ONN İnformasiya Agentliyi

Afrin əməliyyatının nəticələri nə olacaq? – Analitik

Afrin əməliyyatının nəticələri nə olacaq? – Analitik
22 Yanvar 2018 - 7:52

Hazırda Afrində yaşananlar Türkiyənin bölgədəki mövqeyini gücləndirəcək. Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq.

ONN media xəbər verir ki, bu sözləri analitik Vüqar Zifəroğlu Türkiyə üçün Afrin əməliyyatının əhəmiyyətinə münasibət bildirərkən qeyd edib. O vurğulayıb ki, Afrin Türkiyənin terrorla mücadiləsində son dərəcə ciddi nöqtədir:

“Xüsusən son dönəmlərdə PKK/PYD qruplaşmaları bu ərazidən sızaraq, Türkiyənin sərhəd məntəqələrini təhdid etməkdədirlər. Afrin PKK-nın Suriya qolu PYD üçün bir lojistik və hərəkat mərkəzi rolunu oynamaqda idi. Digər tərəfdən bu bölgə Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə təmizlədiyi bölgəni də təhdid edir. Bildiyiniz kimi, "Fərat Qalxanı" yalnız Türkiyə sərhədində İŞİD təhlükəsini aradan qaldırmadı, həmçinin kürd qruplaşmalarının nəzarətində olan iki bölgə – Afrin və Kobani arasında tampon bölgə yaratdı. Bununla da kürd qruplaşmalarının Türkiyənin Suriya ilə sərhədi boyu uzanan bir koridorun qurmasının qarşısı alındı. Bu baxımdan Afrindən hazırda xüsusilə Azezə yönəlik hücumlar və Əl-Baba doğru bu bölgədən mütəmadi olaraq edilən təzyiqləri vurğulaya bilərik. Üçüncü vacib məqam, Suriyada qarşı duran güclərin balansı ilə bağlıdır. Afrinin yerləşdiyi nöqtənin “Fərat Qalxanı” ilə Türkiyənin nəzarət etdiyi bölgə və İdlib arasında birləşmə nöqtəsi olmasıdır. Şübhəsiz ki, əgər bu ərazi Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə keçsə, burada bir bütövlük təmin olunacaq. Bu isə Suriya ilə bağlı müzakirələrdə Türkiyənin mövqelərini gücləndirəcək”.

Analitik bildirib ki, Rusiya və İranın rəsmi Ankaranın mövqeyini anlayışla qarşılaması mühümdür:

“Hətta Rusiyanın öz hissələrini əməliyyatların getdiyi ərazilərdən uzaqlaşdırdığı ilə bağlı xəbərlər yayıldı. Burada diqqət çəkən ən önəmli məqam, Moskvanın bu addımı bölücülərin liderlərinin onlara yardım üçün müraciət etmələri fonunda atması oldu. Rusiya indiki məqamda Türkiyə ilə tərəfdaşlıqdan vaz keçmək niyyətində deyil və xarici faktorların təsiri ilə formalaşmış Ankara-Moskva-Tehran üçbucağının daha dayanıqlı, möhkəm olmasında maraqlıdır. Hətta Rusiya XİN-in başlanan əməliyyata görə ABŞ-ı qınaması və bununla da Türkiyəni haqlı hesab etməsini də olduqca önəmli diplomatik addım hesab etmək olar. Lakin birmənalı şəkildə vurğulamalıyıq ki, Amerika da sözügedən qruplaşmalara görə Türkiyə ilə üz-üzə gəlmək niyyətində deyil. Afrin əməliyyatlarının olduqca önəmli nəticələri olacaq. Bu ilk növbədə İŞİD-dən sonra bölgədəki boşluğu ABŞ-ın dəstəyi ilə doldurmağa çalışan bölücü kürd qruplaşmalarına öldürücü zərbələr vuracaq.

İkinci məqam, Türkiyə mövqelərini gücləndirməklə bölgənin gələcəyi ilə bağlı daha böyük söz sahibi olmaq imkanı əldə edəcək”.

Qeyd edək ki, Türkiyə Afrin istiqamətində terror koridorunun yarılması üçün əməliyyatlara başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png