Nəsirəddin Tusi

Nəsirəddin Tusi Məhəmməd ibn Məhəmməd ibn Həsən (17.2.1201, Tus – 25.6.1274, Bağdad) – dahi Azərbaycan alimi. Böyük ensiklopediyaçı mütəfəkkir, fılosof, ictimai-siyasi xadim. İlk təhsilini atasından və dayısından almış, sonra Xorasanda humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənmişdir. Nəsirəddin Tusi 1259-cu ildə Marağa rəsədxanasını təşkil etmişdir. Bu, onun dünya elmi və mədəniyyəti tarixində ən mühüm xidmətlərindən biridir. O, müxtəlif xalqların 100-dən çox nümayəndəsini buraya toplamış, onların işləməsi üçün lazımi şərait yaratmışdır. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə о dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfı və ictimai-siyasi təlimləri öyrənilirdi. Mədrəsənin 400 mindən çox kitabı olan zəngin kitabxanası var idi. Nəsirəddin Tusi Bağdadda səfərdə olarkən vəfat etmiş, öz vəsiyyətinə görə onun yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edilmişdir. Nəsirəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm yolunu tutmuş, eyni zamanda dövlət işlərində çalışmışlar. Nəsirəddin Tusi nəslindən olanlar sonralar Naxçivan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. Nəsirəddin Tusi nəslinin Ordubad mahalında yaşaması və buna görə I Şah Abbasın [1587-1629] oranı bütün vergilərdən azad etməsi haqqında fərmanı XVII əsrdə Ordubadda tikilmiş böyük Cümə məscidinin qapısı üstündəki daş kitabədə həkk olunmuşdur. Nəsirəddin Tusinin ilahiyyat, fəlsəfə, siyasət və etikaya dair əsərlərində onun dünyagörüşü geniş əks olunmuşdur. Nəsirəddin Tusi öz əsərlərində insanın iradə azadlığına mühüm yer verirdi. Nəsirəddin Tusi İbn Sina və Bəhmənyar məktəbinin görkəmli davamçısı olub, onların ideyalarını inkişaf etdirmişdir. Nəsirəddin Tusinin etik və ictimai- siyasi görüşləri, əsas etibarilə 1235-ci ildə yazılmış «Əxlaqi-Nasiri» əsərində əksini tapmışdır. Bu əsərdə xasiyyətlərin müxtəlif aspektləri, fəzilətli və qəbahətli cəhətləri araşdırılır, insanı kamilləşdirən keyfıyyətlər, xeyir və səadətə aparan məziyyətlər göstərilir. Nəsirəddin Tusi fıqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. Nəsirəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfı şeirlərin də müəllifıdir. Nəsirəddin Tusinin riyaziyyat, astronomiya və fızika sahələrində misilsiz xidmətləri vardır. «Zic-Elxani» əsərində planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta XVII əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdir. Nəsirəddin Tusinin rəhbərliyi ilə Yerin fırlanma oxunun illik presessiyasının qiyməti (5124) tapılmışdır (müasir qiyməti 5122). «Zic-Elxani» əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də verilir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə məşhur olan 256 şəhərin coğrafı koordinatlar cədvəlidir. X.Kolumbun müəllimi P.Toskanelli bu cədvəldən istifadə etmişdir. Cədvəl Londonda [1652-ci il] və Oksfordda [1711-ci il] ərəb və latın dillərində çap edilmişdir. Marağa rəsədxanasında fəaliyyət göstərən azərbaycanlı mühəndis Kəriməddin Səlmasi alman alimi Martin Böhaymdan (1459-1507) 2 əsr əvvəl [1266-cı ildə] coğrafı qlobusu hazırlamışdır. Nəsirəddin Tusinin «Təhriri-Öqlidis» («Evklidin şərhi») əsəri həndəsənin inkişafına təkan vermiş, Romada ərəb [1594-cü il] və latın [XVII əsr] dillərində nəşr olunmuş, fransız riyaziyyatçısı A.Lecandrın, ingilis riyaziyyatçısı J.Vallisin və italyan alimi J.Sakkerinin yaradıcılığına böyük təsir göstərmişdir. Nəsirəddin Tusi bu əsərdə və «Həndəsənin əsasları»nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmışdır. Arximedin «Kürə və silindr» və «Dairənin kvadratlanması» əsərlərindəki nisbətlər nəzəriyyəsini Nəsirəddin Tusi inkişaf etdirmişdir. Nəsirəddin Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdı. O, Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturlarmı vermiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin etmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif vermişdir. Nəsirəddin Tusi hesaba aid əsərində tam ədəddən ixtiyari dərəcədən kökalma əməlini kökünün nümunəsi kimi izah etmiş (riyaziyyat tarixində ilk dəfə), ədəd üçbucağını əmələ gətirən binomial əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir. Nəsirəddin Tusi fızikaya sözün ən geniş mənasında bütün təbiətşünaslıq məsələlərini aid etmişdir. Burada bəsit və mürəkkəb cisimlər, yerdə və göydə əmələ gələn hadisələrin, məsələn, göy gurultusu, ildırım, şimşək, yağış, qar, zəlzələ və buna oxşar hadisələrin səbəbləri, mürəkkəb maddələr, onların tərkiblərinin xüsusiyyətləri (mineralogiya), bitkilər, onların növləri, nəfs və qüvvələri (botanika), ixtiyari və iradi hərəkət edən cisimlər, onların hərəkət xüsusiyyətləri, nəfs və qüvvələri (zoologiya), insanın düşüncəli nəfsinin xüsusiyyətləri (psixologiya) öyrənilir. Nəsirəddin Tusi təbabət, əkinçilik elmi və s.-ni fızikanın əlavə bölmələri hesab etmişdir. Nəsirəddin Tusinin və Marağa rəsədxanası alimlərinin kəşf və ixtiraları bəşər elmi fıkrini zənginləşdirmişdir. Mənbələrdə Nəsirəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə «on birinci əql» («əl-əql əl-hadi-əşər» – Şərq peripatetizmi on əql növünün mövcudluğunu qəbul edirdi) və «bəşər ustadı» («ustad əl-bəşər») deyilmişdir. 1981-ci ildə böyük alimin anadan olmasının 780 illik yubileyi geniş qeyd olunmuş, şərəfınə medal təsis edilmiş, abidələri ucaldılmış, portreti (xalq rəssamı Nəcəfqulu) yaradılmışdır. Azərbaycan Respublikasının bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə, о cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofızika Rəsədxanasına, küçələrə Nəsirəddin Tusinin adı verilmişdir. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilmişdir. Bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin «Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında» 13 iyun 2000-ci il tarixli Fərmanı ilə yubiley komissiyası yaradılmış və yubileyi keçirilmişdir.