ONN İnformasiya Agentliyi

Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə
31 İyul 2019 - 1:05

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1866-cı ildə Naxçıvanda doğulmuşdur. Yazıçı, dramaturq, publisist, ictimai xadim. İlk təhsilini mollaxanada, orta təhsilini Naxçıvanda almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmişdir.

1887-97-ci illərdə C. Məmmədquluzadə Azərbaycanın İrəvan mahalının Uluxanlı qəsəbəsində müəllimlik etmişdir. XIX əsrin sonunda Moskvada, sonra da Peterburqda olmuşdur. 1898-ci ildə İrəvana, 1903-cü ildə Tiflisə köçmüşdür. 1904-cü ildən M.Şahtaxtlının redaktə etdiyi “Şərqi-rus” qəzeti ilə əməkdaşlıq edir. Burada “Poçt qutusu”, “Kişmiş oyunu” satirik hekayələrini yazır. L.Tolstoyun “Zəhmət, ölüm və naxoşluq” hekayəsini tərcümə edib çap etdirir. “Kaspi” və “Tiflisskiy listok”, “Vozrojdeniye”, “Kafkazskiy raboçiy listok” qəzetlərində felyetonlarını çap etdirir. “Qeyrət” və “Novruz” qəzetlərini nəşr etdirir. Tiflisdə Azərbaycan zadəganları üçün məktəb və pansion təşkil edir. 1905-ci ildə tanınmış jurnalist Ömər Faiq Nemanzadənin və tacir M. Bağırzadənin köməyilə mətbəə alır. 1906-cı ilin aprelindən “Molla Nəsrəddin” satirik jurnalının nəşrinə başlayır.

Hakimiyyət tərəfindən sıxışdırılsa da jurnal xalq arasında geniş şöhrət tapır. 1894-cü ildə yazdığı ilk povesti olan “Eşşəyin itməkliyi” – “Danabaş kəndinin əhvalatları” ancaq 1936-cı ildə ölümündən sonra işıq üzü görmüşdür. Əsərdə despotik feodal qaydaları kəskinliyilə tənqid olunur.
C. Məmmədquluzadə kiçik hekayələr müəllifi kimi də tanınmışdır. Bu janrda onun satirik məharəti bütün parlaqlığı ilə üzə çıxır: “Usta Zeynal”, “İranda konstitusiya”, “Qurbanəli bəy”, “İki kişi” “Anamın kitabı” belə hekayələrdəndir. “Ölülər”, “Dəli yığıncağı” kimi komediyaları fanatizmin köklərinin amansız tənqidinə yönəlmişdir.

1920-ci ildə C. Məmmədquluzadə ailəsiylə birgə Təbrizə köçür. Burada “Molla Nəsrəddin” jurnalının altı nömrəsini nəşr etdirir. 1922-ci ildə Bakıya qayıdan Cəlil Məmmədquluzadə 1931-ci ilə qədər “Molla Nəsrəddin” jurnalını nəşr edir. Jurnalın adı kommunistlər tərəfindən dəyişdirilib “Allahsız” qoyulduqda o, redaktorluqdan imtina edir. Jurnal cəmi bir nömrə çıxır. Beləliklə əsrin əvvəlində dünyanın 42 ölkəsində sevilə-sevilə oxunan bir məcmuə bağlanır. C. Məmmədquluzadə Bakıda “Yeni yol” qəzetini redaktə edir, başqa qəzetlərlə əməkdaşlıq edir. Yaradıcılığının son illərində “Bəlkə də qaytardılar”, “Konsulun arvadı”, “İki yastıq” və s. əsərlərini yazır. Onun əsərləri bir sıra xalqların dillərinə tərcümə olunmuş, dram əsərləri Gürcüstanda, İranda, Türkiyədə, Tatarıstanda, İrəvanda dəfələrlə səhnəyə qoyulmuşdur. C. Məmmədquluzadə yaradıcılığı Azərbaycan ədəbiyyatının və ictimai fikrin formalaşmasında böyük rolu olmuşdur. Onun həyatına və əsərlərinə filmlər çəkilmiş, haqqında monoqrafiyalar, məqalələr yazılmışdır.

Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1932-ci ildə Bakıda vəfat etmişdir. C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png