ONN İnformasiya Agentliyi

Ədliyyə naziri: “İki təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar olduğunu göstərib

Ədliyyə naziri: “İki təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar olduğunu göstərib
22 Noyabr 2017 - 9:32

Ötən ay iki təqsirləndirilən şəxsin müşayiət altından qaçması Penitensiar Xidmətdə nöqsanlar və problemlərin olduğunu göstərib.

ONN media APA-ya istinadən xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə “Azərbaycan” qəzetində işıq üzü görən “Azərbaycan ədliyyəsi yeni inkişaf mərhələsi yaşayır” başlıqlı məqaləsində yazıb.

Ədliyyə naziri qeyd edib ki, nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində həbsdən qaçmış şəxslərdən biri Penitensiar Xidmət tərəfindən tutulub, digəri isə polis orqanları tərəfindən zərərsizləşdirilib. Nazir nəzərə çatdırıb ki, xidməti yoxlama aparılaraq qanun pozuntularına və digər nöqsanlara yol verən əməkdaşlar ciddi intizam məsuliyyətinə cəlb olunub, fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır: “Penitensiar Xidmətin fəaliyyətində nizam-intizam, əməliyyat-rejim və mühafizə tədbirlərinin, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsi ilə bağlı təsirli tədbirlər müəyyən edilərək həyata keçirilir”.
Qeyd edək ki, bu il oktyabrın 23-də isə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
“Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat keçirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.
Əli Ağami isə qaçdıqdan bir neçə gün sonra Şirvan şəhərində tutulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png