Əziz Şərif

Əbdüləziz Məşədi Qurbanəli oğlu Şərifzadə (Əziz Şərif) (28.03.1895, Naxçıvan şəhəri -28.05.1998, Moskva; Naxçıvanda dəfn olunmuşdur) – ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, maarif və mətbuat xadimi. Filologiya elmləri doktoru (1958), professor (1962), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1963). Naxçıvanda “Tərbiyə” məktəbində (1901-04), Tiflis və İrəvanda xüsusi pansion və gimnaziyalarda (1904-15) təhsil almışdır. 1915-ci ildə Moskva Kommersiya İnstitutuna daxil olmuş, ailə vəziyyəti ilə əlaqədar ikinci kursdan (1917) çıxmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1943) bitirmişdir. Tələbə ikən siyasi hərəkata qoşulmuşdur. 1918-ci ildə sosial-demokrat “Hümmət” partiyasına daxil olmuşdur. Zaqafqaziya seymində sosial-demokrat fraksiyasında (1918), Borçalı qəzasında torpaq idarəsində (1919) çalışmış, seçkiqabağı kampaniyada təbliğat aparmaq üçün İrəvana ezam olunmuşdur. “Hümmət” partiyasının Tiflisdə nəşr etdirdiyi “Gələcək” (1918-19) və “Probujdeniye” (1918) qəzetlərinin redaktoru olmuşdur. Sovet hakimiyyəti illərində Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmış, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi (1920-35) olmuşdur. Tiflis Müəllimlər İnstitutunda müəllim, Sovet Sosialist Respublikaları İttifaqı Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi (1950-61) işləmiş, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru (1962-88) və müdiri (1960-64) olmuşdur. Ədəbi yaradıcılığa 1906-cı ildə “Molla Nəsrəddin” jurnalında dərc olunmuş “Naxçıvandan məktublar”la başlamışdır. Klassik və müasir Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbi tənqid, bədii tərcümə və publisistika ilə məşğul olmuşdur. Bakı və Moskva şəhərlərində nəşr olunmuş “Molla Nəsrəddin” (1946), “Sabirin həyatı və yaradıcılığı” (rus dilində, 1951), “Vaqif məhəbbət və gözəlliyin tərənnümçüsüdür” (rus dilində, 1968), “Atam və mən” (1983), “Keçmiş günlər” (iki cilddə, 1977-1986), “Molla Nəsrəddin necə yarandı?” (1986), “Tapıntılar” (1987) kitablarının müəllifidir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mir Cəlal və digər Azərbaycan yazıçılarının əsərlərini rus dilinə, rus yazıçılarının əsərlərini, habelə gürcü yazıçılarının bəzi əsərlərini (orijinaldan) Azərbaycan dilinə tərcümə etmişdir.