ONN İnformasiya Agentliyi

Ziyalılarımızı “Otel otağı”nda itirməyək – Cavid İSMAYIL yazır

Ziyalılarımızı  “Otel otağı”nda itirməyək – Cavid İSMAYIL yazır
31 Avqust 2020 - 10:30

Cavid İSMAYIL.

Əfəndilər, sizi bilmirəm, amma mən 1998-ci ildə yazıçı Anarın eyniadlı povesti əsasında ölməz Rasim Ocaqovun rejissorluğu ilə ekranlaşdırılmış “Otel otağı” filmini çox bəyənirəm.  “Azərbaycanfilm” əsas rolların ifaçılarından Rasim Balayev (Sədyar), Fəxrəddin Manafov (Kərim), Muxtar Maniyev (Çopur Cabbar ) və başqalarının iştirakı ilə çox mükəmməl bir film ərsəyə gətirib.

Bu yazımda  film haqqında  ətraflı danışmaq fikrim yoxdur. Yalnız bir neçə elə vacib məqamlara toxunacağam ki, əfsuslar olsun hələ də real həyatımızda öz aktuallığını itirməyib.

Bu baxımdan diqqəti filmdə SSRİ dönəmində milli kimliyi yaşadan, əsərlərində milli ruhu təbliğ edən, azadlıq sevdalısı  Əskər müəllimə təzyiq edən, ona “pantürkist” deyərək “sovet adamına uyğun olmayan əxlaqı”na görə xain damğası vuran, qırmızı terrora, Stalin repressiyasına məruz qoyan Çopur Cabbara yönəltməyi doğru hesab edirəm. O Çopur Cabbar ki  xalqımız milli azadlıq ruhu ilə  müstəqillik uğrunda mübarizəyə qalxanda  böyük ustalıqla xamelyon kimi qılıq dəyişərək  “azadlıq aşiqi”,  “türkçü” qılığında içimizə sızmağa müvəffəq olur və bu dəfə də əksinə sovet rejimini tənqid etməyə başlayır.

Ən faciəlisi və təhlükəlisi odur ki, şərəf və ləyaqətdən xəbəri olmayan Çopur Cabbar hər iki dönəmdə yenə də kürsüdə və söz sahibi olmasıdır.

Çox maraqlıdır. Bilmirəm nədəndir,  tarixdən də bəllidir ki, daima riyakar, satqın, yaltaq və məkrli xisləti və müti qulu olduqları ağalarına xidmət edən bu Çopur Cabbarların  ana mayasına  elə xarab mikrob qatılıb ki, bunlar üçün nə Vətən, nə xalq, nə dövlət, nə də dövlətçilik müqəddəsdir. Belələri yalnız “yaşadıqları” zaman içində  yaltaqlıq və xəyanət yoluna sadiq qalırlar.

Belələri üçün  masanın yuxarı hissəsində kimin oturmağının fərqi yoxdur. Əsas odur ki, bütün varlıqları ilə  həmin yuxarı başda oturana yarınsınlar. Və belələri təhlükəli olmaqla bərabər el sözü ilə desək qazdan da ayıqdırlar. Çünki,  masanın yuxarı tərəfini güdməlidirlər, indi  kim olacaq… ki ciblərindəki hazır tərif yazısını çıxarıb sadəcə ad, soyad dəyişməklə  yenə də ağızdolusu, pafosla oxusunlar.

Bu filmə  dəfələrlə baxmışam. O qədər ustalıqla ekranlaşıb, obrazlar o qədər ustalıqla   yaradılıb ki, hər dəfə cəmiyyətimizdə mövcud olan hansısa problemin və ya hadisələrin, cərəyan edən xəstəliyin kökünü axtarsan, orda görmək mümkündür.

Bir sözlə, bu filmdə baş verən hadisələr təəssüf ki, öz reallığını hələ də qoruyur. Hələ də, içimizdə 300 illik tarixə yaxın olan bir zaman kəsiyində,  sahibinə yarınmaq yolunu tutan, istənilən an Vətəni satmağa hazır olan çopur cabbarlar əfsuslar olsun ki, çoxdur.

Film italiyalı bəstəkar Tomaso Albinoninin-Adagio in G Minor müsiqisilə başlayır və filmin baş qəhrəmanlarından olan Kərim, İstanbulda Boğazda bir gəmidə olarkən bu sözləri xəyalən canlandırır; “Niyə bu mənfur dünyada hər şey belə ədalətsiz bölünüb? Birisinə hər şey, o birisinə heç nə. Kimsə bütün ömrü boyu əclaflıq edir, heç cəzasını çəkmir. Başqası isə həyatı boyu haqsız istirab içində yaşayır. Mən ateist deyiləm, əstəğfurullah. Amma əgər Allah varsa, niyə dünyada bu qədər haqsızlıqlara yol verir, niyə?”

Əslində suallar çoxdur.

Əsl Vətən sevdalıları, dövlətə və dövlətçiliyə bağlı olan ziyalılar, əsl elm adamları nadan əlində mənən əzildikdə, sizcə Vətən  sarsılmırmı?

Doğma Vətənin isti günəşini şimalın soyuq küləyinə dəyişən qanıxarabların əli altında çalışmağa məcbur  olan  əsl ziyalı sizcə mənən nələri yaşayır? Heç düşünmüsünüz?

Nəyə görə cəmiyyətimizdə bir sıra hallarda tarixin bütün dönəmlərində şərəfli yaşamağı yox,  riyakarlığı, satqınlığı özlərinin yaşam brendinə çevirmişlər daim kürsülərdə söz sahibi olurlar? Məhz əksər hallarda  çopur cabbarlar önə çəkilir? Nəyə görə cəmiyyətimiz belələrini qəbul edir?

Filmin sonunda Türkiyədə səfərdə olan Kərim müəllim, İstanbulda gecə qalmaq üçün büdcəsinə uyğun otel axtarır və sonda nəhayət birini tapır. Otelçinin tərəddüdlə Kərim müəllimə “yalnız bir otağımız var, bilmirəm orda qalarsınız?…” təklif elədiyi  otaq balaca, şəraitsiz  olsa da Kərim müəllim sıxıntı ilə soruşur “Ucuzdumu?” Otelçi “Əfəndim, çox ucuzdu”  dedikdə otağı sevincək qəbul edir. Amma  Kərim  müəllim-Vətən eşqi, milli kimlik yanğısı, ailə bağlarının müqəddəsliyinə önəm verən mənən varlı, maddiyyət baxımından kasıb bir ziyalı  yaşam həyatının axirətə gedən yolda olduğundan,  məğlub həyatının axırıncı dayanacağına getdiyindən tam xəbərsizimiş…

Əfəndilər! Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin yaşaması üçün cəmiyyətimizdə çopur cabbarları ifşa etmək, onlara qarşı mübariz olmaq, cəmiyyətimizi onlardan təmizləmək lazımdır. Çopur cabbarları süfrə başında oturdanlar isə qəbul etməlidirlər ki, Qoca tarix sübut edib  ki, bir dəfə xəyanət edən yenə  edəcək. Mütləq edəcək. Sadəcə daha əlverişli anı və daha güclünü gözləyir.

Əfəndilər! Bizlər isə çalışmalıyıq ki, cəmiyyətimizi sağlamlaşdıraq. Sağlamlaşdıraq ki, ürəyi Vətən eşqilə döyünən ziyalılarımızı bir daha məğlub halda “Otel otağı”nda itirməyək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png