döndü: «Gedib arvad üçün sovqatdan, döşəkdən-zaddan düzəldim, xəstəxanada quru yerdə yatmasın…» Hikmət istədi yenə nəsə deyib İsmayılı başa salsın ki, heç nə lazım deyil, amma yorulmuşdu. Cibindən siqaret çıxarıb yandıra-yandıra Dunayın sahili ilə yumaq kimi yomalanan İsmayılın dalınca göz atıb üzünü çaya çevirdi. Bu vaxt həzin külək əsdi. Tükəzbanın yunları hardansa üzə çıxıb qar topası kimi göydə uçuşmağa başladı və uçub-uçub qağayıtək düz gəlib bir-bir çayın üzünə qondu. Bir azdan Hikmətin dayandığı yerdən keçən yun topaları gülərüzlə həmyerlilərini salamlayacaqdılar.

Hikmət dərindən ah çəkdi. Nədənsə yadına Naxçıvandakı Abraqini əmi və bir də Çuxur məhəlləsi düşdü.