ONN İnformasiya Agentliyi

60 yaş-QƏLƏBƏ YUBİLEYİ

60 yaş-QƏLƏBƏ YUBİLEYİ
03 Dekabr 2020 - 17:32

Eşidəndə ki, Bilman Allahverdiyevin 60 yaşı tamam olur, düzü inanmadım. Yaşından cavan görsənən qələm dostumuz haqqında ürək sözlərimi yazaraq Yubilyarı təbrik etmək qərarına gəldim.

Bilman İsaq oğlu Allahverdiyev 1960-cı ilin dekabr ayının 2-də Naxçıvanın Şərur rayonunun Tənənəm kəndində ziyalı ailəsində anadan olub. Atası İsaq kişi el-obada hörmətli nüfuzlu, dürüst, çörəkli kişilərdən olub. Onu hamı İsa deyə çağırarmış. Çünki Sovetlər birliyində İsaq kişinin doğum vərəqəsində rus meyilli qeydiyyatçı onu İsa kimi yazsa da, əsl adını Bilman öz təxəllüsündə bu gün də yaşadır. Bilmanın ailəsi 7 qardaş, 3 bacıdan ibarət olsa da kənd həyatında normal dolanışıqları olub. Onun uşaqlıq arzusu rəssam olmaq olub. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirib və sonradan iqtisadiyyat üzrə Ali təhsil alsa da Musiqiyə və mətbuata böyük marağı onu mətbuata gətirib.

1995-ci ildə  ilk olaraq Mətbuat Yayımı ilə işə başlayan Bilman İsaq bir çox qəzetlərdə, o cümlədən “Olaylar”,”7 gün” , “525-ci qəzet”, “Şərq”, “Kriminal”, “Naxçıvan”, “168 saat” və digər qəzetlərlə əməkdaşlıq edib və ya çalışıb.

2000 ci ildən ömrünü “Azad Azərbaycan” qəzetinə bağlayıb. Paralel olaraq 2005-ci ildən, 2015-ci ilə qədər həftəlik dərgisi olan “Milli Birlik” qəzetinin Baş redaktoru olub. Onu tanıyanlar onu “Milli Birlik”çi deyə müraciət ediblər, sosial şəbəkələrdə onun yaratdığı “Milli Birlik” bloku indi də fəaliyyətdədir. Hal hazırda həmdə GunAz.az saytının təsisçisi və Baş redaktorudur.

Onu da qeyd edim ki, Bilman İsaq Qarabağ müharibəsi veteranıdır. Ailələrində üç Qarabağ qazisi, bir Qarabağ müharibəsi əlili var. Qəhrəman ana olan Səriyyə xanım övladları ilə fəxr edir və bu gün də qürur duyur. Çoxuşaqlı övladları tez-tez ata yurdunu ziyarət edir, anasının başına yığışıb köhnə xatirələrə, uşaqlıq illərinə qayıdırlar. Onu da qeyd edim ki, Bilman İsaq dörd qız, bir oğul atasıdır. Son beşik övladı 18 yaşlı evin tək oğlu Abbasəli də hərbi xidmətə hazırlaşır.

Bilman İsaq üçün bu günlər ikiqat bayramdır. Qarabağ və ətraf rayonlarımızın işğaldan azad olunduğu ərəfədə 60 yaşı tamam olmuş qələm dostumuzun özünün dediyi kimi bu QƏLƏBƏ ən dəyərli hədiyyəsidir. Qələm dostumuzu təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

Rauf İlyasoğlu
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png